Azərbaycanda tender keçirilməsi və nəticələri ilə bağlı tez-tez narazılıqlar baş verir.
araz.az xəbər verir ki, bu barədə İndex.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc da qanunsuz satınalmalar məsələsinə toxunub.
O, iş adamı Ramil Qasımzadənin qanunsuz əməllərini sərt şəkildə tənqid edib və dəfələrlə arxasında müəyyən qüvvələrin olduğunu, hər hansı bir etiraz olduğu halda yerindəcə susdurulacağını bəyan etdiyini deyib:
“Hal-hazırda cəmiyyətə daxil olan 60-a yaxın şirkət sıralarımızdan xaric olunan Ramil Qasımzadənin tender monopoliyasından kəskin şəkildə narazıdır. Onun atdığı qanunsuz addımlar Cəmiyyətdə böyük narazılıqla qarşılanır. Bu mövzuda adiyyatı qurumların da bizim qədər narahat olmasını gözləyirik. Bir neçə gün öncə Satınalmalar üzrə Dövlət Agentliyinin rəhbəri ilə görüşdüm. Agentliyin rəhbərliyi məni inandırdı ki, portala və sistemə hər hansı bir müdaxilə mümkün deyil. Bu ölkəmizin müvafiq strukturları tərəfindən qorunur.
Mən təklif edirəm ki, həm dövlət qurumları, həm də hüquq mühafizə orqanları tərəfindən Ramil Qasımzadə və onun rəhbərlik etdiyi 7 şirkət barədə korrupsiya hallarının və monopoliyanın qarşısının alınması məqsədi ilə araşdırma başlanılsın. Biz bu adamı sertifikatdan məhrum etdiyimiz, şirkətləri cəmiyyətdən xaric etdiyimiz, Ramil Qasımzadənin əməlləri ilə bağlı ictimaiyyəti məlumatlandırdığımız, onun rəhbərlik etdiyi 7 şirkəti qara siyahıya əlavə etdiyimiz, Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş tenderdə adı məlum şəxsin tərəfindən saxtakarlıq olunması və sənəd saxtalaşdırılmasının həyata keçirilməsi faktı təsdiqləndiyi, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Antiinhisar xidmətinə məktub ünvanlandığı və Antiinhisar Xidmətinin hüquq mühafizə orqanlarına müraciət edilməsinə etiraz etmədiyi halda, necə olur ki, hüquq mühafizə orqanlarına bu etiraz çatmır? Necə olur ki, hüquq mühafizə orqanları bu etiraza reaksiya vermir? Bütün bunlar araşdırılmalıdır.
Son sualım da ondan ibarətdir ki, necə olur ki, bu qədər ictimaiyyətdə məlumatlandırma aparıldıqdan sonra və Qasımzadənin qanunsuz əməlləri ilə bağlı etirazlar müvafiq dövlət qurumlarına çatdırıldıqdan sonra ölkədə 5 tender keçirilir, 5 qiymətləndirmə tenderinin 4-də sözügedən şəxsin şirkətləri qalib gəlir? Dırnaqarası qalibiyyətdən söhbət gedir. Və hətta onun birində Naxçıvan Muxtar Respublikasında bizim cəmiyyətə daxil olan “Real Price” şirkəti qalib gəldiyi halda qanunsuz olaraq “Real Price” kənarlaşdırılır və məhz Ramil Qasımzadənin şirkətinə tender verilir. Bütün bunlar açıq-aydın Ramil Qasımzadənin sövdələşməyə getməsinin sübutudur. Hüquq mühafizə orqanları bu məsələni araşdırsın və müvafiq informasiya əldə etsin. Çünki, mən dövlət satınalmaları başda olmaqla digər dövlət qurumlarını başa düşürəm, çünki onlar hüquq müafizə orqanı deyil. Onların müvafiq addımlar atma səlahiyyəti yoxdur. Sadəcə prosesin özünə nəzarət edirlər.
Mən hesab edirəm ki, dövriyyəyə hüquq mühafizə orqanları qoşulmalıdırlar. Bu şəxsin ölkədəki son bir ayda 5 tenderin 4 –də qalib gəlməsi və Elm və Təhsil Nazirliyinin tenderində qalib gəlməsi o deməkdir ki, onun tərəfindən bütün məsələlər həll olunub, danışılıb. Bəri başdan mən bəyan edim ki, bu tenderdə də o qalib olacaq. Necə qalib olacaq? Onu da deyim. Artıq tenderin şərtlər toplusunda 2 şərt qoyulub ki, bu 2 şərt yalnız Qasımzadə olduğu üçün qoyulub. Sistem bundan ibarətdir ki, mən açıq korrupsiya və monopoliya sistemini açıqlayım. Qasımzadə hər tenderə bir neçə şirkətlə qoşulur. Həmin şirkətlər müxtəlif qiymətlər verir ki, hər hansı biri ehtimal olaraq qazana bilsin. Az verən şirkət qalib gəldiyi təqdirdə işi görməkdən imtina edir, iş onun növbəti şirkətinə keçir və həmin şirkət işi həyata keçirir və ödənişi əldə edir. Digər tərəfdən də şərtlər toplusu hazırlananda məhz Ramil Qasımzadənin iştirakı ilə həmin şərtlər toplusu hazırlanır. Misal üçün, Elm və Təhsil Nazirliyinin şərtlər toplusunda göstərilib ki, avqust ayının 20-də iştirak edən şirkətin büdcəsində 20 min olmalıdır. Bilirsiniz bu nə oxşayır? Elə bil ki, tapmacaya oxşayır ki, hansı şirkət müəyyən edir ki, hansı gün hesabında nə qədər pul ola bilər. Pul dövriyyədədir, ola bilər 19 min, 21 min olsun, ola bilsin ki, 5 min olsun. Söhbət əgər şirkətin gücünün yoxlanılmasından gedirsə, onun sifarişi yerinə yetirməsindən gedirsə o zaman şirkətin 1 illik vergidən hesabatı əldə olunur, bununla müəyyənləşir. Hesabında filan vaxt nə qədər pul olub, bu o deməkdir ki, iştirak edən şirkətlərdən birinin hesabında filan qədər pul olub, ona görə o tenderdə qalib gəlməlidir.
Digər tərəfdən, Elm və Təhsil Nazirliyinin 26 müəssisəsi qiymətləndiriləcək. Qiymətləndirmə barədə az-çox təsəvvürü olan adamlar bilir ki, bir müəssisənin qiymətləndirilməsi təqribən 5 gün, 1 həftə vaxt çəkir. Elm və Təhsil Nazirliyinin müvafiq qurumu bütün bu prosesə 15 gün vaxt ayırıb. Niyə? Çünki, qabaqcadan dövlət müəssisələri tenderin qalibini öz aralarında, dar çərçivədə müəyyən edir. Həmin tenderin qalibi hətta tender elan olunmamışdan belə sifarişi həyata keçirirlər. Bu saat Ramil Qasımzadə tərəfindən Təhsil Nazirliyinin 26 obyektinin özünəməxsus qiymətləndirilməsi yəni real qiymətləndirilmə deyil, əsassız və kortəbii qiymətləndirilməsi həyata keçirilib. Hazır şəkildə durur, sadəcə tenderin cavabını gözləyirlər ki, onu rəsmiləşdirsinlər.Yəni, vaxtilə mən müxtəlif qurumlara zəng edəndə belə bir cavabla rast gəlmişdim ki, bizim tender formal xarakter daşıyır və qalib artıq məlumdur, özünüzə əziyyət verməyin. Yəni bu arqument indi də öz qüvvəsindədir. Təhsil Nazirliyinin 26 obyektinin qiymətləndirilməsi istiqamətində elan olunan tender baxmayaraq ki, biz də qoşulmaq üçün müraciət etmişik və hal-hazırda şikayət etmişik müvafiq dövlət qurumlarına ki qanunsuz tələblər aradan qaldırılsın, əsas şərtlər toplusundan çıxarılsın. Və əgər çıxarılacaqsa biz də qatılacağıq, yəni, şirkət olaraq. Söhbət Azərbaycan Qiymətləndirmə Cəmiyyətindən getmir, mənim şəxsi rəhbəri olduğum “VECON CONSULTİNG”qiymətləndirmə şirkətindən gedir. Yəni söhbət ondan gedir ki, bütün şərtlər ona görə yönəldilir ki, bütün qiymətləndirilmə sektorundakı tenderlərdə Ramil Qasımzadə qalib gəlsin.
Mən sual edirəm, Ramil Qasımzadənin arxasında dayanan kimdir? Ramil Qasımzadəyə niyə “dur” deyilmir? Hərşey ortadırsa bu adam bütün tenderlərdə ortaya qoyulan məbləğləri mənimsəyirsə və eyni zamanda keyfiyyətsiz iş təqdim etməklə qiymətləndirmə sektorunu gözdən salırsa və eyni zamanda qiymətləndirici adından məhrum edilibsə və Azərbaycan Qiymətləndirmə Cəmiyyəti tərəfindən kənarlaşdırılıbsa, profesioanal göstəriciləri özündə ehtiva etməli olan sertifikatlar da sıfırlanıbsa, yəni əlindən alınıbsa niyə bu adama kimsə “dur” demir? Yəni məni maraqlandıran budur. Mən indi hal-hazırda səfərdəyəm. Bakıya döndükdən sonra bu məsələni daha da aktuallaşdıracam. Geri dönmək, geri durmaq fikrim yoxdur. Azərbaycan Respublikasının Prezidentinin elan etdiyi və özünün şəxsən rəhbərlik etdiyi antikorrupsiya, antirüşvətxorluq və şəffaflıq uğrunda mübarizənin bir vətəndaş kimi həmçinin AQC rəhbəri kimi üzərimə nə düşürsə onu edəcəm. Ramil Qasımzadəni və onun başında olan “çete”ni zərərsizləşdirəcəm. Və təbii ki, bu məsələdə ilk növbədə Azərbaycan Respublikasının Prezidentinə güvənirəm. İnanıram və ümid edirəm ki, bu məsələyə müvafiq strukturlar da reaksiya verəcək. Və eyni zamanda mən düşünürəm ki, hüquq mühafizə orqanları nəhayət bu adamın fəaliyyətini araşdıracaqlar. Ortada sənəd saxtakarlıqları var, ortada ciddi mənimsəmə var, ortada qanunsuzluqlar var, sövdələşmələr var. Və bunlar təbii ki, gözdən qaçırılmamalıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.