kitab123.jpg

APA-nın yaxınlarda verdiyi məlumata görə Ali Attestasiya komissiyasının elmi katibi korrupsiya tərkibli fəaliyyəti ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində həbs olunmuş və o, Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiam olunub.

Xoşagələn hadisə olmasa da Azərbaycanda “rüşvətlə alimlik dərəcəsi alırlar” fikri ictimai  düşüncədə əvvəllərdə var idi, indidə var. Hər dəfə uzun-uzadı izah etmək lazım gəlir ki, ay dostum alimlik dərəcəsi kostyum deyil pulla alasan. Bunun üçün aspiranturaya girmək (Dövlət İmtahan Komissiyası yolu ilə imtahan verməklə), 4-5 il orada oxumaq, dissertasiyanı yazıb təqdim etmək, ilkin müzakirəsini keçirmək, bir neçə elmi məqalə çap etdirmək, elmi seminar keçirmək və nəhayət bütün texniki kargüzarlıqla birlikdə müdafiəni təşkil etmək lazımdır. Nə qədər başarıqlı da olsan həyatınun 6-10 ilini buna həsr etməlisən. Hansı mərhələsində pul verilir və nə üçün pul verilir? Məlum deyil.

Adı çəkilən “elmi katib” haqqında geniş ictimaiyyətin məlumarı səthidir və düzgün mənzərə yaratmaq üçün kifayət deyil. Elmi katib hansı mərhələdə proseslərə nüfuz edə bilər və son sözü deyəcək adama çevrilər?

Elmi katibin işi AAK əsasnaməsinin tələblərinə nəzarət etmək və kargüzarlıgı düzgün yerinə yetirməkdən ibarətdir. Elmi katib bu proseslərə mane olsa məsuliyyət daşıyır, güzəştlər edərsə müdafiə sənədləri geri qaytarılır. Deməli, bütün proses əsanaməyə uygun həyata keçirilməlidir. Əsasnamədə şərhi olmayan bir sıra müddəalar və məntiqsiz tələblər, metadologiyanın izah edilməməsi kimi nöqsanlar korrupsiya şəraiti yaradır. Lakin bunlar elmi katibin səlahiyyətində deyil.  O, bu prosesdə AAK-ın “makleri” funksiyasını yerinə yetirə bilər.

Müdafiə şuralarında elmi katib funksiyası yardımçı funksiyadır və elmi dərəcələrin verilməsi ilə heç bir əlaqəsi yoxdur. Hətta müdafiə şuralarının sədrləri adətən öz sahələrinin nüfuzlu alimləri olsalar belə AAK öz bildiyini edir və heç kimlə məsləhətləşmir.   AAK-ın fəaliyyətində heç bir əsası olmadan müdafiə şuralarından gələn prosedur məktublarına 9-12 ay müddətində cavab verməmək, əsasnamənin bir sıra maddələrini özləri bildiyi kimi tövsif etmək, fəaliyyətin şəffaflıgı qalsın bir tərəfə, tam məxfi fəaliyyət formasının tətbiqi korrupsiya əsasları yaradan amillərdir.

2017-ci ildən qüvvədə olan Azərbaycan Prezidentinin təsdiq etdiyi yeni əsasnamə Elmi dərəcələrin və elmi adların verilməsi ilə əlaqədar əsas  hüquqi sənəd sayılır. Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsini almaq qonşu ölkələrlə müqayisədə ən mürəkkəb və çox mərhələli bir prosesdir. Xüsusilə də 2017-ci ildən   sonra prosedurları sadələşdirmək adı ilə islahatlar aparıldı və nəticə əksinə oldu, işi daha da mürəkkəbləşdirdilər. Akademik fəaliyyətə maksimalist yanaşma bəzi AAK məmurları tərəfindən “dövlətçilik” və “vətənpərvərlik” nümunəsi kimi təqdim olunsa da, əslində korrupsiya mənbəyidir. Bu məmurlar da yaxşı bilir ki, elmi dərəcələrin verilməsi iki şəkildə baxılır: -vəzifəli şəxslərə elmi dərəcə və elmi adların verilməsi və elmi fəaliyyətinə görə elmi dərəcələrin və elmi adların verilməsi. Belə bir yanaşmanın yanlış oldugunu bilsələr də maraqların konflikti yoxdur.

Maraqların konflikti o zaman yaranır ki, 30-40 il akademik və pedoqojı fəaliyyətlə məşgul olmuş iddiaçının prosedur məktubuna 9 ay cavab verilmir. Bu zaman iddiaçılar nə baş verdiyini anlamır.  Tələb olunacaq, sual veriləcək qurum da yoxdur. AAK heç kimi qəbul etmir və arayış da vermir. Meydan qalır “Elmi katibə”.

Az-çox elmi fəaliyyətlə məşgul olanlar bilir ki, hazırlanmış dissertasiyanın elmi dəyəri ilkin müzakirədə müəyyənləşir və buna rəy verənlər sahə mütəxəssisləri olurlar. Bir filolojı tədqiqat işi nə qədər mükəmməl olsa da, bir fizik üçün gülməli görünə bilər. Kulturolojı tədqiqat, bir sosioloq üçün primitiv hesab edilə bilər. Ancaq əsas meyar sahə mütəxəssislərinin verdiyi rəydir və son illər ilkin müzakirələrdə tələb olunan üç müsbət rəy əvəzinə iddiaçılar 7-8 mütəxəssis rəyi toplayır. İlkin müzakirədə dissertasiyanın elmiliyi təsdiq olunur və müdafiəyə tövsiyə edilir. Bu mərhələdən sonar 4-6 il müdafiyə gözləmək korrupsiyaya meydan verən amildir və burada “dirijor çubugu” elmi katibdə deyil AAK-ın rəhbərliyindədir. Qəribə olan da məhs budur ki, bakalavr və ya maqistr təhsilini bitirmiş bir gəncə deyə bilərsiniz ki, “səndən imtahan götürməyə alimimiz yoxdur? Get, imtahan götürə biləcək adam tapsaq gələrsən və ya get, 4 ildən sonra gəlib imtahan verərsən”. Aspirantura və doktaranturaya gəncləri qəbul edib 4-5 il təhsil aldıqdan sonra müdafiəni təşkil edə bilməmək ciddi korrupsiya mənbəyidir və başqa heç bir izahı yoxdur.

2017-ci ilə qədər fəaliyyət göstərən AAK heyəti çox rasional bir təcrübə tətbiq edirdi. Vacib olan prosedurları bütünlüklə yerinə yetirəndən sonra, iddiaçı AAK Rəyasət Heyətinin cavabını gözlədiyi zaman AAK-ın texniki işçiləri iddiaçıya telefonla zəng edib dissertasiyada texniki qüsurlar oldugu səbəbindən onun geri qaytatılacagını elan edir və telefonda açıq-açıgına bazarlıq etməkdən də çəkinmirdilər. Bunu təbii ki, AAK məmurlarına sübut etmək olmurdu. “Səsün çıxmasın” deyə sənədlərin baxılmaq üçün Rəyasət Heyətinə verilir, bir ay əvəzinə bir il gözləməli olurdun.

2017-ci il islahatında vəziyyəti kökündən dəyişdirmək, Azərbaycanda akademik mühütün saglamlaşdırılması məqsədi ilə xeyli işlər görüldü. AAK-ın işçi heyəti təxminən iki dəfə artırıldı, prosesin şəffaflıgı ilə əlaqədar tapşırıqlar verildi, yeni əsasnamə hazırlandı, təzə tələblər irəli sürüldü və s. Nəticədə dessertasiya işlərinin baxılması bir qədər də uzadıldı, müdafiə şuraları yaradılmadı, elmi adların verilməsi qaldı rektorların insafına. Beynəlxalq normalar, akademik qiymətləndirmə və reytinqlər nə elmi müəssisələrdə, nə də AAK-ın əsasnaməsində yer almadı.

44-günlük muharibədə Azərbaycan prezidentinin beynəlxalq arenada agır siyasi debatlarda üç dildə müsahibələri və unikal siyasi təhlilləri beyməlxalq əlaqələr və politoloqlar üçün bir ilham mənbəyi oldu. İndi, qlobal informasiya məkanında, nüfuzlu beynəlxalq məclislərdə, mediada “canavar kimi” siyasi təhlilçilərimiz var. Onları dinləyəndə açıq-açıgına Prezident İlham Əliyev məktəbi oldugu görsənir. Ancaq beynəlxalq münasibətlər sahəsində müdafiə şurası yoxdur. İddiaçılar tarix şuralarında müdafiə etməli olurlar. Beynəlxalq münasibətlər ixtisası üzrə bir çox universitetlər kadr hazırladıgı halda nə üçün müvafiq indekslə müdafiə şurası olmasın? Belə hallar üçün AAK məmurlarının standart cavabları var: “elmi dərəcəli mütəxəssislərimiz yoxdur”. Burada soruşmaq lazımdır ki, siz elmi dərəcəni verməzsinizsə o haradan olacaq???

Elmi dərəcələrə və elmi adlara bu kimi yanaşma Azərbaycanın müasir statusuna heç uygun gəlmir. Qlobal dünyanın çagırışlarına, müasir elmi inteqrasiya proseslərinə bu üsulla cavab vermək olmaz. Etiraf edək ki, şəhər taksilərində sürücü səndən soruşanda “İndi alimlik dərəcəsi almaq üçün nə qədər vermək lazımdır” sualına cavab vermək çətindir, xüsusilə də əgər buna veriləcək cavabın yoxdursa.

Kazimi Pərviz.
Tarix üzrə fəlsəfə doktoru, dosent

 

araz.az xəbər portalı.