Qərbi Azərbaycan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Min illər boyu həmin ərazilərdə soydaşlarımız yaşayıblar. Heç şübhəsiz ki, min illər ərzində orada Azərbaycan xalqına məxsus çox zəngin tarixi-mədəni irs yaradılıb. Amma 200 il bundan əvvəl başlayaraq mərhələlərlə oraya köçürülən ermənilər həmin mədəni irs nümunələrinin bir hissəsini məhv edib, bir hissəsini isə erməniləşdirərək özününküləşdirməyə çalışıblar, dünya ictimaiyyətinə erməni tarixi-mədəni irsinin nümunələri kimi təqdim ediblər. Buraya xalça, mətbəx, musiqi və sair mədəniyyət nümunələri daxildir.

araz.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli “Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı bu tədbirdə AZƏRTAC-a müsahibəsində söyləyib.

“Qərbi Azərbaycan icması olaraq əsas məqsədimiz tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irs nümunələrinə sahib çıxmaq, bunu dünya ictimaiyyətinə çatdırmaqdır. “Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı bu tədbir də həmin silsilədən atılan addımlardan biridir. Şübhəsiz ki, biz bu cür sərgilərin davamlı olmasını nəzərdə tuturuq. Sentyabrın sonuna qədər ölkədə bir neçə belə sərgi keçiriləcək. Qərbi Azərbaycan icması olaraq belə sərgiləri xarici ölkələrdə də təşkil etməyi nəzərdə tutmuşuq. Qarşımızda Ermənistan kimi hər cür yalana, üsula əl atan düşmən dayanır. Biz onların qarşısına ancaq faktlarla, sənədlərlə, sübutlarla, mənbələrlə çıxmalıyıq ki, ermənilərin yüz illər ərzində dünya ictimaiyyətinin beyninə yeritdiyi yalanları, saxtakarlıqları qazıb çıxaraq və Qərbi Azərbaycan həqiqətlərini qəbul etdirə bilək”, – deyə İcma sədri vurğulayıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.