Ermənistan Baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı səsləndirdiyi fikirlər qəbuledilməzdir, Moskva bununla bağlı hədsiz narazılığını bildirib.
araz.az xəbər verir ki, bu barədə TASS Moskvadakı diplomatik mənbələrə istinadla yazır.
“Moskva Ermənistan rəhbərliyinin son vaxtlar verdiyi bəyanatlardan, o cümlədən Baş naziri Nikol Paşinyanın İtaliyanın “La Republica” qəzetinə müsahibəsindən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi və terminlər baxımından qəbuledilməz hesab edilən şərhlərindən son dərəcə narazıdır”, – mənbə agentliyə deyib.
Mənbə bəyanatların tonu və məzmununun da qəbuledilməz olduğunu bildirib.
TASS-ın mənbəsi əlavə edib ki, bu məqsədə çatmaq üçün İrəvandan istifadə edərək Rusiyanı süni şəkildə Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa cəhd edilir.
“Rusiya Federasiyası Ermənistanla təhlükəsizlik və iqtisadi sahədə münasibətlərə asılılıq kimi deyil, bərabərhüquqlu və səmərəli tərəfdaşlıq kimi baxır. Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək niyyətində deyil”, – diplomatik mənbə vurğulayıb.
Ermənistan baş naziri bundan əvvəl Rusiyanın Cənubi Qafqazı tərk etdiyini deyib. Onun sözlərinə görə, bir gün yuxudan ayılıb Rusiyanı bölgədə görməyə bilərik. /teleqraf.com/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.