Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub. Sənəddə, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.
Qeyd edək ki, bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrıseçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc “Dövlət satınalmaları haqqında” yeni qanunun qəbulu, qanundan gözləntilər və digər mövzular ətrafında suallarmızı cavablandırıb.
– Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Yeni qanundan gözləntiləriniz nədir?
– “Dövlət satınalmaları haqqında” yeni qanunda vacib dəyişikliklər öz əksini tapıb. Dövlət satınalmalarının yalnız portal üzərindən həyata keçirilməsi, məbləğdən asılı olaraq müvafiq müddətlərin müəyyən edilməsi və digər məqamlar bu sırada yer alır. Açıq tenderlər üzrə ehtimal qiymət 1 milyon manata qədər olarsa, bu zaman elanların verilməsi 15 iş günündən öncə həyata keçirilməlidir. 10 milyon manata qədər olan tenderlər üzrə 20, 10 milyon manatdan çox olan tenderlər üzrə isə 30 iş günündən öncə elanlar verilir. Məbləğlərə görə, müvafiq müddətlərin müəyyən olunması səmərəli təkliflərin cəlbi, eləcə də şəfaflığın təmin olunması baxımından zəruri əhəmiyyət kəsb edir. Bu, eyni zamanda dövlət büdcəsinə qənaət baxımından da vacibdir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxvektorlu islahatların icra mexanizmlərini formalaşdırmaq baxımından qanunvericilik bazasının təkmişlləşdirilməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması qaçılmazdır. Təsadüfi deyil ki, son illərdə bir çox sahələrdə qanunvericilik bazası yenilənib və “Dövlət satınalmaları haqqında” yeni qanunun qəbulu da bu qəbildəndir. Biznes subyektlərinin satınalma prosesinə cəlbi, keyfiyyətli xidmətlərin göstərilməsi, dövlət büdcəsindən yayınmaların qarşısının alınması baxımından qanundan gözləntilər böyükdür. Qanun mükəmməldir, əsas məsələ onun işlək olmasıdır. Əminliklə söyləmək olar ki, maraqlı dairələr və tərəflər qanunun imitasiyasına və sui-istifadə hallarına yol verməsə, dövlət satınalmaları zamanı şəffaflığı təmin etmək mümkün olacaq.
– Dövlət satınalmaları, tender və kotirovka soğruları barədə neqativ fikirlər səsləndirilir. İddialara görə, ən çox korrupsiyaya bulaşmış sahələrdən biri də dövlət satınalmalarıdır?
– Hansısa təşkilata “get filan binanı inşa elə” deyib, binanı təhvil götürəndə yüzlərlə suallar ortaya çıxır. Filan materialdan niyə istifadə olunmadı? Niyə bu məshulun qiyməti baha olub? Niyə tikinri uzun çəkdi? Niyə bu elandan xəbərimiz olmadı? Niyə məni yox, başqasını seçdin? və s. suallar təbiidir. Dövlət satınalması çətin və mürəkkəb bir prosesdir. Peşəkar qaydada hazırlanan satınalma prosedurları və sənədlərində bütün bu sualların cavabları olmalıdır. Beynəlxalq təcrübədə sui-istifadə və korrupsiya hallarının qarşısını almaq üçün müvafiq normativlərdən istifadə olunur. Azərbaycanda da belədir. Lakin etiraf etmək lazım deyil ki, mükəmməl səviyyədə deyildi. “Dövlət satınalmaları haqqında” qanunda bütün bu suallara aydınlıq gətirilir.
Elektron sistem, kənar müdaxilənin olmaması, müddət, məbləğ və s. təkimlləşmələr qarşımızda yeni mənzərə yaradır. Bir daha söyləmək istəyirəm ki, burada əsas diqqət satınalma prosesini təşkil edən məmurların vicdanlı yanaşmasını təmin etməyə yönəlməlidir. Burada inzibati cəza mexanizmləri, düzgün hazırlanan qaydalar, normativlər zəruridir. Təsəvvür edin ki, bəzi məmurlar öz ətrafında “çətir şirkətlər” yaradırlar. Müxtəlif adlar altında fəaliyyət göstərən bu şirkətlər dövlət satınalmaları zamanı aralarında süni rəqabət təşkil edirlər. Bu şirkətlər eyni şəxslər tərəfindən idarə olunduğuna görə qiymətləri də özləri diqtə edirlər. Yəni, hansı şirkəti “qalib” elan etmək istəyirlərsə, həmin şirkətin adından ucuz qiymət təklifləri verirlər. Yəni, qiymətləri də özləri tənzimləyirlər.
– AQC dövlət satınalmaları zamanı saxtakarlıq faktına görə, iki şirkəti sıralarından xaric edib və rəsmi qurumlara müraciət ünvanlayıb. Bu şikayətlə bağlı nə yeniliklər var?
– Ramil Qasımzadə adlı qiymətləndirici “Uniprice” MMC, “Korall Consulting” MMC, “Azprice” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC adlı şirkətlər yaradaraq, əksər dövlət tenderləri və kotirovka sorğularının qalibi olur. Misal üçün, ona məxsus olan “Azprice” Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olmasa da, üzvü olduğuna dair dövlət tenderinə saxta sənədlər təqdim edib. Biz onun qanunsuz fəaliyyəti ilə bağlı aiddiyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət etmişik. Amma o, bu gün də analoji fəaliyyətini davam etdirir. Müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən tender və kotirovka sorğularında iştirak edir. Hansı ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) bu satınalmaları təşkil edən müvafiq qurumları xəbərdar edib. Bu cür qanunsuz fəaliyət göstərən və cinayət tərkibli əməllər törətdiyinə əsaslı şübhələr yaranan şirkətlərin dövlət satınalmalarında iştirakına məhdudiyyət qoyulmalıdır. Süni rəqabət yolu ilə ucuz qiymətlərin verilməsi o demək deyil ki, keyfiyyətli və vicdanlı xidmət həyata keçiriləcək. Eləcə də özlərini qiymətləndirici kimi təqdim edən xeyli sayda şirkətlər və şəxslər var ki, onlar da analoji fəaliyyətlə məşğuldurlar. Elə qurumlar var ki, onlar daxilində qiymətləndirmə fəaliyyətini həyata keçirmək üçün kənarda ya şirkətlər yaradıb, ya da müəyyən maraqlar qarşılığında qiymətləndirmə fəaliyyətini özlərinə yaxın şirkətlərə ötürürlər. Bu şirkətlərin əksəriyyəti Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) üzvü deyil. Qiymətləndirməni qeyri-rəsmi şəkilkdə özünə məxsus və ya yaxın şirkətlərə ötürən bu cür qüvvələr təbii ki, qiymətləndirmə rəylərini də öz maraqlarına uyğun şəkildə tərtib edəcəklər. Bu da dövlət büdcəsinin talanmasına, qeyri-şəffaf qiymətləndirmə rəylərinin ortaya çıxmasına səbəb olacaq.
– “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi müzakirərə çıxarılıb. Qiymətləndiricilərin şəffaf və peşəkar fəaliyyət göstərməsi üçün hansı addımlar atılmalıdır? Təklfiləriniz nədir?
– “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi müzakirə mərhələsindədir. Yeni qanunda mütərəqqi məqamlar yer alır. Bunlardan da biri qiymətləndiricilərin özünütənzimləmə mexanizminin olması ilə bağlıdır. Misal üçün, Türkiyədə 152 şirkət var və onların hamısı bir qurumda birləşib. Həmin qurum dövlət qurumu olmasa da, orada dövlətin iştirakçı payı var. Həmin qurum hansısa şirkətin lisenziyasını ləğv edirsə, həmin şirkət artıq qiymətləndirmə sektorunda fəaliyyət göstərmir. Yəni, bu cür islahatların aparılması Azərbaycanda da vacibdir. Adını Palata qoyaq və yaxud da ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyətinə o statusu, o səlahiyyəti verək. Bu, artıq o qədər də önəmli deyil. Ancaq sektorda vəziyyəti normallaşdırmaq üçün bir qurum labüddür. Ekosistemin ayrılmaz tərkib hissəsi olan qiymətləndirmə sektorununn inkişafından danışırıqsa, peşəkar və şəffaf qiymətləndirmə rəylərinin ortaya çıxmasında maraqlıyıqsa, özünütənzimləmə mexanizminin yaradılmasına nail olmalıyıq. Milli qiymətləndirmə standartlarının hazırlanması, peşəkar qiymətləndiricilərin yetişdirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, əhalinin maarifləndirilməsi qarşıda duran əsas hədəflərdən biridir ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti bu istiqamətlərdə fəaliyyətini davam etdirir. Təvazökarlıqdan uzaq olda da, deməliyəm ki, kifayət qədər ciddi nəticələrə nail olub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.