Sentyabrın 6-dan etibarən hava dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən araz.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 7-si axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə sentyabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.