“Bu gün oğlan tələbələrin sayı yetərincədir, ancaq onlar ev tapmaqda çətinlik çəkirlər. Buna görə də oğlanlar bir çox hallarda dəyərindən baha evlərdə kirayə qalmağa məcbur olurlar”.
araz.az xəbər verir ki, bu sözləri Valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bölgələrdən Bakıya oxumağa gələn tələbə oğlanların kirayə ev tapmaqda qarşılaşdıqları çətinliklər haqqında danışarkən deyib.
Elnur Fərzəliyev qeyd edib ki, insanlar mənzillərini daha çox gənc ailələrə uzun müddətli olaraq və ya tələbə qızlara kirayə verməyə çalışırlar:
“Çünki əksər hallarda oğlanlar evə təmiz, gigiyenik baxa bilmirlər. İstər mənzildə siqaret çəkmək, istər oğlanların yığılıb parti keçirirək səs-küy yaratması kimi hallara rast gəlinir. Buna görə də çox vaxt oğlan kirayə qalanda qonşuların şikayəti olur. Ona görə də ev sahibləri maksimum çalışır ki, evlərini ya tələbə qızlara, ya da uşağı olmayan gənc ailələrə kirayə verirlər və evin təmirinə zərər dəyməsin”.
Ekspert vurğulayıb ki, bu problemlərin də başlıca səbəbi kifayət qədər tələbə yataqxanalarının olmamasıdır:
“Bir vaxtlar tələbə yataqxanaları çox idi. Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlər daha çox tələbə yataqxanalarına sığınaraq orda yaşadılar. Amma daha sonra bəzilərinə dövlət ev verdi, hazırda da onların bir çoxu mərhələli şəkildə Qarabağa, azad olunmuş ərazilərə köçürülürlər. Amma yenə də tələbə oğlanların kirayə mənzil tapmasında problemlər qalır”.
Elnur Fərzəliyev əlavə edib ki, bu gün istər qız, istər oğlan tələbələrin kirayə mənzil tapmasında ciddi problemlər var:
“Şəhərin bir çox hissəsi sökülür. Köhnə, istismarını bitirmiş binalar yeniləri ilə əvəz olunur, digər tərəfdən şəhərin mərkəz hissəsində fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri sökülür. Bu ərazilərdə də çoxlu kirayə mənzillər olurdu. Bunlar da söküləndə həmin kirayə mənzillər mənzil bazarından çıxmış olur. Orda yaşayan sakinlərin özləri yeni mənzilləri tikilənə qədər kirayə gedirlər. Onlar da mənzilləri uzun müddətli kirayə götürdükərinə görə artıq paytaxtda tələbələrə yararlı, münasib, ucuz qiymətə mənzil tapmaq çətinləşir”.
Ekspert bildirib ki, bu problemlərin həllinin yeganə yolu tələbə yataqxanalarının bərpa olunmasıdır:
“Hazırda yaşayış üçün yaralı olmasa da, torpaq sahələri var. Həmin torpaq sahələrində müasir, hündürmərtəbəli yataqxanalar tikilərsə, tələbələrin ev problemi aradan qalxar, onlar bahalı kirayə mənzillərdən qurtulmuş olar. Bunun üçün universitetlər özləri də müraciət edə, yaxud Elm və Təhsil Nazirliyi də müəyyən qurumlara müraciət ünvanlaya bilər. Yasamalda Bakı Dövlət Universitetinin yataqxanaları söküldü, orda sadəcə bir yataqxana var. Onu da “bizim yataqxanamız var” deyə gözmuncuğu kimi saxlayıblar. O yataqxanada isə xarici tələbələr qalır. BDU-nun minlərlə tələbəsi var, lakin yataqxanada minimal sayda tələbə qala bilər ki, bu da bölgələrdən gələn tələbələrə bəs eləmir”.
“Bakının bir çox ərazilərində olan bu yataqxanalar yenidən bərpa olunmalıdır. Belə olanda tələbələr, ailələri də bu problemdən qurtulmuş olar. Çünki tələbənin tək xərci kirayə ilə bitmir, onun yol, qida, geyim, təhsil haqqı, kitab-dəftər pulu kimi xərcləri var. 4 ildə hansısa kasıb ailənin Bakı və digər böyük şəhərlərdə tələbə oxutmağa ayda 500 manatadan çox xərci çıxır. Hansı ki, bu pul bəlkə də bölgədə yaşayan ailənin bir aylıq qazancıdır. Buna görə də bəzən tələbə bu xərcləri ödəmək üçün məcbur qalıb işləyir. Onlar da təhsildən kənarda qalanda da savadlı kadr olaraq yetişmir”, deyə ekspert əlavə edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.