Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb.

araz.az azertag.az-a istinadən Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından ilk yazısını təqdim edir.

Uluxanlı

Zəngibasar mahalının Zəngibasar rayonunun inzibati mərkəzi olmuş Uluxanlı İrəvan şəhərindən 20 kilometrlik məsafədə, İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin üstündə, Zəngi çayının sol tərəfində yerləşib. 1971-ci ildən şəhərtipli qəsəbəyə çevrilib.

1918-ci ilə qədər kənddə ancaq azərbaycanlılar, 1921-ci ildən 1988-ci ilə qədər azərbaycanlılarla ermənilər yanaşı yaşayıblar. 1988-ci ildə azərbaycanlılar qovularaq kənd bütünlüklə erməniləşdirilib.

“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) kənd Karbi nahiyəsinin Uluxanbəyli qışlağı, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Qırxbulaq nahiyəsinin Uluxanlı kəndi kimi qeydə alınıb. Sonrakı bütün mənbələrdə kəndin adı Uluxanlı yazılıb.

Uluxanlı toponiminin hələ XVI əsrə aid mənbədə Uluxanbəyli kimi qeydə alınması bir tərəfdən kəndin adının XVII əsrdən məlum olması fikrini (B.Budaqov, Q.Qeybullayev) təkzib, digər tərəfdən onun Uluxan bəy adlı şəxsin adını daşımasını təsdiq edir.

“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Uluxanlı kəndinin ərazisi xass torpaqları kimi qeydə alınıb və bu torpaqlardan dövlətin müxtəlif vergilər şəklində ildə çox böyük məbləğdə – 58.000 ağça gəlir götürdüyü göstərilib.

İ.Şopenə (1832) görə Zəngibasar mahalının Uluxanlı kəndində 311 təsərrüfatda 1737 nəfər (970 kişi, 767 qadın) azərbaycanlı yaşamışdır.

1873-cü ilin statistik məlumatlarında iki Uluxanlı kəndi qeydə alınıb. Bunlardan biri İrəvan qəzasının Zəngi çayının kənarında, digəri isə İrəvan qəzasının Qırxbulaq çayı ərazisində, Zəngi çayı yaxınlığında, Gərniçay arxı kənarında yerləşib. Kəndlərdən birincisi (Zəngi çayı kənarında) haqqında mənbədə belə bir qeyd var ki, kənd əsl Uluxanlı kəndindən törəmədir və əhalisi azərbaycanlılardır. Lakin mənbədə bu kəndin əhalisinin sayı haqqında heç bir məlumat verilmir. Çox güman ki, yanaşı yerləşən bu iki kəndin bütün göstəriciləri məhz əsl – ikinci Uluxanlı kəndinin üstündə verilib. Kənddə 454 təsərrüfatda 2968 nəfər (1549 kişi, 1419 qadın) azərbaycanlı, fəaliyyətdə olan 3 məscid, oğlan və qız məktəbləri qeydə alınıb.

1886-cı ildə kənd əhalisinin sayı 493 təsərrüfatda 3062 nəfərə (1672 kişi, 1390 qadın) çatıb.

1886-cı ilə aid mənbədə Hacı Həsən evi və Oruc adası adlı törəmə kəndlərlə birlikdə Uluxanlı kəndinin 1749,77 desyatin torpaq sahəsinin olduğu, onun 34,39 desyatinini malikanə torpaqlarının, 2,37 desyatinini bağ sahələrinin, 835,56 desyatinini suvarılan əkin sahələrinin, 722,58 desyatinini biçənəklərin, 154,87 desyatinini otlaqların təşkil etdiyi göstərilib (1 desyatin = 1,09 ha).

Uluxanlı kəndinin Həbilkənd ilə birlikdə Yeni Bayazid qəzasındakı Ağdağ yaylağında, Həbilkənddən 55 verst (1 verst = 1,06 ha) aralıda, 222 desyatin ərazini əhatə edən Çınqıllıyurd adlı yaylaq yeri olub. Həmin yaylaq yerindən kənd camaatı qədim zamanlardan istifadə etmişdir.

Bundan əlavə, yenə də 1886-cı ilə aid mənbədə Uluxanlı kəndinin nəzdində olan və 20 desyatin ərazini əhatə edən Uluxanlı adlı biçənəkdən, bu biçənəyin kazak atlılarına pulsuz otlaq yeri kimi verildiyindən bəhs olunub, kəndlilərdən Hacı Xəlil Hacı Ələsgər oğlunun 10,83 desyatin torpaq sahəsi qeydə alınıb.

1897-ci ildə kənddə 3062 nəfər, 1905-ci ildə 3171 nəfər, 1914-cü ildə 3200 nəfər azərbaycanlı yaşayıb.

Sovet hakimiyyətinə qədər Uluxanlı kəndində Kərbəlayi Əli, Kərbəlayi Qəmbər, Hacı Qəfər, Hacı Məsim, Hacı Rəsul, Kərbəlayi İsgəndər, Hacı Axund, Kərbəlayi Süleyman, Mirzə Zeynalabdin kimi nüfuzlu şəxsiyyətlər olub. Kərbəlayi Əli həm çar dövründə, həm də sovet hakimiyyətinin ilk illərində Zəngibasarın mirabı (su rəisi – Ə.Ə.) olub, kolxozlaşma dövründə təqiblərdən təngə gəlib, sərhədi keçərək Türkiyəyə gedib, gecə ikən bir vzvod türk əsgəri ilə geri qayıdıb, Ağhəmzəli, Təzəkənd kəndlərinin yollarını kəsib, qohumlarına o taya keçmək üçün xəbər göndərib. Qohumları imtina edəndə öz var-dövlətini götürüb, Arazı keçib, İğdırda həmişəlik məskunlaşıb, uzun ömür sürüb.

1904-1905-ci illərdə Tiflis-İrəvan dəmiryol xəttinin çəkilişi ilə əlaqədar həm də Uluxanlı stansiyası salınıb, sonralar bu stansiya mühüm strateji əhəmiyyət kəsb edib, respublikada ən böyük çeşidləyici dəmiryol stansiyasına çevrilib. Bu funksiyasına görə onu Azərbaycanda Biləcəri stansiyası ilə müqayisə etmək olar. Həm İrəvan-Tiflis-Moskva, həm də İrəvan-Naxçıvan-Bakı dəmiryol xətləri buradan keçirdi.

1909-cu ildə Uluxanlı camaatına təklif olunur ki, köçüb Yengicə kəndi ərazisində yaşasınlar. Lakin təklif olunan ərazi qeyri-məhsuldar torpaqlar olduğu üçün camaat qəti şəkildə imtina edib.

1918-ci ildə ermənilər Uluxanlıya dəfələrlə hücum edib, onu dağıdıb, od vurub yandırıblar. Kəndin əli silah tutan igidləri daşnaklara qarşı mərdliklə döyüşüblər. Onlardan biri də Pəncəli oğlu Abbas idi. O, bir nəfər dostu ilə kəndin qırağındakı uçuq dəyirmana sığınıb, xeyli vaxt ermənilərin Uluxanlıya girməsinin qarşısını alıb, dinc camaatın kənddən çıxaraq Rəncbər kəndi tərəfə – Türkiyə sərhədinə qaçmasına imkan yaradıb. Uluxanlının bu qəhrəman oğlunun müqavimətini qıra bilməyən ermənilər axırda onu top gülləsi ilə vurub öldürüblər.

Əsas döyüşlər Uluxanlı ilə İrəvan arasında yerləşən, ermənilər yaşayan Təzəkənd istiqamətində gedirdi. Uluxanlının bütün əli silah tutan kişiləri el-obasının müdafiəsinə qalxmışdılar. Onların arasında Uluxanlının ən böyük tayfalarından olan Qara Bağırın nəvələri – Hacı Nəbi və qardaşları Əhməd, Muxtar, Əbülqasım da var idi.

1918-ci il qırğını ilə bağlı yaddaqalan hadisələrdən biri də Uluxanlının görkəmli din xadimi Hacı Axund Rzanın sülh missiyasıdır. O zaman ermənilərlə müsəlmanlar arasındakı bu qırğının qarşısını dinc yolla almağa çalışan Hacı Axund Noraqovit kəndində oturan erməni keşişinə xəbər göndərib, onu danışığa dəvət edir. Təzəkəndlə Noraqovitin arasında görüş təyin edilir. Hacı Axund üç nəfərlə at belində gəlib vədə yerinə çatır, erməni keşişi də Noraqovitdən gəlir. Axundla keşiş təklikdə danışmaq üçün bir-birinə doğru addımlayırlar. Yoldaşlarından ayrılan Hacı Axundu pusqu qurmuş ermənilər dərhal tuturlar. Aparıb başını kəsir, sinəsi üstündə od qalayıb yandırırlar ki, bu da sənin sülhün.

Bölgədə sovet hakimiyyəti qurulduqdan sonra kəndin sağ qalan qaçqın əhalisi geri qayıdır. 1922-ci ildə kənddə 1882 nəfər azərbaycanlı, 9 nəfər erməni siyahıya alınıb. Bu 9 nəfər gəlmə erməni Uluxanlıda məskunlaşan ilk ermənilər idi. 1926-cı ildə kənddə azərbaycanlıların sayı 1948 nəfər, ermənilərin sayı isə cəmi 5 nəfər olub.

Uluxanlı oykonimini itirmək üçün ermənilər onun adını dörd dəfə dəyişiblər. 1920-ci illərdə kəndin qədim Uluxanlı adı dəyişdirilərək N.Nərimanovun adına Nərimanlı, 1937-ci il dekabrın 31-də Zəngibasar qoyulub. Ondan sonra qısa bir müddətə Zəngi çayının Razdan adlandırılması ilə bağlı kəndin adı da Razdan qoyulub, lakin 1950-ci il iyulun 31-də bu ad da Masis adı ilə əvəz edilib. 1971-ci ildə kənd şəhərtipli qəsəbəyə çevrilib.

1988-ci ildə Uluxanlı qəsəbəsinin azərbaycanlı əhalisi növbəti soyqırımı ilə üz-üzə dayanıb, həmin hadisələr zamanı erməni qaniçənləri səkkiz nəfər soydaşımızı vəhşicəsinə qətlə yetiriblər.

Uluxanlıda keçmişdə az qala hər məhəllənin öz məscidi olub. Onların sayı yeddi idi: Azamanlılar, Elatlar, Torlu, Baltaməmmədlilər, Qarağaclar, Qədimalılar və Nüxülülər məscidi. Bu məscidlərdə dini ayinlərin icrası ilə yanaşı, dünya hadisələrindən, ümumi problemlərdən, xeyriyyəçilikdən və s. söhbət gedirdi.

Məscidlərin, demək olar ki, hamısının xarabalıqları dururdu. Salamat qalanların isə 1-i sovxozun anbarı kimi, 1-i məktəb, 1-i mədəniyyət şöbəsinin kitabxanası kimi istifadə olunurdu. 1970-ci illərdə Uluxanlıda məscid rəsmi olaraq yenidən fəaliyyətə başladı. Elatlar məhəlləsi ilə Qırmızı məhəllənin arasında yerləşən bu məscid Küllükbaşı məscid də adlanırdı. 1988-ci ildə ermənilər onu yandırdılar. Son məlumatlara görə ermənilər həmin məscidi yerlə-yeksan etmişlər.

Uluxanlıda keçmişdə üç müsəlman qəbiristanlığı olub. Onlardan ikisi xarabalığa çevrilmiş, yalnız biri qalmışdı. Uluxanlının ilk qəbiristanlığı Ağhəmzəlidə, Mərmər adlanan ərazidə idi. 1938-1939-cu illərdə burada mərmər istehsalı ilə bağlı camaata ayrı qəbiristanlıq yeri təklif ediblər. Bir köhnə qəbiristanlıq da Uluxanlının içində idi.

Kəndin qəbiristanlığının sahəsi dörd hektar idi. Qəbirlərin üstündə at heykəlləri vardı, bəzi baş daşlarının üstünə isə günəş və at rəmzi həkk edilmişdi.

Keçmişdə Uluxanlının üç hamamı olub: Kərbəlayı Əli hamamı, Yetim hamamı, Günbəzli hamam. Yaşı 400-ü keçmiş hamam binası son zamanlara qədər Uluxanlıda qalırdı.

Azamanlı və Əşrəf bəyin dəyirmanları adamların ehtiyaclarını ödəyirdi.

Repressiya illərində Uluxanlıdan 30-a qədər şəxs sürgün edilib və onlardan heç biri geri qayıtmayıb.

1949-cu ilin payızında Uluxanlı qəsəbəsindən 150 təsərrüfat Azərbaycanın Əli-Bayramlı rayonunun (Şirvan) Qaracalar sovxozuna, 155 təsərrüfat isə Bakı Xələcinə deportasiya edilib.

Bir o qədər azərbaycanlı isə Uluxanlıda qalıb/ 1950-ci illərdə deportasiya olunanların əksəriyyəti geri qayıdıb.

1947-ci ilə qədər qəsəbədə cəmi 3 erməni ailəsi vardı, onlar da xırda sənətkarlıqla məşğul olurdular. 1947-ci ildə xaricdən, əsasən Suriya, İran və Türkiyədən köçürülüb gətirilmiş 70 erməni ailəsi Uluxanlıda yerləşdirilib. Lakin az sonra onlar İrəvan şəhərinə köçüblər.

1949-cu ildə azərbaycanlıların deportasiya olunması ilə əlaqədar “Ermənistan”ın Yelenovka və Şəmsəddin rayonlarından xeyli erməni gətirilib Uluxanlıda yerləşdirilib. 1953-cü ildə kolxoz təsərrüfatı ləğv olunub, onun bazasında sovxoz yaradılıb və elə o vaxtdan da təsərrüfat rəhbərliyinə ancaq ermənilər təyin edilib.

Uluxanlı ikisinifli məktəbi İrəvan qəzasında açılan ilk dünyəvi məktəblərdən idi. Məktəbin açılması ilə bağlı mənbələrdə maraqlı məlumatlar var. Qafqaz tədris dairəsi müdirinin 1880-ci il tarixli, 1879 saylı məruzəsində bildirilir ki, İrəvan qubernatoru ilə Uluxanlı kəndinin camaatı arasında əldə edilmiş razılığa görə, kənd camaatı ikisinfli məktəb üçün lazım olan binanı tikməyi öhdələrinə götürüb. Kənd adamlarından biri isə məktəb binası tikilib qurtarana qədər öz evini təmənnasız olaraq məktəbə çevirməyə hazır olduğunu bildirib. Buna görə də İrəvan qubernatoru xahiş edir ki, Uluxanlı kəndində ikisinifli məktəb açmaq üçün lazımi sərəncam verilsin. Qubernatorun bu təqdimatını əsas görürən tədris dairəsi müdiri Qafqaz canişinliyindən xahiş edir ki, 1881-ci ildən etibarən Uluxanlı məktəbinin fəaliyyəti üçün smeta xərclərinə 1300 rubl daxil etsin.

Beləliklə, 1881-ci ildə fəaliyyətə başlayan məktəb Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşib, məktəbin ilk müdiri o zamanın tanınmış maarifçisi Muxin olub. Fənn müəllimi Xanlar bəy Həsənbəyov, şəriət müəllimi Hacı Məşədi Hüseyn oğlu idi. Sonra Məmməd bəy Lütfəli bəy oğlu Qazıyev, Əbdüləli Bağır oğlu Muxtarov, Hacı Molla Kərim Rzaquliyev, Mirzə Cəfər, Mirzə Ələkbər Rzazadə, Ələkbər Qədimov və başqaları burada işləmişlər.

Qafqaz tədris dairəsi müdirinin 7 avqust 1887-ci il tarixli 4393 saylı məktubunda oxuyuruq: “Uluxanlı məktəbində müəllim vəzifəsini ifa edən Məmməd bəy Qazıyev azad edilmiş, onun yerində müəllim vəzifəsini ifa etməyə isə… Cəlil Məmmədquliyev təyin edilmişdir”.

Bu vaxt Uluxanlı məktəbinin müdiri İ.Novruzov, ondan əvvəl isə Eyvazov adlı şəxs olub. Həmin dövrün sənədlərindən öyrənirik ki, ilk vaxtlar Uluxanlı məktəbində tədrisin keyfiyyəti xeyli aşağı olub, müəllimlər tez-tez bir-birini əvəz edib, valideynlər uşaqlarını oxutmağa bir o qədər də həvəs göstərməyiblər.

Uluxanlı məktəbinin inkişafında 1909-1917-ci illərdə bu məktəbə rəhbərlik etmiş vedili Şəmsəddin bəy Mahmudbəyovun böyük xidməti olub. O, təhsilin keyfıyyətini və təhsilə marağı yüksəltməklə yanaşı, məktəbin çox geniş olan ərazisini çəpərə aldırıb, burada hər cür meyvə ağacları əkdirib, bir sözlə, böyük bir sahəni gülzara çevirib.

Sovet hakimiyyətinin ilk illərində Uluxanlı məktəbi bərpa olunub, yeni məktəb binası tikilib. Əvvəl ibtidai məktəb kimi mövcud olan Uluxanlı məktəbi 1930-cu ildə yeddiillik məktəbə, sonralar səkkizillik və tam orta məktəbə çevrilib. 1940-cı ildə məktəbin ikimərtəbəli yeni binası tikilib istifadəyə verilib, ətraf kəndlərdə orta məktəb olmadığından rayonun Rəncbər, Seyidkənd, Sarvanlar, Aşağı Necili, Yuxarı Necili, Zəngilər və başqa kəndlərindən uşaqlar gəlib bu məktəbdə onillik təhsil alıblar.

Kəndin tayfa və nəsil adları

Qarağaclılar, Elatlar, Qaramanlar, Ağcamanlı, Qaraqışlaq, Qədimalılar, Hacırəsullar, Oruclular, Həbillər, Hactağılar, Zamanlar, Cinlər, Azamanlılar, Nüxülülər, Baltaməmmədlər.

Kəndin toponimləri

Torpaq sahələri: Üçqulaq, Hackərimlər, Gölayağı, Porsuxlu, Bağayağı, Tülkü təpəsi, Siçanlı, Küllük, Qədimalı biçənəyi, Köhnə Salmaq, Hacı Axundun bağı, Həmzənin bağı, Mehdinin bağı, Nağı bəyin bağı, Həsən bəyin bağı, Ağa yeri, Məşədi Əlinin bağları, Məmmədvəlinin bağları, Eşşək olan, Əzimin adası, Zəngikəsən, Gülabdibi, Mərmər, Uluxanlı biçənəyi, Dolular, Dolunun başı, Ağdağ yaylağı, Çınqıllıyurd.

Məhəllələr: Uluxanlının bütün tayfa və nəsil adları ilə Uluxanlıda həm də məhəllələr mövcud idi.

Bulaqlar: Şərbət bulağı, Ceyran bulağı, Qıcılıq bulağı.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.