İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub. 

Bu barədə araz.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, əraziyə xüsusi texnikalar və canlı qüvvə cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb.

Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Bildirilib ki, sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.

***

Sosial şəbəkələrdə yayılan görüntülərdə körpünün çökməsi nəticəsində 1 avtomobilin aşdığı görünür. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

***

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Xaçmaz rayonu ərazisində Qudyalçayın üzərində yerləşən körpünün uçması ilə bağlı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Bu səbəbdən həmin ərazidən hərəkət edən marşrut avtobusları alternativ olaraq Quba – Xaçmaz, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və ya Xaçmaz şəhərinin daxilindən keçməklə fəaliyyətini davam etdirir.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Əlavə məlumat veriləcək.

 








araz.az xəbər portalı.

araz.az xəbər portalı.