hafizDünənki hadisə bir daha göstərdi ki, Azərbaycanda bu günə qədər infrastrukturların hamısı kosmetik dəyişiklikdən başqa bir şey deyil”.
Muxalifet.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Bakının dünənki yağışda selə təslim olmasına münasibət bildirərkən deyib. H.Hacıyev bildirib ki, Bakıya ayırlan pullar havaya sovrulub:
“Dünən gördünüz ki, Hacıbalanın şəhəri on dəqiqəyə suyun altında qaldı.

Dəfələrlə biz demişik ki, Azərbaycan hakimiyyətinin daxilindəki məmurlar yalandan kosmetik nəsə edirlər və axırda da gəlib dövlətin başına qaxınc olur. Dünənki hadisə bir daha göstərdi ki, Azərbaycanda bu günə qədər infrastrukturların hamısı kosmetik dəyişiklikdən başqa bir şey deyil. Hacıbala Abutalıbov Bakıya ayrılan pulları yeyib, yalandan hər şeyin üstünü ört-basdır edib. Dünən yağış yağdı, bu gün-sabah qış fəsli gələcək, amma Bakının problemlərinin hamısı olduğu kimi qalıb. Bir sözlə, dövlət büdcəsindən ayrılan pulların hamısı havaya sovrulub. Niyə görə Bakı dünən bu vəziyyətə qalmalı idi, hara baxır Bakının rəhbərliyi? Bunlar Azərbaycan dövlətinin büdcəsini oğurlayıb yeməkləmi məşğuldurlar?! Bir kanalizasiya sisteminin normal vəziyyətdə olmamasına görə Bakıda həyat iflic oldu, insanların evinə su doldu, nəqliyyatın hərəkətində problemlər yarandı. Milyonlarla insanlar küçələrdə qalmışdılar. Bəs onların nalayiq sözlərini bu məmurlar eşitmədimi?!

Bunların hamısı ölkə başçısına minus gətirən adamlardı. Arı şirəyə yığılan kimi, bunlar da dövlətin büdcəsini talan edib dağıdırlar və xalq da hər şeyi birinci şəxsdə görür. Bu düzgün yanaşma deyil, dəfələrlə vurğulamışam. Nəyə görə dünən insanlar yığılıb Hacıbalanın dədəsini gedib qəbirdən çıxartmadılar?! Bu məsələlərə məsul şəxslər niyə maraqlanmırlar?! Bakının kanalizasiya sistemi bərbad vəziyyətdədir. Ölkə başçısı bununla bağlı bir neçə gün öncə fərman imzaladı. Biz bunlardan danışanda niyə bizi top atəşinə tuturlar, çünki bunlarda milli qürur, qeyrət yoxdur. Nə qədər ki, hakimiyyətdə, hökumətin üzvlərində milli qeyrət yoxdur, ölkənin problemi həll olunmayacaq. Ölkə başçısı çox ciddi işlər görür, vəsait ayırır, amma bunların heç biri səmərə vermir. Bakıya milyardlarla pullar ayrılıb. Amma dünən on dəqiqəlik yağışla Bakı suyun altında qaldı.

Bu gün bütün sahələr belə vəziyyətdədir. Hər şeyin qiyməti günü-gündən qalxır. Kartofun qiyməti bir manat əlli qəpikdir. Azərbaycanın bu qədər sərvəti var. Dünən görəsən xalqın nalayiq söyüşləri Hacıbalaya, rayon icra hakimiyyətlərinin başçılarına çatdımı? Çatmadı, çünki onların villaların hündürdə tikildiyindən onlara belə şeylər təsir etmir. Azərbaycan xalqını gətirib belə sınaq qarşısına qoymaq olarmı, olmaz. Bunların hamısı xalq arasında narazılıq yaradır. Necə olur “Azərenerji” sahəsində belə problem yaranır. Yağış yağır metroları su basır, işıq olmur deyirlər ki, hər şey yaxşıdır. Bu gün heç nə yaxşı deyil, hər şey bərbad vəziyyətdədir. Biz dövlətçiliyi qorumaqdan ötrü istəyirik ki, Azərbaycanda hər şey yaxşı olsun, amma biz bunun əksini görürük, hər şey pisliyə doğru gedir. Bunu da edən məmurlardır. Onlar da ölkə başçısının ətrafına yığılıblar və imkan vermirlər ki, ölkə başçısı xalqla birlikdə olsun. Məmurlar bunu qəsdən edirlər, ölkə başçısını nüfuzdan salmağa çalışırlar, xalqla prezident arasında sədd qoyublar, imkan vermirlər ki, xalqla prezidentin birliyi real şəkildə təmin olunsun. Ölkə başçısına düzgün məlumat vermirlər. Bu gün elə vəziyyət yaranıb ki, ölkə məmurları prezidentin əleyhinə işləyirlər. Onları adları ilə deyə bilərəm ki, kim harda nə iş görür, kim hansı müxalifət partiyasını canlandırır. Nə qədər ki, ölkə başçısının ətrafında bu iylənmiş məmurlar var, həmişə belə hadisələr olacaq, Bakını su basacaq. Rayonlarda isə vəziyyət Bakıdan daha da pisdir”.

araz.az xəbər portalı.