…Mərkəzi Bankın sədri hörmətli Taleh Kazımova sual: niyə və hansı qanuna görə müştəri eyni gündə bir neçə banka müraciət edə bilməz?
Mərkəzi Bankın yaratdığı «MKR» sistemi Domokl qılıncı kimi müştərilərin başının üstündə dayanaraq onları onsuz da yüksək faizli kreditdən məhrum edir və bankların, həmçinin məhsullarını kreditlə verən mağazaların qazanclarının itirilməsinə səbəb olur… Niyə? Gəlin bu suala birlikdə cavab axtaraq…
***
Azərbaycanda bank faizlərindən və bankın müştərilərə etdiyi bir çox haqsızlıqlardan şikayətçi olmayan, bəlkə də yoxdur. Dəfərlərlə Milli Məclisdə də bank faizlərinin həddindən artıq yüksək olması barədə deputatlar tərəfindən məsələ qaldırılıb. Amma necə deyərlər, “dəyirman öz işini görür, çax-çax baş ağrıdır”. El diliylə desək, banklar, yəni onların arxasında duran məmurlar, bildiklərini dədələrinə də vermirlər.
“Təzadlar”a bu məzmunda daxil olan şikayətləri araşdırmaq qərarına gəldim. Bu yazıda məqsədim bankın hamıya məlum olan yüksək faizlərindən yox, heç kimin fikir vermədiyi başqa bir ciddi məsələdən bəhs edim. Həmin məsələ bütün müştərilərə demək olar ki, çox ciddi başağrısı verir və bunu aradan qaldırmağı da banklar qətiyyən düşünmür.
Problem belədir: kredit götürmək üçün tutaq ki, Beynəlxalq Bankın hansısa bir filialına gəlirəm. Burada növbə götürüb gözləyirəm. Elektron lövhədə götürdüyüm növbənin rəqəmi çıxandan sonra, xidmət göstərəcək masaya yaxınlaşıram. Salam-kəlamdan sonra kredit götürmək istədiyimi deyirəm. Vay onda olur ki, kredit götürmək istəyən müştərinin yaşı ya 65-ə yaxındır, ya da 65-dən yuxarıdır. Deməli, bu zaman kreditdən əlini üzməlisən. Ən yaxşı halda, ya da maaşı 600 manatdan yuxarı olan zamin tapmalısan. İndiki zamanda isə heç qardaş-qardaşa zamin durmur. Pensiyaçıların isə pensiya aldığı kartı var. Ola bilməzmi ki, həmin karta uyğun pensiyaçıya müəyyən qədər kredit verilsin? Pensiyaçılara kreditin verilməsi barədə məlumatlar eşidirəm, amma dəqiq bilmirəm və mənə rast gəlməyib. Belə çıxır ki, pensiyaçının hər hansı bir xəstəsi olsa, onu müalicə etdirmək üçün pul tapa bilməyəcək. Nəticə isə indidən məlumdur.
Beləliklə, masada oturan bankın işçisi mənə kredit verib-verə bilməyəcəyini aydınlaşdırmaq üçün şəxsiyyət vəsiqəmin fin kodunu kompüterdə sistemə yazır. Eyni zamanda iki kağıza qol çəkdirir ki, mən banka «MKR» məlumatlarını araşdırmağa icazə verirəm. Bu «MKR» nədir? Deməli, Mərkəzi Bankda «MKR» adlanan bir sistem yaradılıb. Azərbaycanda fəaliyyət göstərən bütün bankların, kredit verən təşkilatların, mağaza şəbəkələrinin hamısı məcburi olaraq bu sistemə otuzdurulub.Yəni, bütün kredit təşkilatlarının müstəqilliyi əlindən alınıb. Banklardan kredit götürənlərin, pal-paltardan tutmuş, məişət avadanlıqlarına qədər, kreditlə satışı həyata keçirən bütün mağazaların müştərilərinin adları həmin «MKR»-ə yazılır. Müştəri pulu nə vaxt verdi və ya bir neçə gün gecikdirdi, həmçinin ümumiyyətlə, vermədi, bunların hamısı həmin məlumat bazasında qeydə alınır. Mağazalar isə, öz təcrübəmdən bilirəm ki, bu sistemdən narazıdır. Çünki müştəri ödənişi 5-10 gün gecikdirsə, mağaza buna güzəşt edir və onu gecikmə kimi qeydə almır. Amma «MKR» bunu gecikmə kimi qeydə alır və 10 il müştərinin adından bu gecikmə silinmir. Deməli, 10 il həmin müştəri heç bir bankdan pul və ya mağazalardan nəsə ala bilməz ki, adında gecikmə var. Buna hoqqabazlıq deməyək, nə deyək?
Mən mağazadan kreditlə özümə şalvar almağımın Mərkəzi Banka nə dəxli var? Mağazanın pulunu gecikdirmişəmsə, mağaza bilər, mən bilərəm. Mağaza ilə problemi özümüz həll edə bilməsək Məhkəmə var. Rəhbərlik məni verəcək məhkəməyə, vəssalam. Bəs burada Mərkəzi Bankın «MKR» adlı müştəriyə tələ sistemi nəyə xidmət edir? Bu sistem özünə dəxli olmayan müştərinin adını qara siyahıya salmaqda nə məqsəd və maraq güdür? Bu suala heç bir bankın işçisi dəqiq cavab verə bilmədi. Amma bu «MKR» sistemindən narazı olduqları açıq-aydın görünürdü. Onu da öyrəndim ki, hər hansı bir bank və ya mağaza bu başa bəla «MKR» sistemindən imtina edə bilmir. Çünki Mərkəzi Bankın bu «MKR» sisteminə daxil olma məcburidir. Görəsən niyə? Bunun «niyə»sini yəqin Mərkəzi Bankın sədri hörmətli Taleh Kazımov bilər.
Gəlirəm mətləbə: Respublika Sarayından üzü “Sahil” metrostansiyası tərəfə gedən yolun sol tərəfində yerləşmiş “Worldtelekom” mağazasından kreditlə ötən ilin oktyabrında aldığım “Redmi” markalı telefona ödədiyim pulu iyun ayında 7 gün gecikdirmişəm. Təsəvvür edin, telefonu satan sahibkar bundan narazı deyil və Problemli şöbənin Cəbrayıl adlı müdiri qeyd edir ki, 7 gün onlar üçün gecikmə sayılmır. Amma Mərkəzi Bankın «MKR» sistemi bunu gecikmə kimi qeydə aldığından, heç bir bank mənə kredit verə bilmir. «MKR» sisteminə baxan kimi “adında 7 gün gecikmə görünür” – deyib, mənə kredit verməkdən imtina edirlər. Bu gecikmə isə yuxarıda dediyim kimi 10 il müştərinin adında qalır. Ən maraqlısı odur ki, mağaza rəhbərliyi nə qədər özünü öldürsə də ki, 7 gün onlar üçün gecikmə sayılmır, amma Mərkəzi Bankın yaratdığı bu sistemi Domokl qılıncı kimi müştərilərin başının üstündədir. Əlimyandıda hansısa bir problem üçün pul götürmək istəyən müştərinin arzusu ürəyində qalacaq ki, neçə il bundan əvvəl adında hansısa bir telefona görə 7 gün gecikmə var?
***
Daha bir qanunsuzluqdan söhbət açmaq istəyirəm. Bəli, bankın işçisi mənim «MKR» məlumatlarımı yoxlayır, sonra kreditin verilib-verilməyəcəyi barədə mənə məlumat verir. Burada bir qanunsuzluğu (mən buna, hətta insan hüquqlarının pozulması da deyərdim), qeyd etmək istəyirəm. Mən bank işçisinin söylədiklərindən sonra öyrənirəm ki, bu bankın faizi, şərtləri məni qane etmir. Həmin günü mən başqa bir banka müraciət etmək istədim. Yaxınlaşdığım növbəti bir bankda şəxsiyyət vəsiqəmin fin kodunu kompüterə daxil edən kimi dedilər ki, nəinki kredit barədə məlumatları, hətta faizləri və şərtləri belə sizə deyə bilmərik. Bəs niyə? Ona görə ki, mən həmin günü başqa bir banka müraciət etmişəm, bu isə ümumi sistemdə qeydə alınıb. Əgər mən həmin gün bir banka müraciət etmişəmsə, deməli, üç gün ərzində əlavə heç bir banka müraciət etmək ixtiyarım yoxdur. Bütün məlumatları «MKR» vasitəsilə izləyən “AccessBank”ın «20 Yanvar» filialındakı işçisi mənə deyir ki, get bu gün müraciət elədiyin “Kapital Bank” sənə niyə kredit ayırıb-ayırmaması barədə arayış versin.
Burada bişmiş toyuğun da gülməyi gələr, ya gəlməz? Axı sən bu mənasız qurum olan «MKR» vasitəsilə mənim bütün məlumatlarımı, hansı bankdan, hansı tarixdə nə qədər kredit götürməyimi, hansı tarixdə kredit ödədiyimi, hansı ayda krediti bir neçə gün gecikdirdiyimi, bir sözlə, hamısını görürsən. Bəs sən onu görmürsənmi ki, həmin günü “Kapital Bank”dan mənim adıma kredit verilməyib? Sual olunur, bazar iqtisadiyyatı dövründə hansı bankın şərtləri məni qane etsə, oradan niyə kredit götürə bilmərəmmi? Yüksək əmək haqqı barədə arayış da təqdim edirəm, xeyri yoxdur. Bir də üç gündən sonra başqa bir banka müraciət edə bilərəm.
Həmin gün ağır xəstəm varsa, deməli, o, dünyasını dəyişməlidir. Çünki mənim üç gündən sonra başqa bir banka müraciət etmək şansım var. Axı özlərini müstəqil adlandıran banklar niyə belə şərtlər qoyublar? Bu hoqqabazlığı mən heç cürə başa düşə bilmirəm. Bankların fəaliyyətinə lisenziya verən Mərkəzi Bank bəs bu barədə nə düşünür? Bilmək maraqlı olardı. Əgər bu banklar özəl yox, Mərkəzi Bankın tabeliyindədirsə, bunu açıq desinlər. Yox əgər, müstəqil banklardırsa, onda nəyə görə Mərkəzi Bankın banklara məcburi yeritdiyi eyni şərtlə işləyirlər? Axı niyə belə yersiz şərtlərlə rəqabətliliyi məhv edib, müştərini özlərindən qaçaq salırlar? Bəs hanı bazar iqtisadiyyatının rəqabəti? Belə çıxır ki, banklar arasında heç bir rəqabət yoxdur, hamısı bir dirijorun çubuğu ilə idarə olunur.
Bütün bunlara aydınlıq gətirmək üçün Mərkəzi Bankın Banklara Nəzarət Şöbəsinin rəhbərliyinə yazılı surətdə şikayət məktubu verdim. Təxminən iki həftədən sonra rəsmi cavablar aldım.
Deməli, Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılarla iş Departamentinin direktor müavini Murad Məmmədovun imzası ilə 30 avqust 2023-cü il tarixdə 6-1-26/2-M-6729-0-9030/2023 saylı mənə ünvanlanmış məktubda oxuyuruq:
“Hörmətli Elçin Məmmədov!
Sizin Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) daxil olmuş 23.08.2023-cü il tarixli 6-1/1-M-6729-0/2023 nömrəli müraciətinizə baxılmışdır. Bildiririk ki, Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyənləşdirilir. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla əhatə olunan sahələr, habelə istehlakçıların və investorların hüquqlarının qorunmasından irəli gələn hallar istisna olmaqla, nəzarət subyektlərinin cari fəaliyyətinə qarışmır. Eyni zamanda “Banklar haqqında” Azərbaycan Respublikası qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komision haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.
Yuxarıda göstərilənlərə əsasən, kreditlərin verilməsinə dair qərarlar kredlit təşkilatları tərəfindən müstəqil şəkildə qəbul edildiyindən kreditin alınması məqsədilə respublika ərazisində fəaliyyət göstərən kredit təşkilatlarına müraciər edə bilərsiniz. Eyni zamanda infobank.az internet səhifəsinə daxil olaraq respublika ərazisində fəaliyyət göstərən banklardakı kredit məhsulları barədə məlumat ala bilərsiniz.
Əlavə olaraq tərəfimizdən müraciətiniz araşdırılması və cavablandırılması üçün müraciətinizdə qeyd olunan kredit təşkilatlarına ünvanlanmışdır. Nəzərə almağınızı xahiş edirik”.
Bu cavabdan göründüyü kimi, Mərkəzi Bank fəaliyyətinə lisenziya verdiyi və faizləri, şərtləri diktə eləməkdə bütün bankları sərbəst sayır. Belə yerdə deyirlər ki, andıra qalsın belə sərbəstliyi ki, 7 gün gecikməyə görə müştəri başını Mərkəsi Bankın boyunduruq kimi yaratdığı və özündən asılı elədiyi «MKR» halqasından qurtara bilmir.
Mərkəzi Bankın şikayətim əsasında 30 avqust 2023-cü il tarixli 6-1-26/2-M-0-9029/2023 saylı məktubu ilə “Kapital Bank” ASC-yə, “AccessBank” QSC-yə, “Azərbaycan Beynəlxalq Bank” ASC-yə və mənə ünvanlanmış digər məktubunda isə oxuyuruq: “Vətəndaş Elçin Məmmədovun Azərbaycan Respublikasının Mərkəzi Bankına daxil olmuş 22.08.2023-cü il tarixli 6-1/1-M-6729-0/2023 saylı müraciəti cavablandırılması üçün aidiyyəti üzrə sizə göndərilir. Müraciətə baxılmasının nəticəsi barədə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka və vətəndaşa məlumat verməyini xahiş olunur”.
Bu məktubu da Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin direktor müavini Murad Məmmədov imzalayıb.
Əvvala, mən Mərkəzi Banka yazdığım şikayət ərizəsində 7 gün gecikməyə görə mənə kredit verməkdən imtina edən 3 bankın adını yazandan sonra “və s.” sözünü yazmışam. Yəni, müraciət etdiyim bütün banklar 7 gün gecikməyə görə mənə imtina cavabı verib. Mərkəzi Bank isə, müraciətimi araşdırmaq üçün elə o 3 banka göndərib. İndi Mərkəzi Bankın diqqətinə 7 gün gecikməyə görə mənə kredit verməkdən imtina edən o biri bankların da adını təqdim edirəm: “Bank of Baku”, “YeloBank”, “Standart Bank”, “Bank respublika”, “XalqBank” və s. Bu banklar da mənə 7 gün gecikməyə görə kredit verməkdən imtina edib. Nə isə…
M.Məmmədovun imzası ilə adı çəkilən banklara göndərilən məktubdan sonra “AccessBank” QSC-dən bir xanım zəng edərək bir çox sual verib, cavab alandan sonra qeyd etdi ki, mənə geri dönüş olunacaq. Aradan iki həftə vaxt keçir, bank hələ də üzünü mənə döndərə bilmir. Ondan bir gün sonra isə “Beynəlxalq Bank”ın Şərifzadə filialından Orxan bəy mənə zəng etdi. O, da xeyli sual-cavab edəndən sonra məni filiala dəvət etdi. Burada yenə də «MKR» məlumatları ortaya çıxdı və qeyd etdi ki, adımda olan gecikmənin onlara dəxli yoxdur. Amma 65 yaşımın tamam olmasına üç ay qaldığı üçün mənə yalnız 600 manat kredit verə biləcəklərini dedi.
Burada qəşş edib gülməkdən özümü güclə saxladım. Axı mənə 5000 manat lazım idi. Bank isə pensiyaçıya kredit vermək istəmir.
***
Hörmətli Mərəzi Bankı rəhbərliyi, mənzərə Sizə aydın oldumu? Bu, elə bir mənzərədir ki, onu nə Pikasso, nə Rembrand, nə də Səttar Bəhlulzadə çəkə bilər. Belə əcaib mənzərəni, ancaq dünyanın heç bankında olmayan iki rəqəmli faizlərlə insanları müflis vəziyyətə salan Azərbaycan bankları çəkə bilər. Nə deyə bilərəm ki?!
İnanırıq ki, Mərkəzi Bankınn sədri, hörmətli Taleh Kazımov müştərilərə çox ciddi problem yaradan, eyni zamanda bankların və mağazaların qazancına mane olan bu süni, tələ məqsədli «MKR» sisteminin ya ləğv olunmasına, ya da təkmilləşdirilməsinə, daha sonra müştərinin eyni gündə bir neçə banka müraciət etməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına dair tədbir görəcək.
Elçin MƏMMƏDLİ.
P.S.Sonda: təsəvvür edin, baklar əhalidən əmanətləri 5-10 faizə qəbul edir, amma əhaliyə krediti ikiqat artıq faizlə verir… “Təzadlar”ın bu barədə də araşdırması olacaq…
araz.az xəbər portalı.