Məlum olduğu kimi, Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə keçirilən xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclasında dollarla götürülən kreditlər üzrə qərar açıqlanıb.
Qərarda deyilir ki, Mülki Məcəllənin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.
“Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz”, – rəsmi məlumatda bildirilib.
Beləliklə, 2015-ci il devalvasiyalarından əvvəl dollarla kredit götürənlər ödənişi xarici valyutanın devalvasiyadan sonrakı məzənnəsi ilə etməlidirlər. Konstitusiya Məhkəməsinin bu qərarı ilə devalvasiyanın bütün ağırlığı rəsmən vətəndaşların üzərinə qoyulub.
Modern.az-a daxil olan məlumata görə, Konstitusiya Məhkəməsində məsələ ilə bağlı qərar çıxarılarkən yalnız bir hakim fərqli mövqe nümayiş etdirib.
Saytın əməkdaşı bunu dəqiqləşdirmək üçün öncə Konstitusiya Məhkəməsinin Aparatı əlaqə saxlayıb. Aparatdan isə bildirilib ki, səsvermə zamanı bütün hakimlər yekdilliklə qərarın lehinə səs veriblər.
Amma sayta digər mənbədən bildirilib ki, qərar çıxarılarkən fərqli mövqe nümayiş etdirən hakim İsa Nəcəfovdur.
Müxbirimiz İ.Nəcəfovla da əlaqə saxlayıb.
İ.Nəcəfov Modern.az-a özəl açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, ümumi nəticədə xüsusi rəy bildirib:
“Xüsusi rəydə bildirdim ki, mən məhkəmənin qərarı ilə razı deyiləm. Konstitusiyanın 16-cı və 149-cu maddəsinə əsasən, vətəndaşın devalvasiyadan sonra bankdan müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsini tələb etmək hüququ var. Bank bu müraciətə məhəl qoymadıqda, vətəndaş məhkəməyə müraciət edərək müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsini tələb edə bilər. Mülki Məcəlləinin 422-ci maddəsində nəzərdə tutulub ki, şəraitin əhəmiyyətli dəyişilməsi nəticəsində tərəflər bağlanmış müqavilənin şərtlərini dəyişdirə, yaxud ləğv edə bilərlər. Dolların məzənnəsinin təxminən 97 qəpik bahalaşması dollarla kredit götürmüş vətəndaş üçün ağır şərait yaradır. 112 min dollar kredit götürən vətəndaş faktiki olaraq 190 min manat əsas borc və illik 19 faiz olmaqla, 30 min manatdan yuxari bank faizi ödəməlidir. Bu, çıxılmaz bir vəziyyətdir”.
Hakim bildirib ki, onun xüsusi rəy bildirməsi ümumi nəticəyə təsir etməyib. Eyni zamanda, İ.Nəcəfov fərqli mövqe bildirdiyinə görə, ona hər hansı irad bildirilmədiyini vurğulayıb: “Bu, həm qanuna, həm də Konstitusiya Məhkəməsinin daxili nizamnaməsinə görə hər bir hakimin hüququdur”.
araz.az xəbər portalı.