Avropa İttifaqının məsələlərə ikili standartlar prizmasından yanaşmaqda davam etməsi təəssüf doğurur.

araz.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Avropa İttifaqının 2023-cü il 12 sentyabr tarixli və son günlər verdiyi digər açıqlamalar ilə bağlı bəyanatında bildirilib.

Bəyanatda, həmçinin qeyd olunur: “Sual meydana çıxır ki, gərginliyin azaldılmasının vacibliyindən, sülhdən danışan Avropa İttifaqı nəyə görə Ermənistan rəhbərliyini öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazilərindən çıxarmağa, təxribatçı açıqlama və hərəkətlərə son qoymağa, qeyri-qanuni erməni dəstələrinin tərksilah edilməsinə çağırmır?

Avropa İttifaqı öz bəyanatlarında Qarabağın Azərbaycana məxsus olmasını aydın şəkildə göstərməlidir. Ermənistan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü ən azı sözdə tanıdığı bir vaxtda Avropa İttifaqının keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” kimi ifadə işlədərək ərazinin kimə məxsus olmasını bildirməməsi, “Stepanakert” adının qeyd edilməsi tamamilə qəbuledilməzdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç bir Avropa İttifaqı ölkəsinin ərazi bütövlüyü və suverenliyindən əskik deyil.

Aİ-nin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərini qeyri-qanuni rejimin ətrafında birləşməyə çağırması Azərbaycanın Konstitusiyasına və suverenliyinə hörmətsizlikdir.

Avropa İttifaqının Qarabağ ermənilərinin nümayəndələri ilə gündəlik təmaslarda olması da ikili standartların bariz nümunəsidir. Azərbaycandan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün onlarla dialoq aparmasını gözləyən Avropa İttifaqı nədənsə Ermənistanı deportasiya etdiyi Qərbi azərbaycanlılar ilə dialoqa çağırmır.

Avropa İttifaqı onun Azərbaycan cəmiyyətində imicinə xələl yetirən belə ədalətsiz siyasətdən çəkinməlidir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.