rusvet 0852
Deputat: “Bu addım dövlət satınalmaları zamanı yaranan neqativ halların qarşısını alacaq”

AQC sədri: “Məmurlar öz ətrafında “çətir şirkətlər” yaradır və həmin şirkətləri qalib elan edirlər”

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.

araz.az ayna.az-a istinadən xəbər verir ki,  sənəddə, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir. Bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrıseçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz.

Qeyd edək ki, dövlət satınalmaları qeyri-şəffaflığın hökm sürdüyü və korrupsiyanın tüğyan etdiyi sahələrdən sayılır. Dövlət qurumları bir çox hallarda tenderlər və kotirovka sorğularını ya qeyri-rəsmi şəkildə özünə məxsus şirkətlərə, ya da “otkat” qarşılığında yaxın şirkətlərə ötürürlər. Dəfələrlə bununla bağlı müzakirələr gündəmə gəlsə də, bu sahədə olan problemlər aradan qalxmır.

Görəsən, “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi barədə fərman bu sahədə olan neqativ halların qarşısını alacaqmı? AYNA mövzuya dair ekspertlərin fikirlərini təqdim edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, yeni qanunun tətbiqi dövlət satınalmaları zamanı yaranan neqativ halların qarşısını alacaq: “Qanunda çox mühüm məqamlar yer alır. Birinci vacib məqam odur ki, dövlət tenderləri yalnız portal üzərindən həyata keçiriləcək. Qanuna görə, məbləğdən asılı olaraq müddətlər müəyyənləşdirilib. Açıq tenderlər üzrə ehtimal qiymət 1 milyon manata qədərdirsə, o zaman elanların verilməsi 15 iş günündən öncə həyata keçirilməlidir. 10 milyon manata qədər olan tenderlər üzrə 20, 10 milyon manatdan çox olan tenderlər üzrə isə 30 iş günündən öncə elanlar verilir. Müddətlərin müəyyən olunması səmərəli təkliflərin cəlb olunması, eləcə də şəfaflığın artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Deputat hesab edir ki, satınalmalar zamanı şəffaflığın gözlənilməsi büdcəyə qənaət baxımından da zəruridir: “Daha çox sahibkarlıq subyektinin prosesə cəlbi, keyfiyyətli və qənaətli xidmətlərin göstərilməsi, obyektiv yanaşmanın tətbiqi, eləcə də dövlət büdcəsindən əlavə yayınmaların qarşısının alınması baxımından qanundan gözləntilər böyükdür. Hesab edirəm ki, yeni qanunun tətbiqi dövlət satınalmaları, tenderlər və kotirovka soğruları zamanı ədalətin təmin olunması baxımından keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaqq. Bu günə qədər mövcud olan inzibati müdaxilələrin isə qarşısını alacaq”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc mövzuya dair bildirib ki, dövlət satınalmaları zamanı baş verən neqativ hallar ölkə iqtisadiyyatının inkişafının qarşısını alır: “Təsəvvür edin ki, bəzi məmurlar öz ətrafında “çətir şirkətlər” yaradırlar. Müxtəlif adlar altında fəaliyyət göstərən bu şirkətlər dövlət tenderləri və kotirovka sorğuları zamanı öz aralarında süni rəqabət təşkil edirlər. Bu şirkətlər eyni şəxslər tərəfindən idarə olunduğuna görə qiymətləri də özləri diqtə edirlər. Yəni, hansı şirkəti “qalib” elan etmək istəyirlərsə, həmin şirkətin adından ucuz qiymət təklifləri verirlər”.

“Daha doğrusu, qiymət siyasətini özləri tənzimləyirlər. Qalib olan həmin şirkətlər də ya dövlət satınalmasını həyata keçirən qurumun rəhbər şəxslərinə məxsus olur, ya da onlarla işbirliyi şəraitində fəaliyyət göstərirlər. Bu, açıq şəkildə dövlət büdcəsinin talanmasıdır. Eyni zamanda, keyfiyyətsiz xidmətlərin icra olunmasına şərait yaradır. Çünki qaranlıq fəaliyyət zamanı o qədər “ortaq” olur ki, layihəni icra etməyə yetərli vəsait qalmır”, – deyə AQC sədri vurğulayıb.

Onun sözlərinə görə, qiymətləndirmə sahəsində də belə şirkətlər mövcuddur: “Ramil Qasımzadə adlı qiymətləndirici “Uniprice” MMC, “Korall Consulting” MMC, “Azprice” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC adlı şirkətlər yaradaraq, əksər dövlət tenderləri və kotirovka sorğularının qalibi olur. Misal üçün, ona məxsus olan “Azprice” Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olmasa da, üzv olduğuna dair dövlət tenderinə saxta sənədlər təqdim edib. Biz onun qanunsuz fəaliyyəti ilə bağlı aiddiyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

“Digər sahələrdə də oxşar vəziyyətin hökm sürdüyünü söyləmək olar. Bunun da əsas səbəbi odur ki, məmurlar dövlət büdcəsini talamaq şakərindən qurtula bilmir və qanunsuz yollarla daha çox gəlir əldə etməyə çalışırlar. Baxmayaraq ki, Prezident İlham Əliyev bununla bağlı dəfələrlə xəbərdarlıq edib, onlar bundan lazımi nəticə çıxarmırlar. Yəqin ki, belə məmurları da həbsdə olan icra başçılarının taleyi gözləyir”, – deyə Oruc söyləyib.

Əlavə edib ki, ölkə rəhbərinin “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi barədə fərmanından gözləntiləri böyükdür: “Bu sahədə vəziyyət xaotikdir. Son illər ölkəboyu islahatlar həyata keçirilir ki, bu islahatlar korrupsiya hallarının tüğyan etdiyi dövlət satınalmalarından da yan ötməməlidir. Ümid edirik ki, fərman tətbiqindən sonra bu sahədə mövcud olan neqativ halların qarşısını almaq mümkün olacaq”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.