Məşhur bir yazıçının obrazında Azərbaycan dilində pis danışanlar hədəfdədir. Hədəfə götürənlərin bir qismi Azərbaycan dilində gəvəzəlik edənlərdir. Hədəfə götürənlərin digər qismi Azərbaycan dilini söyüş dili kimi istifadə edənlərdir. Hədəfə götürənlərin başqa bir qismi də Azərbaycan dilində yaxşı susanlardır. Böyük bir qismi isə dilimizi meyxana-mərsiyə janrından anlayıb danışanlardır. Səmimi niyyətlə ana dilimizə həssaslıq tələb edənlər də az deyil. Ancaq bu adamların mühakiməsi eyni hədəfdə birləşəndə acınacaqlı bir mənzərə yaranır.
Bizim meyarlarımız başqa olmalıdır məncə. Azərbaycan dilində pis danışır, ancaq rus və ya ingilis dilində Azərbaycanı ləyaqətlə təmsil edir. Azərbaycan dilində pis danışır, ancaq dürüst və əxlaqlıdır, kimsənin malına göz dikməz, insanlara qarşı xeyirli əməl sahibidir. Bizim meyarımız həm də bu olmalıdır ki, niyə rus dilində, ingilis dilində, çin dilində, yapon dilində pis danışırıq. Dünyanın dilində pis danışanlar dünyaya problemlərini də anlada bilməzlər. Guya Azərbaycan dilində yaxşı danışan 2 milyonumuz var, bu sayı öhdəlik götürüb 10 milyona çatdıraq, bu nəyi dəyişəcək? Azərbaycan dilində yenə də savadlı danışan, yazan 5-10 min nəfəri keçməyəcək də… Diqqətlə araşdırsanız görəcəksiniz ki, bu akademiyanı, bu universitetləri, bu konservatoriyaları, bu kollecləri, bu uşaq bağçalarını, bu kitabxanaları zəlil günə qoyanlar Azərbaycan dilində lap yaxşı danışanlar çıxacaq.
Azərbaycan dilində danışmaq mənəvi məsələdən başqa həm də yaddaş, hafizə, vərdiş məsələsidir. Adam var rus mühitində yetişib, bəlli bir yaşdan sonra dil vərdişinə adaptasiya oluna bilmir. Azərbaycanı düşünür, musuqisini sevir, sənətini sevir, millətin dərdlərini hər platformada çatdırır, ancaq danışanda çətinlik çəkir, indi bu adamın vətənpərvərliyini necə ölçüb-biçək? Ölkəmizdə etnik azlıqlar, azsaylı xalqların təmsilçiləri var. Xeyli hissəsi azərbaycanca pis danışır, ancaq gedib Qarabağda şəhid olur Azərbaycan üçün, yaxud da xaricdə Azərbaycanı uğurla təmsil edirlər, bəs onları hansı kateqoriyaya qoyaq?
Dili belə qorumazlar. Dəyərli yazıçımız Seyran Səxavətin televiziya dili, media dili ilə bağlı çox maraqlı təsbitləri var. Oxuyun, izləyin. Bu platformalarda dilin cilalanmış şəkildə istifadəsinə həssaslıq göstərmək lazım. Dilin sağlamlığının mənbəyi doğru, məqsədyönlü təhsildir. Yaponlarda uşağın təhsil səviyyəsinin qiymətləndirilməsində yazı xətti birinci sırada gəlir. Ölkəmizdə milli yazı xətti ölüb, ilan-qurbağanın yazı xətti qalıb. Kompüter alışqanlığı tamamilə səlis yazı xəttini ortadan qaldırıb. Yazı yaza bilməyənlərin, kitab oxumayanların arxamızdan hələ böyük bir cəhalət ordusu gəlir, hamısı da azərbaycan dilində ya “vor zakon” mahnıları oxuyur, ya mərsiyə deyir, ya da tiktokda, facebookda bambılılıq edir. Onların kitabı, yazısı yox, ancaq Azərbaycan dilinə bənzər dildə yaxşı danışır və bir-birini yaxşı anlayırlar.
Anlaşıldımı, yapon üçün yazı bir məsuliyyətdir, həm də mədəniyyətdir, bizdə isə pulla dissertasiya yazıb və yazdırmaq, layiq olmadığı elmi adları daşımaq həyasızlıq deyil, milli moda sayılır. İndi isə daha irəli gedərək hekayə də yox, pulla birbaşa roman yazdırırlar. Hələ mahnı yazdırmağı demirəm. Dilə həssaslığı bəlkə bu istiqamətə yönəldəsiniz? Əgər hər hansı bir azərbaycanlı Çingiz Aytmatov kimi rusca yazacaqsa, o yazar yüzlərlə mənasız kitab qalaqlamış Azərbaycan yazarından daha dəyərli deyilmi? Ondan böyük və milli qırğız tanıyırsınızmı? Biz hansısa məşhur yazarın əsərlərinin keyfiyyətsizliyini qabardırıq, dili necə danışmağını yox. Elə yazarlar tanıyıram ki, nitq qüsuruna görə doğma dildə rahat danışa bilmir, ancaq qələmindən xeyli gözəl əsərlər çıxıb.
Ana dilmizi sevmək namus borcumuzdur, dilimizdə danışmaq mənəvi və hüquqi məsuliyyətimizdir, pis və ya yaxşı danışmaq fərdi qabiliyyət məsələsidir. Əsas bu dili yaşadan millətin və dövlətin hər yerdə adını ucaltmaqdır. Yəni adam kimi adam olmaqdır.
Fazil MUSTAFA.
araz.az xəbər portalı.