Siyasilərin eks-spiker Rəsul Quliyevin partiyası deyə xitab etdikləri partiya da təkrar dövlət qeydiyyatına alınıb.
araz.az xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu açıqlama yayıb.
O bildirib ki, dünən Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin rəisi İlqar Məmmədovun imzası ilə Gələcək Azərbaycan Partiyasının ofisinə “Siyasi Partiyalar Haqqında” qanunun tələblərinə uyğun olaraq rəsmi Partiyanın təqdim etdiyi reyestr məlumatlarının yoxlanılması ilə bağlı məktub daxil olub: “Rəsmi məktubda bildirilir ki, partiyamızın təqdim etdiyi reyestr məlumatları nəzərdən keçirilərək yeni qanunun tələblərinə uyğunluğu seçmə üsullarla yoxlanılmış və düzgünlüyü təsdiqlənmişdir. Bu münasibətlə Gələcək Azərbaycan Partiyasının bütün fədakar üzvlərini, başda Rasul Quliyev cənabları olmaqla səmimi qəlbdən təbrik edir, bu böyük – şərəfli yolda hər birimizə uğurlar diləyirəm.
Bu gün Gələcək Azərbaycan Partiyası ikinci dəfə siyasi dünyaya göz açmış oldu. Bu, ciddi bir məsələdir. Biz ilk dəfə (2020-ci ildə) 1400 üzv təqdim edərək dövlət qeydiyyatına alınmışdıq.
Yeni “Siyasi Partiyalar haqqında qanun” qüvvəyə mindikdən sonra isə ilk olaraq 5073 nəfərdən ibarət siyahı göndərmişdik. Ədliyyə Nazirliyi çox ciddi yoxlamalar apardı, bir sıra partiyalara, o cümlədən də rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyasına da məlum siyahıda düzəliş edilməsi barədə məktub ünvanladı. Həqiqətən də çox səliqəli şəkildə siyahılar verildi. Sıralarımızda vəfat etmiş, yaxud başqa partiyaların üzvləri olan şəxslər, 18 yaşı tamam olmayanlar, adı təkrar qeyd edilmiş şəxslər var idi. Məktubu alan kimi təcili Komissiya yaratdıq, sənədləri üzləşdirdik, bir ay ərzində mümkün olan qədər, çatdıra bildiyimiz qədər üzləşmələr apardıq. Son olaraq 5788 nəfərin siyahısını Ədliyyə Nazirliyinə təqdim etdik. Nazirlik son düzəliş aparılmış reyestr məlumatlarını nəzərdən keçirib, bizə bu gün müvafiq yekun məktubunu göndərdi.
Hesab edirəm ki, bu gün bir daha təsdiq olundu ki, Ədliyyə Nazirliyinin və hökumətin bütün siyasi partiyalara münasibəti eynidir və adekvatdır”.
Xatırladaq ki, Ədliyyə Nazirliyi dünən AXCP və Müsavatı da qeydə alıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.