Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanı, eləcə də Nazirlər Kabinetinin 2018-ci il 26 iyul tarixli 559s nömrəli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə Tədbirlər Planı müzakirə edilib. Şuranın sədri Umud Mirzəyev, Şura üzvləri Əliməmməd Nuriyev, Davud Rəhimli tədbirlər planında mövcud qanunvericiliyə uyğunlaşdırılması nəzərdə tutulan normativ–hüquqi aktların layihələrinin hazırlanmasında vətəndaş cəmiyyətinin, və ictimaiyyətin iştirakının əhəmiyyətinə toxunub.
Davud Rəhimli Respublika Əlillərinin Bərpa Mərkəzində (RƏBM) aparılan ictimai monitorinqin nəticələrinə dair məlumat verib. O, monitorinq zamanı RƏBM-in əlilliyi olan şəxslərin qəbul imkanları, əlçatanlıq, yerlərin sayı, qalma vəziyyəti, bərpa-müalicə qaydaları, prosedurlar, avadanlıq və reabilitasiya vasitələri ilə təminat, qidalanma və məmnunluq dərəcəsi hallarının nəzərdən keçirildiyini vurğulayıb, müsbət hallarla yanaşı, müxtəlif sahələr üzrə çatışmazlıqların olduğunu da bildirib.
Şura üzvləri Mehdi Mehdiyev, Mirhəsən Həsənov Protez-Ortopedik Bərpa Mərkəzində və Respublika Əlillərinin Bərpa Mərkəzində əlillərin növbəlilik əsasında qəbulu, onların protez və ortopedik ayaqqabılarla təmin edilməsi istiqamətində çatışmazlıqların olduğunu qeyd ediblər. Şura üzvü Mehriban Zeynalova əlillərin sığınacaqlarda yerləşdirilməsi sahəsində problemlərin hələ də davam etdiyini bildirib.
ƏƏSMN yanında İctimai Şura üzvləri əlillərin hüquqlarının qorunması istiqamətində hazırlanan sosial-hüquqi layihələrin ictimai eksperizasının təşkili, layihələrin hazırlanmasına vətəndaş cəmiyyəti nümayəndələrinin, mütəxəssislərin cəlb edilməsi, əhalinin maarifləndirilməsi və əlilliyi olan şəxslərin hüquqları sahəsində müvafiq işlərin həyata keçirilməsinin vacibliyini bildiriblər.
İclasda İctimai Şuranın işçi qruplarının nazirliyin müvafiq idarələrinin əlaqələndiriciləri ilə qarşılıqlı faydalı görüşlərinin keçirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi, nazirliyin müvafiq qurumlarında görülən xidmətlərin monitorinqi, ictimai dinləmələrin keçirilməsi və meydana çıxan çatışmazlıqların həlli istiqamətində tədbirlərin görülməsi qərara alınıb.
Araz.az
araz.az xəbər portalı.