Qərbi Azərbaycan İcmasında İSTAD (İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi) nümayəndə heyəti ilə görüş keçirilib.
araz.az xəbər verir ki, qonaqları salamlayan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, son 200 ildə Azərbaycan xalqı müsibətlər, soyqırımları və deportasiyalarla üzləşib, ötən əsrdə 4 dəfə tarixi torpaqlarından, Qərbi Azərbaycandan, indiki Ermənistan ərazisindən sürgün ediliblər. Soydaşlarımızın bu torpaqlardakı maddi – mənəvi irsi də dağıdılaraq məhv edilib, izləri silinməyə çalışılıb. İcmanın tarixçəsi, məqsədi və Qayıdış Konsepsiyası barədə məlumat verən sədr qardaş Türkiyənin hər zaman bütün məsələlərdə Azərbaycana verdiyi mənəvi dəstəyindən danışıb.

İSTAD (İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi) -nin rəhbəri Səfər Karakoyunlu İcmada olmaqdan məmnunluğunu ifadə edərək bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyətində təmsil olunanların əksəriyyəti Qərbi Azərbaycandan olan, 19-cu əsrin sonlarında qırğınlar zamanı İğdır, Qars, Ərdəhan və s ərazilərə köç etmiş şəxslərin varisləridir. Səfər Karakoyunlu İcmaya gəlməzdən əvvəl Qubada Soyqırımı Memorial Komleksində olduqlarını, burda erməni daşnakları tərəfindən törədilən vəhşiliklərin nəticələrini ürək ağrısı ilə izlədiklərini deyib. Qonaq Qərbi Azərbaycanı, İrəvan xanlığını nənə-babalarından, atalarından eşidən, özləri bu torpaqlardan sürgün edilən bu insanların bir gün geri qayıdacaqlarına inamlarının yüksək olduğunu ifadə edib.

Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Hikmət Babaoğlu İcmanın geniş fəaliyyət istiqamətləri, o cümlədən beynəlxalq miqyasda apardığı işə toxunaraq bu gün sərgilənən ikili standartlarla yanaşı bir qisim beynəlxalq təşkilatlardan icmaya verilən cavablardan da danışıb, Azərbaycanla Ermənistan arasında Brüssel danışıqlarında Qərbi Azərbaycanlıların geri qayıdışı məsələsindən bəhs olunmasını diqqətə çatdırıb.

Daha sonra Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahımqızı, İSTAD (İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi) -nin baş katibi Metin Yıldırım, Dərnəyin üzvləri Muharrem Yalçın, vəkil Erhan Yavuz danışaraq Qərbi Azərbaycanla bağlı fikirlərini bölüşdülər, ata – baba torpaqlarına geri qayıdış uğrunda birlikdə mübarizə aparmağın vacibliyini vurğuladılar.

Sonda hər iki tərəf bir- birinə xatirə hədiyyələri təqdim etdi.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.