Əli Orucov: “Bu rəqəm gələn il keçiriləcək növbədənkənar parlament seçkisini saxtalaşdırmaq üçün alt baza rolunu oynayacaq”
Məlum olduğu kimi, İrəvan Ağsaqqallar Şurasına növbədənkənar seçkilər başa çatıb. Prosesdə 12 siyasi qüvvəni təmsil edən 4 blok və 8 partiya iştirak edib. İrəvanda seçicilərin ümumi sayı 848 min 343 nəfərdir. Onların 43,65 faizi, yaxud 370 min 365 nəfəri səsverməyə qatılıb.
İrəvan Ağsaqqallar Şurası şəhər merini seçir. Seçkidə ən çox səs toplayan siyasi qüvvə şəhər rəhbəri vəzifəsinə namizədini irəli sürür və şuranın toplantısında mer seçilir.
Bu siyasi kampaniyada baş nazir Nikol Paşinyanın “Mənim addımım” bloku qalib gəlib. Səsvermənin nəticəsinə əsasən, ən çox səs toplayan Hayk Marutyan İrəvanın meri olacaq. Seçkilərin rəsmi nəticələri sentyabrın 30-da elan ediləcək. İrəvan Ağsaqqallar Şurasının ilk iclası nəticələr elan edildikdən 10 gün sonra keçiriləcək. Bununla da yeni mer öz vəzifəsinin icrasına oktyabrın 10-da başlayacaq.
Ancaq, göründüyü kimi, səsvermədə aktivlik çox aşağı səviyyədə olub. Yəni səsvermə hüququ olanların 43 faizi seçkidə iştirak edib. Səsvermə zamanı bir sıra pozuntular qeydə alındığından, bülletenlərin bəzisi etibarsız sayılıb. Bütün hallarda, seçkilərdə iştirakın az olması, seçki fəallığının olmaması artıq Ermənistanda insanların səsverməyə, hökumətə inamsızlığından irəli gəlir. Burada bir məsələni də nəzərə almaq lazımdır ki, Ermənistanda bu gün həm siyasi, həm də iqtisadi vəziyyət çox acınacaqlıdır. Bu ölkənin əhalisində bütövlükdə seçkilərə inam çox azdır. Bu gün erməni əhalisi seçkilərdən daha çox Ermənistanı daha tez tərk etmək və yaxud gündəlik evinə çörək aparmaq haqqında düşünür. Ermənistanda ən böyük əhalisi olan şəhər İrəvandır. İrəvana mer seçkilərində gözlənilən rəqəm, əslində, bunun üstündə olmalı idi.
Ancaq, göründüyü kimi, İrəvanda mer seçkilərində seçicilərin cəmi 43,6 faizi iştirak edib və bunların da guya 81 faizi Paşinyan blokuna səs verib. Seçicilərin belə zəif iştirakı nə deməkdir və niyə bu belədir?
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Ermənistanda İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə küçədən siyasətə transfer edilən Nikol Paşinyanın siyasi ambisiyalarının təmin edilməsi üçün baş verən saxtakarlıqların ilk ən böyük mərhələsidir: “Mənim addımım” seçki bloku güya seçicilərin 81,06 faizinin səsini toplayaraq qalib gəldi və blokun namizədi, komediya aktyoru Ayk Marutyan mer seçildi. Rəsmi məlumata görə, seçkilərdə kütləvi qanun pozuntuları qeydə alınıb. Saxtakarlıqların miqyasını elə rəsmi nəticələrdən görmək kifayət edir. Belə ki, İrəvan meri postu uğrunda 12 partiya və blok mübarizə aparıb. Nə qədər məntiqsizdir ki, 12 partiya və blokun mübarizə apardığı seçkidə baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku 81,06 faiz səslə qalib gəlir. Səslərin 6,95 faizini isə milyonçu Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası qazanıb. Yerdə qalan partiya və blokların hər birinə isə 1 və daha az faiz səs düşür. Halbuki, demokratik sistemlərdə meriya seçkilərində namizədlər arasında bu qədər faiz fərqi olmur. Yalnız qeyri-demokratik sistemlərdə mer seçkisində bu mümkün ola bilər. İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdəki səs faizlərinin fərqi bunu əyani şəkildə göstərdi. Ermənistan bu seçkilərlə 90-cı illərə geri qayıtdı. Paşinyan seçkinin nəticələrini dəyişdirmək üçün cəmiyyətdəki eyforiyadan istifadə etdi. Əslində, seçkiyə “Mənim addımım” bloku adı altında getməklə “Vətəndaş sazişi” partiyasını gizlətdilər və Paşinyan amilini ortaya atdılar. Yəni insanlar Marutyana yox, Paşinyana səs verdilər. Heç bir demokratik sistemdə belə vəziyyət yaşanmır. Ermənistanda, faktiki olaraq, demokratiya pərdəsinə bürünmüş diktatura yaradılır. Paşinyan üçün İrəvan seçkilərini qalib gəlmək daxili siyasətdə həyati əhəmiyyət daşıyırdı. Çünki İrəvan meri postu Ermənistan daxilində siyasi tərəzinin gözünə ağırlıq verən amillərdəndir. Növbədənkənar parlament seçkilərinə hazırlaşan Paşinyan bununla “qalibiyyətinin ilk pilləsinə” çıxmış oldu.
Onun artist namizədinin 80 faizdən çox səs alması da, əslində, daxili rəqiblərə hesablanmış mesaj idi. Yəni “Mən parlament seçkisində də bu qədər səs toplayacam”. Digər tərəfdən, bu rəqəm gələn il keçiriləcək növbədənkənar parlament seçkisini saxtalaşdırmaq üçün alt baza rolunu oynayacaq. Məhz buna görə də Paşinyan bütün qüvvələri səfərbər edərək, bu “demokratik nəticəyə” nail oldu. Lakin o, bununla həm də sələflərindən heç də geri qalmadığını və əsl simasını ortaya çıxardı. Paşinyanın İrəvan meri saxtakarlığını onun seçki saxtakarlığının uğurlu birinci mərhələsi adlandırmaq olar”.
(Millət)
araz.az xəbər portalı.