FHN-in keçmiş polkovnikinin və zərərçəkmişin şikayəti üzrə yeni məhkəmə qərarı elan olunub
Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən polkovnik Zaur Mirzəyevlə bağlı hökmdən verilmiş şikayətlərə baxılıb.
araz.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə təqsirləndirilən və zərərçəkmiş tərəfin şikayətləri dinlənilib.
Z.Mirzəyev əməlində cinayət tərkibi olmadığını iddia edərək barəsindəki hökmün ləğv edilməsini xahiş edib. Polkovniklə eyni videoda yer alan, zərərçəkmiş kimi tanınmış qadınlardan biri isə əksinə, cəzanın ağırlaşdırılmasını, həmçinin dəymiş mənəvi ziyana görə 192 min manat təzminat ödənilməsini istəyib.
Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsdən 4 min manat alınaraq zərərçəkmişə ödənilməsini uyğun bilib.
Hakim Fərid Əyyubovun sədrlik etdiyi hakimlər heyəti şikayətlərin heç birini əsaslı hesab etməyib.
Qərara əsasən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, Zaur Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.
İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. Mirzəyev 3 il 6 ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan 192 minlik mülki iddianın 4 min manatı təmin edilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.