Ebil Hesen0012
Əbil HƏSƏN

        Demək olar ki, hər il eyni qaydada olurdu. Sağlığında  qayğı və diqqət görməyən, xəstəliklərdən əziyyət çəkən məşhur futbolçumuz Anatoli Banişevskinin anım günündə AFFA İcraiyyə Komitəsinin üzvləri, veteran futbolçularla birlikdə  onun qəbrini ziyarət edər, şablon nitqlər söyləyər və bununla da işlərini bitmiş hesab edərək, dağılışardılar. 
        Belə tədbirlərin birində iştirak etmək üçün, həmin dövrün digər bir məşhur futbolçusu Ələkbər Məmmədov da, AFFA-nın qərargahına gəlmişdi. Qapıda dayanan mühafizəçilər onu tanımadıqlarından, içəri buraxmaq istəmirdilər. Ələkbər müəllim nə qədər izah etməyə çalışsa da ki, keçmiş futbolçudur, xeyri olmurdu ki, olmurdu. Onun: “Milanın qapısına dörd qol vurmuşam!“ — deməsi də, vəziyyəti dəyişmirdi ki, dəyişmirdi.
           Elə, bu anlarda, ömürləri boyu televizor ekranlarında olsa da, onca dəqiqə belə futbol reportajına baxmayan, futboldan anlayışları olmayan, amma AFFA İcraiyyə Komitəsində çalışan və tədbirdə iştirak etmək üçün içəri daxil olan Əhmədlə Səməd (adlar şərtidir — müəllif.) də, bu xoşagəlməzliyin şahidi olurlar. 
           Əhməd mühafizəçilərin Ələkbər Məmmədovu incitdiyini görüb: “Ə, ağsaqqalı niyə incidirsən?!” — deyə, onların üstünə hirslənir. Ələkbər Məmmədov üzünü Əhmədə tutaraq, acizanə halda dillənir:
            — Mən ötən illərin məşhur futbolçusuyam. İtaliyanın “Milan” komandasının qapısından bir oyunda dörd qol kecirmişəm. AFFA İcrayyə Komitəsinin üzvüyəm. Bunlarsa məni içəri buraxmırlar…
            Əhməd mühafizəçinin üstünə qışqırır:
             — Ə, bəs, niyə ağsaqqalı içəri buraxmırsan?! 
            Mühafizəçilər cavabında onu tanımadıqlarını bildirir.
             — Ə, sən tanımırsan, mən tanıyıram ki! Burax, kecsin içəri”.
            Mühafizəçi çarəsizlikdən Əhmədin əmrinə tabe olaraq, Ələkbər Məmmədovu içəri buraxır. Ələkbər müəllim Əhmədə minnətdarlığını bildirərək, pilləkənlərlə yuxarı qalxır. Bu vaxt Səməd Əhməddən soruşur:
            — Qardaş, sən o kişini tanıyırdın? 
            — Hansı kişini? 
            — O ağsaqqalı deyirəm də, içəri buraxdırdığını?         
            –Niyə tanımıram. Ötən illərin məşhur futbolçusunu, İtaliyanin “Milan” komandasının qapısından dörd qol vuranı kim tanımır ki?! Bəs, eşitmədin?
            — Eşitdim.  
            — Onda niyə soruşursan?
             — O ağsaqqalın adı nədi?
             Əhməd bir anlıq susduqdan sonra, onun bu sualına özündənrazı tərzdə cavab verir:
             — Ə, Banişevskidi də. Onu kim tanımır ki?! Sən tanımırsan?!.
 
              … Ələkbər Məmmədovu tanımadıqları bir yana, sən demə, anım tədbirinə gəldikləri Anatoli Banişevskinin həyatda olmadığı AFFA məhsullarına hələ də çatmayıb!  

araz.az xəbər portalı.