Elektrikli avtomobillərin dünya bazarında satışı getdikcə artmaqdadır. 2022-ci il ərzində 10 milyon 522 min elektrikli avtomobil satılıb ki, bu, 2021-ci il ilə müqayisədə 55 faiz artım deməkdir. Nəzərə almaq lazımdır ki, bu göstərici 2020-ci ildə 3 milyon 244 min ədəd təşkil edib. Yəni bu, 2 il ərzində 224 faiz artım deməkdir. Elektrikli avtomobillərdən istifadənin genişlənməsi yanacaqdan istifadənin azalması və bunun əsasında neft qiymətlərinin aşağı düşməsi ilə nəticələnə bilərmi?
UNEC-in İqtisadiyyat kafedrasının dosenti, professor Emin Qəribli valyuta.az-a açıqlamasında bildirdi ki, elektrikli avtomobillərin geniş yayılması uzunmüddətli dövr ərzində neft və qaz qiymətlərinə təsir göstərməyəcək:
“Dünya iqtisadiyyatına nəzər salsaq, OPEC-in hesablamalarına görə neftə tələbat hər il 3 faiz artır. Nəzərə alaq ki, Çin, İndoneziya, Hindistan kimi əhalisi çox olan ölkələrin iqtisadiyyatı böyüdüyü üçün enerjiyə tələbat durmadan artacaq. Dünyada neft ehtiyatları da azalır. Avropa ittifaqı, ABŞ xüsusi doktrinalar qəbul ediblər ki, gələcəkdə bu problemin qarşısını almaq üçün müvafiq tədbirlər görsünlər, yaşıl enerjiyə keçid və s. Avropa İttifaqı 2030-cu ilə kimi bütün avtomobilləri elektrikli avtomobillərlə əvəz etməyi hədəfləyir. Bunun 2030-cu ilədək reallaşması çətin məsələdir”.
İqtisadçının fikrincə, neft və qaza tələbat durmadan artacaq: “1970-ci illərdən qərb ölkələri alternativ enerjiyə keçməyi qarşısına məqsəd qoyub. Ancaq bu tədbirlər neftin qiymətini, ümumiyyətlə, enerji daşıyıcılarının dünya iqtisadiyyatında rolunu azalda bilməyib. Bütün bu səbəblərdən, elektrikli avtomobillər neftin qiymətinə güclü təsir etməyəcək. Hətta enerji daşıyıcılarının çatışmazlığı problemi mövcud ola bilər”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.