Bu gün Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Yılmaz Karacanın başçılığı ilə respublikamızda səfərdə olan qardaş ölkənin media mənsublarından ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.
Mətbuat Şurasından araz.az-a daxil olan məlumatda bildirilir ki, qonaqları salamlayan MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun Türkiyədəki media orqanları və təşkilatları ilə sıx əlaqələrindən söz açıb. Bu əlaqələrin türk dünyası üçün nümunəvi xarakter daşıdığını vurğulayan R.Məcid əlavə edib ki, qarşılıqlı iş birliyinin güclənməsi ortaq həqiqətlərimizin dünyaya təbliği baxımından mühüm əhəmiyyət daşımaqdadır. O, həmçinin Türkiyənin qabaqcıl media təcrübəsinin ölkəmizdə tətbiqinin də müstəsna önəm kəsb etdiyini deyib.
Görüşdə Azərbaycan-Türkiyə media əməkdaşlığının hazırkı durumu, perspektiv hədəfləri barədə geniş fikir mübadiləsi aparılıb, mövcud sahədəki çatışmazlıqlara diqqət yetirilib, qazanılmış uğurların gələcək nailiyyətlər üçün baza olduğu bildirilib.
Toplantıda, həmçinin, MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli və qurumun icraçı katibi Əvəz Rüstəmov qonaqları Şuranın iş prinsiplərindəki spesifik məqamlarla tanış edib, sualları cavablandırıblar.
Emil CAMALOV.
araz.az xəbər portalı.