Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.
araz.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh Əbdül qızı və 1997-ci təvəllüdlü Quliyev Toğrul Əbdül oğlu xəstəxanada dünyasını dəyişib.
Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar.
Qeyd edək ki, hadisə ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində baş verib. İlkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
***
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusu cavablandırılıb: “Avqustun 22-də TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın səbəbi ilə çağırış daxil olub. III-IV dərəcəli termiki yanıq diaqnozu ilə (bədən səthinin 90 faizdən çox hissəsinin yanığı) 1998-ci il təvəllüdlü Quliyeva Fərəh İmanqulu qızı və 1997-ci təvəllüdlü Quliyev Toğrul İmanqulu oğlu Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunublar.
Göstərilən zəruri tibbi müdaxilələrə və həkimlərin səylərinə baxmayaraq, avqustun 23-də saat 02:20 radələrində Quliyev Toğrul İmanqulu oğlu, 07:15 radələrində isə Quliyeva Fərəh İmanqulu qızı dünyasını dəyişib”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.