toy.jpg

Bir neçə gündən sonra Azərbaycanda toy mövsümünə start veriləcək. Yeni mövsüm ərəfəsi xeyir işlərin tədarükünü yekunlaşdıranlar toy gününü səbirsizliklə gözləyir. Düzdür, bazarda nəzərəçarpacaq bahalaşma müşahidə edilsə də, toya hazırlaşanlar imkanlarını toplayıb alış-veriş edir, həyatlarının ən xoş gününün yaddaqalan olması üçün heç nəyi əsirgəmirlər.

Sosial həyatın ən mühüm hissəsinə çevrilən toy mərasimlərinin qayğıları isə bitib-tükənmək bilmir. Hazırkı sürətli bahalaşma dövründə toy edən insanların üzləşdiyi çətinliklər müəyyən aspektlərdə özünü göstərir. Geyim bazarından tutmuş, gözəllik salonlarına qədər ciddi xərc tələb edən toya hazırlıq mərhələsinin sonuncu nöqtəsi şadlıq evləridir. Bahalaşmanın dalğasından qaça bilməyən şadlıq evlərində də qiymətlər sabit deyil.

Bəziləri şadlıq evlərində qiymətlərin sabitliyindən danışsa da, Şahin Avdıyev adlı inzibatçı bir qədər səmimi davrandı, bildirdi ki, camaatda pul olmadığına görə qiymətləri qaldıra bilmirlər:

“Düzdür, ərzaq bazarında hahalaşma hələ də davam edir. Amma şadlıq evləri qiymətləri qaldıra bilmir. Bunun da səbəbi var. Birincisi, qiymətləri ona görə sabit saxlayırıq ki, müştərilər qaçmasın. Əgər dünən 5 manat qazanırdıqsa, bu gün əldə edəcəyimiz 1 manatla razılaşmağa məcburuq. Düzdür, reallıq başqa məsələləri ortaya çıxarır. Amma müştəriləri də başa düşmək lazımdır. Tutaq ki, menyunu bahalaşdırdıq, müştəri də imtina edib toyu saxladı. Bizim şadlıq sarayından isə ən azı əlli nəfər evinə çörəkpulu aparır. Bəs onlar necə olacaq? Nəzərə alın ki, ərzaq bazarında 40%-ə yaxın bahalaşma var. Bütün bunlar qiymətlərə təsirsiz ötüşmür, restoranlar isə menyu qiymətlərini artırmaqdan çəkinir. Amma bu məsələ uzun müddət davam edə bilməz. Çox güman ki, yaxın vaxtlarda şadlıq evlərində qiymətlər artacaq”.

Məsələylə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirliyə də müraciət etdik.

KONKRET.az-ın suallarını cavablandıran mütəxəssis bildirdi ki, Azərbaycan toylarında menyu məntiqəuyğun inkişafdadır:

“Son iki ildə bir tərəfdən xərclərin artması, digər tərəfdən, kompensasiya edilməməsi şəraitində əhalinin imkanları məhdudlaşır, gəlirlər aşağı düşür və bunun fonunda toyların menyusu kasıblayır. Toylarda stullar bər-bəzəkli, gözəl olsa da yemək üçün dəyərli heç nə yoxdur. Bu da onunla əlaqədardır ki, həmin masaya xərclər lazım olandan az çəkilir. Məsələn, əgər normalda bir stol bir nəfər üçün 50 manata başa gəlirsə, bunu 30 manata edəndə yeməyə bir şey olmayacaq. Belə menyularda mal və qoyun əti demək olar ki, minimuma endirilir. Elə yerlər var ki, ümumiyyətlə, mal və qoyun əti verilmir. Menyunun tərtibatında əsas xərci spirtli içkilər və ət apardığından menyuda qiymətlər sabit deyil. Spirtli içkilərin də əksər hallarda keyfiyyətsizini, saxtasını tapıb qoyurlar ki, ucuz başa gəlsin. Belə olan halda yeməyin də keyfiyyəti itir”.

Ekspert deyir ki, payız aylarında bahalaşma dalğası gözlənildiyindən bu tendensiyanın da davam edəcəyi qaçılmazdır:

“Xarici təsir oldu-olmadı toylarda menyuların bahalaşması baş verəcək. Çünki bu artıq iqtisadi sistemin xarakteridir”.

araz.az xəbər portalı.