Tez-tez pul vasitəsi ilə işə qəbul olmaq istəyənlərlə, hətta bu üsulla işə daxil olanlarla qarşılaşırıq. İşə düzəlmək üçün pul verilməsi, əslində, rüşvətdir və bu yolla işə düzəlməyə çalışmağın özü də yanlışdır. Yenə də bu yolla iş tapmağa çalışan gəncləri belə görürük. İlkin addımlar atmalı olduqları halda niyə o gənclər pul vasitəsi ilə işləyə biləcəklərini düşünürlər? Onları belə düşünməyə vadar edən səbəblər nələrdir?
araz.az valyuta.az-a istinadən xəbər verir ki, eşəkar idarəçi Fəxri Ağayev Valyuta.az-a açıqlamasında bu sualın cavabı sadədir: “Sadə olduğu qədər də geniş və dərindir. İş tapmaq və işləmək nə deməkdir? Bu o deməkdir ki, insan öz savad, bilik və təcrübəsi, bacarıq və yanaşması ilə hansısa quruma fayda verir, o qurum qazanır və ümumi qazancdan insanın zəhmət payına görə ona maaş və digər əlavə bonuslar şəklində ödəniş edilir. Burada açar sözlər “savad, bilik, bacarıq, təcrübədir”. Bir insanın savad və biliyi olmadığı təqdirdə, fərqli üsullara əl atır və bunlardan biri də işləmək üçün pul verməkdir”.
Həmsöhbətimiz sual edir ki, niyə insanlar pul verməsələr, işə daxil ola bilməyəcəklərini düşünürlər? Fəxri Ağayev buna səbəb kimi qohumbazlığı görür: “Cəmiyyətimizin və biznesimizin, iş dünyamızın və dövlət qurumlarının metastaz vermiş bir xəstəliyi var – qohumbazlıq və yerlibazlıq. Yerlibazlığın olduğu əmək bazarında isə heç bir doğru rəqabətdən söz belə gedə bilməz. Müasir düşüncəli nepotizmi, yəni qohumbazlığı pisləyən insanlar belə ölkənin ən qlamur və öndə olan şirkətlərdə işə öz tanıdıqlarını, rəfiqə və dostlarını cəlb edirsə, bu, o deməkdir ki, qohumbazlıqdan çox da fərqlənməyən, lakin iş dünyasında adı fərqli olan bir mühit formalaşır”.
Peşəkar idarəçi pul qarşılığında iş tapmağın başqa səbəblərini də sadalayır: “Mühitin pozulmasında və insanların pul qarşılığında iş tapması məsələsində yerinə uyğun olmayan, savadsız rəhbərlərin də rolu var. Bir insan savad və biliyi ilə deyil, hansısa şəxsi əlaqə sayəsində rəhbər təyin edilirsə və o insanın mənəvi dəyərləri güclü deyilsə, bu zaman o şəxs əlində olan imkanlardan maksimum faydalanmağa çalışır və nəticədə insanlara pul qarşılığında iş verilir”.
“Savadlıların istədikləri qurumlarda iş tapması realdır, amma azdır” kimi yanaşma da var. Fəxri Ağayev bildirdi ki, bu yanaşma insanlarda güvənsizlik yaradır: “Savadlılar iş tapmırmı? Təbii ki tapırlar. Lakin bu cür misallarımız və nümunələrimiz ümumi fonda azdır. Buna görə də insanlar dəqiq olsun deyə, əlavə iş axtarma və tapma yollarına müraciət edirlər”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.