“AzerGold” QSC-də növbəti qanvermə aksiyası təşkil edilib.

Araz.az QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, cəmiyyət, eləcə də onun törəmə şirkətləri olan “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin əməkdaşları könüllü olaraq aksiyada iştirak edərək, irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə qan veriblər.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən əvvəlcə hər bir donorun sağlamlığı müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, ötən illərdə də “AzerGold” QSC tərəfindən könüllü qanvermə aksiyaları təşkil edilib. Ənənəvi olaraq hər il keçirilən bu nəcib aksiyalar ilə Cəmiyyət və onun törəmə şirkətlərinin əməkdaşları müxtəlif qan xəstəlikləri olan insanların müalicəsinə öz dəstəklərini göstərməyə davam edirlər.

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.