ABŞ başda olmaqla Qərb Rusiyanın Cənubi Qafqazdan, xüsusən də Ermənistandan çıxarılması üçün artıq praktik hərəkətə keçib. Təkcə son günlərdə Ermənistan prezidenti Vaaqn Xaçaturyanın Viktor Biyaqovu respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırması, paralel olaraq ABŞ-ın
Ermənistanda birgə “EAGLE PARTNER 2023” hərbi təlimlərin keçiriləcəyi barədə məlumatı yayması və təlimlərə Rusiya prezidentinin sözcüsü Peskovun qəti etirazı, həmçinin Ermənistan rəsmlərinin və mətbuatının anti Rusiya mövqeyinin, açıqlamalarının güclənməsi onu deməyə əsas verir ki, yaxın zamanlarda regionda mürəkkəb siyasi-diplomatik və hətta hərbi gərginlik müşahidə olunacaq.
Ancaq bu qənaət o əminliyə əsas vermir ki, Rusiya asanlıqla Ermənistanı Qərbə güzəştə gedəcək. Dəfələrlə qeyd etdiyim kimi, Rusiya son anda ən gözlənilməz gedişləri və hərbi müdaxiləsi ilə vəziyyəti öz xeyrinə dəyişə bilər. Bu gedişlərdən biri də Ermənistanda Paşinyan hakimiyyətinin zorla dəyişdirilməsi də ola bilər. Əlbəttə ki, qeyd etdiyim ssenari ən axırıncı variant olaraq Rusiya onu ehtiyatda saxlayır.
Qərb – Rusiya qarşıdurmasının pik həddi sözsüz ki, Ermənistan üçün ağır nəticələr vəd etsə də, Azərbaycan üçün əlverişli şərait imkanlarını çox genişləndirir. Heç şübhəsiz ki, bu qarşıdurma fonunda Rusiya və Türkiyənin daha da yaxınlaşması və Türkiyənin Cənubi Qafqazda oturişması Rusiyanın da məcburi marağına çevrilir. Rusiyada, Soçidə Putin və Ərdoğan görüşünün əsas səbıbi “taxıl sazişi” məsələsi göstərilsə də, bu Qərbin Cənubi Qafqazla bağlı planlarına qarşı görüş tərəflərinin koordinasiyasının müəyyənləşdirməsi ola bilər. Həmin görüşdən sonra Ərdoğanın “Cənubi Qafqaz Türkiyə üçün ön plandadır” kimi açıqlaması da məhz Qərbə, o cümlədən yayılmış xəbərə görə Ermənistana və Azərbaycana səfər etmək fikrində olan Fransa pezidenti Makrona işarə hesab etmək olar.
Göründüyü kimi, Qərb – Rusiya qarşıdurmasının pik həddi Ermənistan – Azərbaycan sərhəddində də gündəlik hərbi gərginliyin artması ilə özünü büruzə verir. Bəli, ehtimal edilən Ermənistan Azərbaycan arasında hərbi qarşıdurmanın məhz sərhəddə baş verəcəyi daha yüksəkdir, nəinki Azərbaycanda, rus sülhməraçlıların məsuliyyət zonasında. Bu arada, Rusiyanın Ağdam-Xankəndi yolundan humanitar məqsədlər üçün istifadəsini dəstəkləməsi qənaətimin əsaslarından hesab etmək olar. Proseslərin gedişindən asılı olaraq, Azərbaycanın öz ərazisində separatçılara qarşı məcburetmə əməliyyatları keçirmə ehtimalı da çox yüksək olaraq qalır.
Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ qazisi.
araz.az xəbər portalı.