… Yenə payız gəldi
Payız… İlin özünəməxsus xüsusiyyəti, gözəlliyi ilə seçilən fəsli. Yayın qaynarlığı, nəfəstəngidən istisindən sonra insanlara sərinlik, rahatlıq, romantika bəxş edən məqamı. Yollar kənarında park və bağlardakı ağacların yamyaşıl yarpaqları yerə tökülüb xəzələ dönür. Donunu dəyişir təbiət. Ormandakı dəmirağacların sarımtıl, qırmızımtıl xurmayı yarpaqları yerə füsunkar bir görüntü bəxş edir.Rənbərəng görüntülər ruha bir xoş ovqat gətirir.
İlk yağışlardan sonra çaylar yeni coşqu ilə özünü göstərir. Coşqun sular dərələrdən axıb çaylarda birləşir.
Əsrarəngiz çalarları olan payız həm də xeyir-bərəkət fəslidir. Növbəti ilin barı-bəhrəsi üçün bünövrə yaradılır. Urranan tərəvəz sahələri şumlanıb hazırlanır. Elin sərvəti, vətənin qüdrəti olan taxıl əkilir.Çay sahələrində şum aparılır. Sitrus bağlarında qışa hazırlıq görülür. Yeni meyvə bağları salınır. Meşələr genişləndirilir. Bir sözlə, payız təbiət və insanlar üçün ən önəmli fəsildir.
Payızın axar-baxarlığı çox vaxt kənd və şəhərlərdə fəsadlar da törədir. Yağan yağışların sel-suları küçə və evlərə dolaraq fəlakətlər törədir. Gediş-gəlişi çətinləşdirir, bəzən də həyatı iflic hala salır. Belədə hamı əlaqədar təşkilatlardan gileylənir. Bu fəlakətin baş verməməsi üçün vaxtında hazırlığın görülməməsini iddia edirlər. Bu fikirdə həqiqət var. Bütün yayı fil qulağında yatan bəzi idarə və təşkilat rəhbərləri çöl-bayırı sel suları basanda yuxudan ayılırlar və ayılıb görürlər ki, sakinlər bu sel sularından böyük ziyan çəkiblər. Onda başlayırlar bəhanə axtarmağa: Bu il əvvəlki illərdən daha çox yağıntı olmuşdur ki, arxlar, kanallar, çaylar da bu qədər seli ötürməyə qadir olmadı. Doğrudur, təbii fəlakətlər ziyansız ötüşmür. Dünyanın hər yerində qarşısıalınmaz təbiət hadisələri baş verir. Elə hadisələr ki, hətta evlər uçur, insan tələfatı baş verir. Belə hadisələrdən heç kim, heç bir ölkə sığortalana bilməz.
Ancaq hazırda bəzi yerlərdə olan görüntülərə əsasən sual verə bilərik ki, bir çox kəndlərdəki çaylar, xəndək və kanalların dolmasından yaranan sel-suların yaratdığı çətinliklərin günahı kimdədir?
Ədalət naminə deyək ki, son illərdə çaylarımızın yataqlarının təmizlənməsinə çox böyük qayğı və diqqət var. Dövlət vəsaiti ilə Boradigah, Bədəlan, Təklə və digər kəndlərdəki çaylar bir neçə dəfə məişət tullantılarından əsasən təmizlənib. Ancaq növbəti ildə həmin çaylarda yenə də xoşagəlməz ürəkbulandıran natəmizlik davam edir. Belə vəziyyət ekologiyadan da təsirsiz ötüşmür. Sel suları çaylardakı cürbəcür ziyanlı tullantıları örüş sahələrinə aparır ki, bu da gələcəkdə mal-qara xəstəliklərinə rəvac verir, torpağın üst qatı zəhərlərnir, belə vəziyyətdə bitki örtüyünə də xeyli ziyan dəyir.
Çaylarımızdakı sular dağlardakı gur çeşmələrdən axıb gəlir. Göyərçin qanadı kimi saf suları bulandırmaq, çay yataqlarına ölmüş heyvanların və ev quşlarının, mal-qara içalatının, evlərdəki məişət tullantılarının atılması ekoloji cinayətdir ki, bundan təkcə insanlar deyil, təbiət özü də ziyan çəkir. Çaylara atılan tullantı ilə dolu kisələr bir yerə yığışaraq sel-sularının qarşısına sədd çəkir, nəticədə çaylar daşıb sahilətrafı evlərə ciddi ziyan vurur. Bəs görəsən bu tullantıları çaylara kim atır? Əlbəttə, özümüz, həmin kəndlərin sakinləri, sonra da günahı başqa yerdə axtarırlar.
Şəhər, qəsəbə və kəndlərimizdə payız yağışlarına, sel-sularına qarşı tədbirlər vaxtında həyata keçirilməlidir. Ötən illərdə Boradigah ərazisinin Mollaoba kəndindəki hadisə yaddan çıxarılmamalıdır. Mən həmin hadisənin şahidi idim. Kənddəki xəndək və kanallar məişət tullantıları ilə dolu idi. Yollardakı suaparıcı boruların ağzını torpaq və tullantılar tıxaclamışdı. Sakinlər isə buraya köməyə gələnləri qınayır və onları ağır sözlərlə atmacalayırdılar.
Bu gün kəndlərdə reyd keçirilsə yenə də küçələrdəki xəndəkləri bu vəziyyətdə görərik.
Masallı şəhərində də bu sahədə bəzi tədbirlər görülməlidir. Az da olsa yağış yağan kimi küçələrdə nəqliyyatın hərəkəti çətinləşir, sel-suları həyətlərə dolur.
Bir faktı nəzərə çatdırmaq istəyirik. Köhnə polis binası deyilən yerdən Kapital bank, Telekom, “Rahat” marketin qarşısından keçən primitiv arxın suyu “Rabitə bank”ın günçıxanında cəmləşərək buradakı yeraltı boru ilə Viləş çayına axır. Ancaq bir neçə ildir ki, suaparıcı dəmir boru əzilib, içərisi daş – torpaqla dolub. Odur ki, yuxarıdan gələn sular borudan keçə bilməyib burada böyük bir gölə dönərək ətrafı basır. Nəticədə adamların da nəqliyyatın da hərəkəti iflic vəziyyətə düşür. Şəhərin digər küçələrində də belə hallara təsadüf olunur. Bu barədə bir sıra təşkilatın rəhbərlərinə telefon zəngləri də olub. Ancaq çox da maddi vəsait tələb etməyən bu yerləri axtarıb-arayan olmayıb.
Payızda yağışlar yağar. Bu yağış həm də torpağa can verən bərəkətdir. Qoy yağsın. Bizə isə yağış sel-sularının axıb getməsi üçün əvvəlcədən profilaktik tədbirlər həyata keçirmək qalır. Sonra günahkar axtarmayaq.
Həsənağa ƏLİ MURTUZA.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
araz.az xəbər portalı.