Kimsə razılaşmaya bilər, ancaq bizim fikrimizcə, Azərbaycan məmurunun sadə və səmimi, çalışqan və təmənnasız obrazının ən çox cəmləşdiyi fiqurlardan biri, bəlkə də ən birincisi hörmətli Cavid Qurbanovdur.
Bunu onun 60 illik yubileyilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan videoçarx bir daha sübut etmiş oldu.
Çarxdan göründüyü kimi, C.Qurbanovu onun rəhbərlik etdiyi “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər heyəti olduqca səmimi və mehriban formada təbrik edir. İnsanı az qala sevinc göz yaşlarına boğan görüntülərdə hörmətli məmur-deputatımız öz sadə və balaca kabinetinə girər-girməz, gözləmədiyi mənzərə ilə rastlaşır. Kabinetin tavanı helium şarları ilə bəzədilib və bunu elə zövqlə ediblər ki, təxminən bir həftə öncə məktəbə təzə qədəm qoyan “birincilərin” sinif otaqlarını xatırladır… Skripkaçılar lirik musiqi çalır, kranla-filanla profesional çəkiliş aparılır, stolun üstü və ümumilikdə kabinet çiçəklərlə, güllərlə elə bəzədilib ki, sanki dövlət qurumu rəhbərinin kabineti yox, hansısa şadlıq evinin foyesidir…
Və ən maraqlısı – uzun stolun üstündə, elə həmin stolun ətrafına yığışan təmiz, dürüst, məddahlıq və yaltaqlıqdan uzaq, sadə və zəhmətkeş məmurların çətinliklə “atışıb” aldıqları qatar formasında tort! Bəh, Bəh, Bəh!
Nə baş verdiyinin fərqində olmayan (!) Cavid müəllim isə kabinetə girər-girməz, ondan əvvəl ora… yəni kabinetə girən ağsaqqal məmurlardan biri deputatımızı necə özünə sarı dartıb öpürsə… İnsan da rəisini bu qədər sevərmiş, İlahi! Ümumiyyətlə, bu mənzərəni soyuqqanlılıqla müşahidə etmək mümkün deyil! Burada elə bir rahat, məddahlıqdan uzaq ortam var ki, Saakaşvilinin gənc nazirlərilə səmimi və işgüzar mühitdə keçən iclaslarını xatırladır…
Ən maraqlısı isə odur ki, hörmətli Cavid müəllimin bu “sürprizdən” xəbəri olmayıb, bunu kadrlardan da görmək olur (?!). İnanmırsınız? Xəbəri olsaydı, o boyda dövlət təşkilatını şadlıq sarayına çevirməyə icazə verərdimi, əlbəttə yox! Axı C.Qurbanov hələ yeni vəzifəsinə qədəm qoyduğu ilk günlərdə verdiyi müsahibədə əvvəlki rəhbərliyi qınayaraq, idarədən “bozbaş iyi gəldiyini” demişdi. Yəni ümumiyyətlə qida məhsullarının idarəyə daşınmasının əleyhinə olub bu adam, istər tort olsun, istər bozbaş! Amma görünür, kollektivin rəhbər heyətinin kövrək qəlbini qırmaq istəməyib…
Hətta bizdə olan qeyri-dəqiq məlumata görə, Cavid müəllim bu kadrların yayılmasının, “yutuba” qoyulmasının qəti əleyhinə olub… Təvazökar və sadə adam başqadır, vallah!
Bu kadrlara baxanda, nədənsə Cavid müəllimin də yaxşı tanıdığı və bəzilərinin dediyinə görə, hətta “tortunun bişirilməsində” yaxından iştirak etdiyi Ziya Məmmədov yada düşür. Çünki belə tortları axıra kimi və iştahla yeyə bilmək də hamıya nəsib olmur…
Ancaq insafən, hələ heç bir Azərbaycan məmuruna belə kreativ ad günü keçirməyiblər. Olsa-olsa Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun buna oxşar məclislərinin şahidi olmuşuq. Amma o da hərdən lap ağını çıxarır, məsələn çay barədə yazdığı kitabını təqdim edəndə, onu müqəddəs kitab kimi bir-bir məmurlarına öpdürmüşdü. Adamın üstündə Allah var, Cavid müəllimin belə şeylərdən xoşu gəlmir.
Nə isə, mətləbdən çox uzaqlaşmayaq. Burada kimlərsə C.Qurbanovu qınaya və deyə bilər ki, prezident hər zaman məmurları təvazökar olmağa çağırır, hətta özü də ad gününü cəbhə xəttində keçirərək, nümunə göstərir. Ancaq bu müqayisə qüsurludur, çünki C.Qurbanov dəmir yollarının rəisidir, qatarlar isə səngərlərə getmir…
Klipin sonunda “tortu yeməmiş, dağılışmaq yoxdur” deyir, Cavid müəllim. Çox simvolik müraciətdir bu – doğurdan da tipik Azərbaycan məmuru əlinə düşəni sona qədər yeməmiş, heç yerə getmək istəmir…
Və sonda, tort bişirtdirə bilməsək də, sadə bir insan kimi, biz də Cavid müəllimi 60 illik yubileyi münasibətilə təbrik edirik! (Azpolitika.info)
[bt_youtube url=”https://youtu.be/XhOOWL1eWcw” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az xəbər portalı.