xankendi1.jpg

Xankəndidə ümumi ictimai vəziyyət kəskin xarakter almaqdadır. Əhalini girov saxlayan separatçı-terrorçu rejimin daxilində artıq bölünmələr başlayıb.

araz.az Turkustan.az-a istinadən  xəbər verir ki, avqustun 21-i axşam saatlarından başlayaraq Xankəndidən idarə olunan saytlarda, həmçinin, Ermənistanın bir sıra “ciddi” hesab olunan media resurslarında Qarabağdakı rejim daxilində ixtilafların başladığı haqda xəbərlər yayılmaqdadır.

“Hərbi geyimli insanlar “artsax”ın parlamenitə soxulublar: Arutyunyan Ağdamdan keçən yol açmaq niyyətindədir?” başlıqlı bir xəbərdə bildirilir ki, “humanitar fəlakətlə paralel olaraq daxili siyasi vəziyyət də pisləşib. Səbəb keçmiş dövlət naziri Ruben Vardanyanın dediyi kimi, Arayik Arutyunyanın prezidentlikdən istefa vermək niyyəti olub. Bu gün isə məlum oldu ki, Arayik Arutyunyan istefa vermək fikrində deyil. Partiyasının istefa verəcəyi təqdirdə dövlətçiliyin təhlükə altına düşəcəyi ilə bağlı bəyanatı da buna sübutdur. Vəziyyət o qədər gərginləşib ki, hərbi geyimli insanlar artsaxın milli assambleyasına soxulublar. “Ədalət” fraksiyasının deputatı Metakse Akopyan insidentlə bağlı məlumatı təsdiqləyib. Məlum olub ki, “artsax” milislərinin komandiri Karen Matevosyan öz tərəfdaşları ilə birlikdə parlamentə soxularaq parlamentin yeni seçilmiş rəhbəri David İşxanyandan prezident Arayik Arutyunyanı təhqir etdiyinə görə hesab tələb edib. Sosial platformalarda narahatlıqlarını ifadə edən “artsax”ın fəal vətəndaşları ərəfəsində zəng vurmağa və təhdid etməyə başladılar. Karen Matevosyan bu gün Facebook-da birbaşa ünsiyyət zamanı hər kəsə xəbərdarlıq edib: təhdidlər dayanmayacaq”.

Xəbərdə deyilir ki, “onlar ölkədə iki çıxış yolu görürlər: ya Arayik Arutyunyan təcili istefaya getməlidir, ya da Ağdam vasitəsilə artsaxa ərzaq tədarükü başlayacaq. Anonim mənbə əlavə edib ki, Arutyunyanın istefa vermək fikri yoxdur, ona görə də indi Ağdam vasitəsilə artsaxa ərzaq məhsullarının idxalı məsələsi hakimiyyətin gündəmindədir. Hkumət komandası yaradılıb və o, yaxın günlərdə, sabah və ya o biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Böyük ehtimalla görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq”.

Bir az əvvəl isə “Mənim şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan öz Facebook səhifəsində Xankəndidəki qarşıdurmanı ifadə edən status yazıb:

“Karen Matevosyanla (milis rəisi) danışmaq, onun bəyanatlarının və addımlarının ağır siyasi nəticələrini izah etmək lazımdır. “artsax” milislərinin komandiri müraciətlə çıxış edərək, yaranmış çətin vəziyyətə, o cümlədən müharibənin nəticələrinə istinad edərək qeyd edir ki, buna görə hazırkı prezident Arayik Arutyunyan günahlandırılmamalıdır. O, mövzunu “keçmiş” müstəvisinə itələyir və “artsax”ı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduğunu bəyan edən Ermənistan Respublikasının hakimiyyəti haqqında heç nə demir. Üstəlik, milis komandiri təhdid edir ki, Arayik Arutyunyan ətrafında birləşmə olmazsa, o, səhra komandirləri ilə hökuməti və parlamenti buraxacaq və qərarlar qəbul edəcək yeni böhran orqanı formalaşdıracaq.

Onu da açıq şəkildə bildirmək istəyirəm ki, “artsax”da belə bir radikal vəziyyətin təxribatı Azərbaycanın “antiterror əməliyyatı” keçirməsinə əsas yaradacaq, çünki Əliyev də bu barədə bir neçə dəfə danışıb və bunun üçün əlverişli bəhanə axtarır. Səslənən bəyanat konstitusiya quruluşunun devrilməsindən gedir ki, bu da müvafiq mexanizmlərin işə salınmasını nəzərdə tutur. Üstünlük verilən variantlardan biri Matevosyanla oturub danışmaq, onun bəyanatlarının və addımlarının ağır siyasi nəticələrini izah etməkdir, əks halda hadisələr “artsax” üçün ildırım sürəti ilə şiddətli nəticələr verəcək”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.