“Azərsu”nun rəhbəri Qorxmaz Hüseynov bunu hesablayırmı?
Ötən bazar yağan güclü yağışdan sonra Bakıda yaşanan xaotik vəziyyət, yolların asfalt örtüyünün çökməsi, metrostansiyalara, keçidlərə, mənzillərə çirkab sularının dolması paytaxt infrastrukturunun bərbad durumda olduğunu göstərdi. Bakının su altında qalmasının başlıca səbəblərindən birinin də kanalizasiya sisteminin yararsız halda olması göstərildi.
30 ildə yenilənməyən kanalizasiya…
30 ildən çoxdur ki, Bakıda kanalizasiya sisteminin əsaslı və yenidən qurulması istiqamətində heç bir iş aparılmayıb. Baxmayaraq ki, ölkə başçısı dövlət büdcəsindən bu sahənin əsaslı yenilənməsi və davamlılığı üçün mütəmadi olaraq milyonlarla vəsait ayırıb və ayırmaqdadır. Maraqlıdır ki, Bakının köhnə sistemlə qurulan kanalizasiyası həm məişət sularını, həm də yağış sularını qəbul edirdi. Görünən budur ki, bu sistem nəinki yağış sularını, heç məişət sularını belə doğru-dürüst qəbul edib ötürə bilmir. Belə anlaşılır ki, yollar çəkiləndə yağış sularını qəbul edən kanalizasiya sistemi qurulmaıyb. Loru dildə desək, suyun axmağa yeri yoxdur, asfalt örtüyü olduğu üçün torpağa da çökə bilmir. Nəticədə su yollara yığılır, həm asfalt yararsız hala düşür, həm də xaotik vəziyyət yaranır.
Büdcə vəsaitinin “silinməsinin” acı nəticəsi…
Xatırladaq ki, paytaxtda və bölgələrdə kanalizasiya sisteminin yenilənməsi ilə bağlı son illər kifayət qədər dövlət vəasiti ayrılıb. Bu ilin əvvəlində prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi üçün “Azərsu” ASC-yə 12 milyon manat vəsait ayırıb. Daha sonra prezident Bakıda ““Ağ şəhər” deyilən ərazidə su təchizatının, kanalizasiya və yağış suları sistemlərinin rekonstruksiya işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb və bunun üçün quruma 3 milyon manat vəsait ayrılıb. Bunun ardınca Tovuz şəhərində su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün 14 milyon manat ayırıb. Bir neçə ay əvvəl Ağdaş rayonunda su təchizatının və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması üçün sərəncam imzalayıb və “Azərsu” ASC-yə 22 milyon manat vəsait ayrılıb. Ölkə başçısı həmçinin kadrların hazırlanması üzrə tədris mərkəzinin yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlı da “Azərsu” ASC-yə 5 milyon manat vəsait verilib.
Təxminən 10 gün əvvəl prezident tərəfindən Bayıl-Bibiheybət-Lökbatan kollektorunun tikintisi üçün dövlət büdcəsindən “Azərsu” ASC-yə 3 milyon manat vəsaitin ayrılması üçün də sərəncam imzalanıb. Rəqəmlərdən görünür ki, ilin əvvəlindən bəri “Azərsu” ASC-yə 60 milyon manata yaxın vəsait ayırıb. Göründüyü kimi, məbləğ 9 ay üçün heç də az deyil. Təəssüfləndirici odur, Bakıda yaranan mənzərəni görəndən sonra bu quruma ayrılan 60 milyon manat vəsaitin taleyi də adamda şübhə doğurur və haqlı olaraq düşürsən ki, eyni vəziyyət bölglərdə də yaransaydı, vəziyyət necə olacaqdı?!
Məlumat üçün qeyd edək ki, ötən il “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) paytaxtda yağış sularının yığılma təhlükəsini aradan qaldırmaq üçün plana görə, kompleks tədbirlər həyata keçirdi. Hətta bu işlərin reallaşması üçün dövlət büdcəsindən quruma 14,7 milyon manat vəsait ayrıldı. Ondan əvvəlki il, yəni 2016-cı ildə Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün İşçi Qrupu yaradılmışdı.
İşçi qrupu paytaxt və Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına dair işlərə başlamalı idi. Ölkənin su və kanalizasiya sisteminin tikintisi üçün beynəlxalq maliyyə qurumlarından da az həcmdə vəsait cəlb edilməyib. Həmin işlərin də nəticəsi Bakıda ilk payız yağışında üzə çıxdı.
Məsuliyyətdən yayınan qurumlar
Təzad odur ki, Bakının su altında qalması məsələsində birbaşa aidiyyatı qurumların hər biri yaxasını rahatlıqla kənara çəkir. Bakı şəhər İcra Hakimiyyəti öz açıqlamasında “Azərsu” ASC-ni günahlandırır və onun ünvanına sərt ittihamlar səsləndirir. Etiraf edilir ki, mərkəzdə yağış sularının fəsadlarının daha çox olması həm də texniki səbəblərlə bağlı olub. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikililərin çoxalmasını, həmçinin “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsini axıda bilmədiyini əsas gətirib.
Sözügedən problemlə bağlı cavabdeh qurumlardan biri də “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyidir. Bu qurum da “Bütün yollara biz cavabdeh deyilik. Bakı şəhəri günü-gündən böyüyür, yeni binalar inşa edilir. Artıq elə ərazilər yaranıb ki, orda səth sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin olması mütləqdir” kimi açıqlamalar verərək məsuliyyət bölgüsündən yayınır. Məsul dövlət qurumları sırasına Fövqaladə Hallar Nazirliyi də daxildir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, paytaxtın su altında qalmasına səbəb yağıntının normadan artıq düşməsi olub. Ancaq fakt faktlığında qalır. Adıçəkilən dövlət qurumları Bakının ən ciddi problemi olan kanalizasiya sisteminin təkmilləşdirilməsi istiqamətində heç bir iş görməyib. Bunun da əziyyətini əhali, maliyyə yükünü isə dövlət çəkir. Qurumlar təkcə əhalinin əzabına seyrçi qalmır, yaranan problemlərdən dövlət büdcəsindən ayrılan milyonlar da bir an da su altında qalır.
“Azərsu”nun yarıtmaz fəaliyyəti…
Hələlik son olan (ancaq hələlik, təkrarlanmayacağına nə qurumlar, nə təbiət zəmanət verir-müəllif) hadisə ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yarıtmaz fəaliyyətini bir daha təsdiqləmiş oldu. Yarıtmaz fəaliyyətilə ad çıxarmış bu xidmət qurumundan az qala hər gün ictimaiyyətdən etiraz eşidilir, mətbuatda çoxsaylı şikayətlər dərc olunur. Göründüyü kimi, bu sahə hələlik dövlət vəsaitini “xərcləməklə” məşğuldur. Təbiətin özü qədər təbii və analoji hadisəsinin isə elə günü sabah və növbəti günlərdə də təkrarlanacağı istisna deyil. Nəticə necə olacaq? Belə davam edərsə, Bakı su gölməçələrində batacaq? Amma cəmiyyətdə qəti bir rəy formalaşır – baş verən hadisələr bir daha təkrarlanarsa və paytaxt yenə yağışın əsirinə çevrilərsə, “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun taleyi də “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevdən fərqlənməyəcək.
Alçina Amilqızı
araz.az xəbər portalı.