Ermənistanın ombudsmanı vəzifəsində səlahiyyət müddəti başa çatdıqdan sonra “Tatoyan” fondu yaradaraq Azərbaycan əleyhinə fəaliyyətini daha aqressiv şəkildə davam etdirən David Tatoyan “Hraparak”ın bu günkü yayımında paylaşdığı məqaləsində Azərbaycanın əleyhinə növbəti həyasızlığını gizlədə bilməyib. O, yazır ki, guya 2020-ci ildəki 44 günlük müharibəyədək Qərbi Azərbaycan sözü işlədilməyib. Yalnız müharibədən sonra həmin ifadə işlədilir və əslən Ermənistandan olan azərbaycanlılar həmin adda təşkilat da yaradıblar. Xəritədə bütün bölgələrin öz qədim adları ilə verilməsi də sabiq ombudsmanı ciddi narahat edir. O, belə bir sərsəm fikir söyləyir ki, guya bu ad və qayıdış ideyası İkinci Qarabağ müharibəsindən sonra yaradılıb. Özünü Azərbaycandakı proseslərdən tam məlumatlı kimi sırımağa cəhd edən hüquqşünas alim yəqin bilməmiş olmaz ki, Qərbi Azərbaycan coğrafi termin olmaqla həm də haylara bağışlanmış və haylar üçün marionet dövlət yaradılmış türk torpaqlarıdır. Qərbi Azərbaycan İcması isə Ermənistandan qovulmuş soydaşlarımızın 1989-cu ilin dekabrında yaratdığı Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazası əsasında yaranıb və QAİ-nin sədri seçilən tanınmış tədqiqatçı alim, millət vəkili Əziz Ələkbərlinin “Qərbi Azərbaycan: 2-ci cild: Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları” adlı kitabı elə bu sətirlərin müəllifinin də stolüstü kitablarındandır və 44 günlük müharibədən 20 il əvvəl çap olunub. Buna qədərsə sözügedən kitabın 1-ci cildi və sözügedən tədqiqatçı alimin daha bir neçə kitabı Qərbi Azərbaycan həqiqətlərini əks etdirib.

Qərbi azərbaycanlıların öz etnik torpaqlarına qayıtmaq üçün ərizə ilə müraciət etməsi və Qərbi Azərbaycan İcmasının bununla bağlı beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına müvafiq sənədlər təqdim etməsi də erməniləri vahiməyə salıb. Sabiq ombudsman D.Tatoyanın məqaləsində bu da açıq-aşkar görünür. Onun nə deməsindən asılı olmayaraq zaman Azərbaycanın xeyrinə işləyir və soydaşlarımızın təkcə Qarabağa deyil, Qərbi Azərbaycana qayıdışı da gerçəkliyə çevriləcəkdir.

Nəsib Qaramanlı.

araz.az xəbər portalı.