“Rusiya siyasətçiləri Azərbaycanı tərifləməkdə gecikiblər…”
“Putin İlham Əliyevdən konkret nə istəyəcək?..” – Ayaz Mütəllibov cavab verir…
Xəbər verildiyi kimi, bu gün Rusiya prezidenti V.Putinin Azərbaycana səfəri gözlənilir. Görəsən, şimal qonşumuzun növbəti səfərindən Azərbaycan üçün, ayrıca Qarabağın işğaldan azad edilməsi üçün hansısa müsbət nəticə gözləmək olarmı?
Moderator.az -a mövzu ilə bağlı açıqlama verən Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov bu haqda konkret olaraq nəsə söyləməyin çətin olduğunu bildirdi.
“Buna cavab vermək bir az müşkül məsələdir. Çünki ümumiyyətlə, dünyada vəziyyət ürəkaçan deyil. Rusiyanın vəziyyəti də mürəkkəbdir. Və bu ümumi gərginlikdən Azərbaycanın payına nələr düşdüyünü söyləmək də çətindir. Bütün bunlara rəğmən, son zamanlar Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişaf etməsi gözümüzün qarşısında baş verir. Rusiya siyasi xadimləri özləri də son çıxışlarında etiraf edir ki, bu ölkə özünün Cənubi Qafqaz siyasətində Azərbaycanla etibarlı münasibətlərə arxalanır. Ancaq zənnimcə, Rusiya siyasətçilərinin Azərbaycan haqqında tərifi gecikib. Çünki son müstəqillik dönəmində Azərbaycan daim Rusiyaya hörmətlə yanaşıb və ümid bəsləyib ki, hamımız üçün ağrılı olan Qarabağ məsələsi bu nüfuzlu şimal qonşumuzun iştirakıyla ədalətli həllini tapacaq və regionda sülh və əmin-amanlıq bərpa olunacaq. Amma o da məlumdur ki, bölgədə sabitliyi pozan Azərbaycan deyil. Biz öz vətəndaşlarımıza təcavüzə qarşı bu cür qətiyyətsizlik göstərilməsinin, kimin haqlı, kimin haqsız olmasının cavabı ortalıqda olduğu halda Rusiya və bütövlükdə dünya birliyinin məsələnin ədalətli həlli üçün qeyri-müəyyən mövqe tutmasının səbəblərini səbrlə izah edirik…
Bununla belə, düşünürəm ki, Putinin Azərbaycana növbəti səfərinin vacibliyini qəbul etmək gərəkdir. Əlbəttə ki, bizi əsas narahat edən Qarabağ probleminin ədalətli həlli istiqamətində görüləcək işlərdir. Bu mənada növbəti görüşdən nə gözləmək olduğunu söyləmək çətindir. Amma bütün hallarda dünyanın aparıcı dövlətlərindən olan qonşu dövlət liderinin səfəri digər siyasi liderlər və xüsusilə, Qarabağ probleminin tənzimlənməsinə cəlb edilmiş ölkələrin rəhbərləri üçün ekstraordinar bir hadisədir…”
“Sizcə, Rusiya lideri konkret olaraq Azərbaycan rəhbərliyindən nə istəyəcək?” sualına cavabında keçmiş dövlət başçısı bunları söylədi:
“Belə suallarla rastlaşanda mən həmişə deyirəm ki, Rusiya özünü təmin edə bilən bir dövlətdir və Azərbaycandan nə istəmək məsələsi maddi mənada elə bir anlam kəsb etmir. Çünki Rusiyanın hər şeyi var, eləcə də Azərbaycanın… Ona görə də yalnız o haqda düşünmək lazımdır ki, regional münasibətlərin sabitləşməsinin ən əsas elementi Qarabağ məsələsidir… Və bu məsələnin ədalətli həlli qonşu ölkələrlə və xüsusən Rusiya ilə əlaqələrin inkişafına müsbət impuls və böyük bir təkan verə bilər…
Eks-prezident onu da qeyd edib ki, Rusiya və Azərbaycan liderlərinin görüşündə ölkəmizin Avrasiya Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsi də müzakirə oluna bilər.
A.Mütəllibov eyni zamanda Azərbaycanın KTMT-yə üzvlüyünün məsləhət olmaması haqda bir müddət öncə səsləndirdiyi fikrin üzərində dayandığını da vurğulayıb. “Çünki biz konkret və aydın şəkildə bilməliyik ki, KTMT-yə hansı şərtlər altında daxil oluruq. Yadınızdadırsa, hələ mərhum Heydər Əliyevin liderliyi dövründə Azərbaycan bir müddət KTMT-nin üzvü oldu, lakin sonra müəyyən məsələlərə görə dövlət başçısı həmin qurumda iştirakımızı məsləhət görmədi…”-deyə sabiq prezident izah edib.
araz.az xəbər portalı.