“Azərbaycanda Daşınmaz Əmlakın Dövlət Reyestri qapalıdır. Bunun özü biabırçılıqdır”.
araz.az xəbər verir ki, bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizminin şərtlərindən danışarkən bildirib.
Ekspert rayonlarda girov qoyub, kredit götürməyin çox ciddi məsələ olduğunu vurğulayıb:
“Banklar girovu niyə istəyir? Çünki krediti sabah sahibkar qaytara bilməsə, bank pulunu girova yönəltsin və onu çıxara bilsin. Bu başa düşüləndir, bank öz pulunu vermir, müştərilərin puludur, riskdir və üstəlik problemli kreditlər də çoxdur. Rayonlarda kreditlərin qaytarılmaması ehtimalı daha çoxdur. Buna görə də banklar girov istəyir. Girov məsələsi Bakıda olduğu kimi rayonlarda da problemdir. Ümumiyyətlə, bu daşınmaz əmlakın qeydiyyat məsələsidir. Azərbaycanda torpaq sahələri, tikililər, mənzillər, evlər, binalar və s. bunların xeyli hissəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı yoxdur. Bu üzdən həmin əmlaklar girov qoyula bilmir”.
Əkrəm Həsənov bunları qanunsuz tikili hesab edir:
“Amma xeyli ticarət müəssisələri – mehmanxanalar, kafe və restoranlar, binalar var ki, onların ərazisinin qeydiyyatı yoxdur. Qeydiyyat olmadığı üçün həmin əmlak faktiki olaraq maliyələşmə əməliyyatlarında təminat üsulu kimi iştirak edə bilmir. Azərbaycan xalqı öz torpağına, ərazisinə sahib deyil. Çünki o Daşınmaz Əmlakın Dövlət Reyestrini açıq görmür. Bütün aparıcı ölkələrdə, hətta bəzən qeyri-hüququ, qeyri-demokratik saydığımız ölkələrdə belə reyestri açıqdır. Kim istəyir internetlə girib baxır, hansı sahə, hansı ev, hansı restoran kimindir. Britaniya kimi aparıcı ölkələrdə hətta evin daxili sxemi də göstərilir. Hamısı görünür, şəffafdır. Hər şeyin qeydiyyatı olmalıdr. İstənilən binanın yanından keçəndə ona girib baxa bilməliyik ki, ora kimindir. Bəlkə orada bir qanunsuzluq edirlər. Hətta çox mənzilli binalarda qonşu-qonşunun üstünə su tökəndə belə bilmir ki, məhkəməyə kimi versin. Müəyyən edə bilmir ki, qonşusu kimdir”.
Ekspert əlavə olaraq bildirib ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinə rəhbərlik edən şəxsin dəyişdirilməsindən 5 ildən çox vaxt keçsə də, orada heç nə dəyişməyib:
“Qapalı saxlayıblar, qanunsuz tikililəri qeydiyyata almırlar. Burada əsas səbəb korrupsiya mənbəyidir. Niyə buna etmirlər? Qeydiyyatsız əmlakın mülkiyyətçisinə təsir etmək, ondan rüşvət almaq olur və s. Daşınmaz Əmlakın Dövlət Reyestri açıq olsa da, cəmiyyət dəhşətə gələr. Ətrafdakı müəssisələrin, iaşə obyektlərinin qeydiyyatı yoxdur, sənətsizdir. Bunu qəsdən etmirlər, istəmirlər ki, kimsə Azərbaycanda varlı adamların kim olduğunu bilsinlər”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.