Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan “istefa” verəcəyini bəyan edib. Arutyunyan 10 Noyabr Bəyanatının imzalanmasından sonra Moskva, Bakı və İrəvanın təzyiqləri qarşısında qalmışdı. Zamanla Azərbaycanın davamlı təzyiqləri və gördüyü hərbi tədbirlər nəticəsində Ermənistan Arutyunyanı taleyin ümidinə buraxdı, Rusiya isə onun yerinə alternativ olaraq Ruben Vardanyanı hazırladı, lakin Azərbaycan bu kartları da əlindəki “kozır”larla vurdu.
Laçında sərhəd-buraxılış məntəqəsi quraşdırıldıqdan sonra isə Arutyunyanın Ermənistana gediş-gəlişi mümkünsüz oldu, çünki o, Azərbaycanın sərhəd postundan keçsə, dərhal tutulacaq.
Beləcə, çarəsiz qalan Arutyunyanın “istefa”ya getməsi gözlənilən idi, çünki artıq o, heç kimə lazım deyil.
Arutyunyanın missiyası bitdi, indi onu daha məşəqqətli həyat gözləyir:
– Laçından keçməyə cəhd göstərsə, həbs olunacaq,
– Qarabağda qalsa, Azərbaycanın antiterror əməliyyatlarının hədəfinə çevrilə bilər,
– Təslim olsa, Azərbaycan həbsxanalarında çürüyəcək.
Rəsmi Bakı düzgün gedişlərlə təbii şəraiti elə yetişdirdi ki, Arutyunyan özü “istefa”ya məcbur qaldı. Separatçıların rəhbərinin, onsuz da, fəaliyyət funksiyası yox idi, formal idi.
Ancaq yenə nəyəsə bel bağlayırdı, ümidləri boşa çıxdıqca isə bəlkə, Azərbaycanın təhlükəsizliyi altında nəyisə qəbul etməyə də hazır idi. Amma proseslərdə Arutyunyan çox çək-çevir etdiyindən düşdüyü durum onu “istefa”ya məcbur etdi.
Beləliklə, Arutyunyanın son addımı göstərir ki:
1. Azərbaycan separatçılıq toxumlarını kökündən qazımaq üçün atdığı mühüm addımlarla həlledici nəticə əldə edib;
2. Azərbaycan dövlət olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə suverenliyini bərpa etməyə xeyli yaxınlaşır;
3. Arutyunyan məsuliyyəti indidən üzərindən atmaq üçün qabaqdangəlmişlk edərək “istefa”ya gedir;
4. Regionda sülhməramlıların mandatı onların vaxtının bitməsinə qədər (beşillik) sıfırlanmağa doğru istiqamətlənir;
5. Azərbaycanın regiondakı infrastruktur layihələri, Qarabağ və Şərqi Zəngəzurdakı hərbi-təhlükəsizlik tədbirləri, formalaşdırdığı iqtisadi hab erməni separatçılar üzərində dərin psixoloji izlər buraxır.
Deməli, Azərbaycan daha dərinlərə nüfuz edərək ali məqsədlərini reallaşdırır, lakin Arutyunyanın “istefa”sından sonra regionda kənar oyunçuların müdaxiləsi ilə təhlükələr də qala bilər.
Hər halda, Azərbaycan 10 Noyabr Bəyanatının imzalanmasından sonra Rusiya sülhməramlılarının müvəqqəti xidmət zonasına tədrici şəkildə daxil olub. Bəyanatın imzalandığı vaxt ilə indini müqayisə edəndə fərq Azərbaycanın xeyrinə diqqətəlayiq şəkildə nəzərə çarpır.
Bundan sonra nə olacaq? Təbii ki, Azərbaycan heç bir halda məqsədlərindən geri çəkilən deyil, onu nə humanitar böhran şousu, nə də beynəlxalq təzyiqlər dayandıracaq. Azərbaycan haqlı hərəkətləri etdikdən sonra beynəlxalq ictimaiyyəti həmin nəticələrlə barışmağa çağırır.
Qarabağda antiterror əməliyyatları əsla arxa planda deyil, əksinə, bunun paralelində Azərbaycan resurslarını sərf edərək ermənilər üzərində suveren hüququnu qurmaq potensiallarını inkişaf etdirəcək.
Beləliklə, Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında növbəti təmaslar gözlənilir, Bakı onların reinteqrasiyası üçün düsturlarını Arutyunyanın qondarma vəzifəsindən getməsi ilə daha da gücləndirəcək.
Aqşin KƏRİMOV.
araz.az xəbər portalı.