ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə – hazırda ABŞ Federal Təhqiqatlar Bürosunun istintaqı altında olan senator Bob Menendezin 2023-cü il sentyabrın 14-də ABŞ Senatında təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan bəyanat verib. ABŞ rəsmisi Laçın yolunun dərhal açılmasını tələb edib və “Dağlıq Qarabağın əhalisinə qarşı” güc tətbiqini qəbul etməyəcəklərini bildirib.

araz.az xəbər verir ki, Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunub: “Əvvəla, ABŞ hökumətinə yaxşı məlumdur ki, Laçın yolu bağlı deyil. Bu yoldan Azərbaycanın qanunları çərçivəsində istifadəsinə əngəl törədən Azərbaycana qarşı ərazi iddiasında olan Ermənistan hökuməti və onun Azərbaycanın Qarabağ bölgəsində hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləridir.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə qarşı, əslində, mövcud olmayan təhlükə ilə bağlı Y.Kimin əsassız iddiası ilə bağlı soruşmaq istərdik ki, Ermənistanın öz ərazisindən 300 min, vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən 700 min azərbaycanlını qovmasına, Azərbaycan ərazilərini işğal etməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini qulaqardına vurmasına, 20 mindən çox azərbaycanlı mülki şəxsi öldürməsinə, 900-dən artıq Azərbaycan yaşayış məskənini viran qoymasına, Azərbaycan ərazilərinin bir hissəsini çirkləndirməsinə, əsir və girov götürdüyü 4000-dən çox azərbaycanlının taleyinə aydınlıq gətirməməsinə ABŞ hökuməti nə üçün biganə qalıb?

Azərbaycan və Ermənistan arasında münasibətlərin və yerdə vəziyyətin bütün incəliklərindən xəbərdar olan ABŞ hökumətinin azərbaycanlılara qarşı törədilmiş bu qədər haqsızlığa göz yumması, Ermənistanın əsassız iddialarını dəstəkləməsi ABŞ-ın nə “insan haqlarının qlobal müdafiəçisi” kimi, nə də Azərbaycan və Ermənistan arasında sülhü təşviq edən tərəfdaş kimi rollarına uyğun gəlmir.

Sülhdən, ədalətdən dəm vuran ABŞ hələ də Ermənistandan öz ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmağı, qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsini tələb etmir. ABŞ-ın postsovet məkanında digər ölkələrin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıdığı, separatizmə qarşı çıxdığı bir şəraitdə, Azərbaycana gəldikdə yenə də nala-mıxa vurması qəbuledilməzdir. Y.Kimin əmr şəklində danışıq tonu da yersizdir. Dövlət Departamentinin rəsmisi ünvanları səhv salıb. Y.Kimə xatırladırıq ki, ABŞ siyasətçiləri, diplomatları yeri gəldi-gəlmədi hər yerdə Amerikanın suverenliyi məsələsini qabardırlar. Azərbaycanın suverenliyi heç bir ölkənin, o cümlədən xanım Kimin təmsil etdiyi ABŞ-ın suverenliyindən əskik deyil.

ABŞ hökuməti Ermənistanın yalanlarına uymamalı, insan hüquqlarının müdafiəsi məsələsində etnik ayrı-seçkiliyə yol verməməli, Azərbaycanın daxili işlərinə müdaxilə etməməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməlidir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.