Bu gün Böyük Britaniyanın, Albaniyanın və Gürcüstanın media nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar.
Mətbuat Şurasından araz.az-a verilən məlumata görə, qurumun İdarə Heyətinin üzvü Elşad Eyvazlının rəhbərlik etdiyi Parlament Jurnalistləri İctimai Birliyinin dəvəti ilə ölkəmizə gəlmiş Böyük Britaniyanın “Daily Mail”, “Daily Star” və “Avrupa News Agency” platformalarında yer alan Alpaslan Duvenin, Albaniyanın “Infowebmedia” rəqəmsal platformasının nümayəndəsi Anisa Bahitinin və Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının təmsilçisi Avtandil Otinaşvilinin ölkəmizə səfərlərində məqsəd Qərbi Azərbaycan reallıqlarının beynəlxalq mediada işıqlandırılmasına dəstək göstərilməsidir.
Görüşdə E.Eyvazlı Mətbuat Şurasının yaranma tarixindən, Azərbaycanda medianın özünütənzimləməsi sahəsində gördüyü işlərdən bəhs edib. O bildirib ki, Şuranın başlıca missiyası media ilə bağlı şikayətlərin araşdırılmasıdır. E.Eyvazlı qonaqları bununla bağlı spesifik cəhətlər barədə məlumatlandırıb, mövcud istiqamətdəki statistikanı açıqlayıb.
Mətbuat Şurasının İdarə Heyətinin, eyni zamanda, qurumun Beynəlxalq əlaqələr komissiyasının üzvü Yeganə Hacıyeva Şuranın xarici media orqanları ilə təmaslarından söz açıb. O, mövcud istiqamətdəki ardıcıl fəaliyyətin ayrı-ayrı tərəfləri barədə məlumat verərək vurğulayıb ki, Şuranın başlıca məqsədi təcrübə və informasiya mübadiləsinə yönəlmiş etibarlı əməkdaşlıq platformasının qurulmasıdır.
Qonaqlar çıxışlarında Azərbaycana səfərlərinin, keçirdikləri görüşlərin onlarda təəssürat zənginliyi yaratdığını bildiriblər. Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmovun, onun müavini İlqar Tağıyevin də iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın mümkün variantlarına nəzər salınıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.