araz.az gundemxeber.az-a istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində, hansı ki, Abşeron rayonunun Perekeşkül qəsəbəsinə yaxın ərazidə yerləşən, həmçinin Müdafiə Nazirliyinin tabeliyində olan və “N” saylı hərbi hissənin təlim mərkəzinin torpaq sahələrinin heç bir rəsmi vəzifəsinin olmadığı bildirilən Akif Axundov adlı şəxslə, Müşfiqabad bələdiyyəsi rəhbərliyinin əlbir olaraq satmaları barədə məlumatlar, məhz ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilməkdədir. Düzdür, gundemxeber.az xəbər portalının redaksiyasına daxil olan məlumatlarda qeyd olunur ki, bu cür çirkin əməllərin həyata keçirilməsində əsas rolu Akif Axundov oynayır.
Yəni, bu şəxs heç bir rəsmi vəzifə sahibi olmasa da, o, həm müştəri tapılmasında, həm də ərazidəki torpaqların satışında əsas söz sahibi olur. Müşfiqabad bələdiyyəsi rəhbərliyinin rolu isə ondan ibarət olur ki, Akif Axundovun qeyri-qanuni satışını həyata keçirdiyi torpaq sahələrinə bələdiyyə tərəfindən formal da olsa sərəncam verilir.
Akif Axundovla Müşfiqabad bələdiyyəsi rəhbərliyinin düzüb-qoşduqları işbirliyi sayəsində qol qoyulan ən böyük qanunsuzluqlardan biri də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansına aid torpaq sahələrinin satılması olur. Bəli, bu yöndə məlumatlar redaksiyamıza daxil olduqdan sonra qeyd olunan ərazidə olduq və gözlərimizlə gördüklərimizdən sanki dəhşətə gəldik. Yəni, baş verənlərlə bağlı tərəfimizdən çəkilişlər həyata keçirərkən bəlli oldu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansına aid torpaq sahələrində salınmış zeytun və digər növ ağaclar məhv edilmiş və ərazidə mişar daşından uzun hasarlar çəkilmişdir, çoxsaylı tikinti işləri həyata keçirilmişdir. Bəzi sahələrdə isə işbazlar zeytun ağaclarını kökündən çıxarmışlar. Elə ağaclar da var ki, onlar vətəndaşlara satılmış torpaq sahələrinin hasarlarının iç tərəfində qalmış və yəqin ki, çox yaxın vaxtlarda həmin ağacların ömür yollarına birdəfəlik “əlvida” deyiləcək.
Qeyd edək ki, mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən «Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir» demişdir. Belə bir kəlamın işlədilməsi bir daha onu söyləməyə əsas verir ki, mərhum prezident Heydər Əliyevin həmişə ətraf mühitlə bağlı problemlərə xüsusi diqqət göstərmiş və bəlli münasibətini də ortaya qoymuşdur. Ümumiyyətlə, mərhum prezidentimiz hakimiyyət illərinin bütün dönəmlərində yaşıllıqların qorunmasına, yaşadılmasına xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması üçün aidiyyəti qurumlara lazımi tapşırıqlarını da vermişdi. Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin »Ekologiya ili» elan olunması da, bir daha ölkə rəhbəri səviyyəsində ətraf mühitə bəslənilən diqqət və qayğının varlığını göstərmiş oldu.
Baş verən belə bir olaylardan sonra ortaya maraqlı və olduqca düşündürücü suallar çıxır. Tutaq ki, Akif Axundovla Müşfiqabad bələdiyyəsinin rəhbərliyi əlbir olub torpaq sahələrini satmaqla qazanc əldə etmək fikirinə düşürlər və az sonra da belə bir addımlarını atırlar. O halda sual oluna bilər ki, görəsən hər iki tərəfin qanunsuzluğa söykənən əməllərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları niyə göz yumurlar? Yəni, əraziyə cavabdehlik daşıyan ekoloqlar hansı səbəbdən vaxtında qabaqlayıcı addımlarını atmırlar? Bu da onu ehtimal etməyə əsas verir ki, Akif Axundovla Müşfiqabad bələdiyyəsinin rəhbərliyi qanunsuzluq əməllərinə qol qoyarkən, əraziyə cavabdehlik daşıyan ekoloqların da maraqları təmin olunur. Məsələnin daha çox diqqəti cəlb edən tərəfi isə, problemlərin yaşanmasında əsas rolu oynayan və heç bir rəsmi vəzifə sahibi olmadığı bildirilən Akif Axundovun ünvanladığımız suallara verdiyi cavablar, söylədiyi bəzi açıqlamalar və s. oldu. Belə ki, bu şəxsə məxsus mobil telefona zəng edib məsələlərə münasibət bildirməsini xahiş etdikdə o, “Siz kimsiniz ki, araşdırma aparırsınız, mən o, şəxsi həbs etdirəcəyəm.
Siz Qaradağ polisinə gəlin, mən sizi ora dəvət edirəm” deməklə, bizə hədə-qorxu gəlməyi də unutmadı. Hətta bu azmış kimi o, bizimlə telefonla danışa-danışa Qaradağ RPİ-nin hansısa əməkdaşı ilə də telefon bağlantısı qurdu və həmin polis əməkdaşına “Mənə bu nömrədir zəng edən, orda qeyd edin” deməyi də unutmadı.
Bəli, Akif Axundovun danışıq ritorikasına, bizə hədə-qorxu gəlməsinə, heç bir rəsmi vəzifə sahibi olmadığı halda bizi Qaradağ Rayon Polis İdarəsinə dəvət etməsi, polis əməkdaşına sanki əmr və göstəriş verməsinə diqqət yetirdikdə, sanki düşüncələrimizdə müxtəlif fikirlər də formalaşır. Yəni, görəsən bu şəxs hansı statusa, hansı ixtiyara sahibidir ki, o, bizi polis adından Qaradağ RPİ-nə dəvət edir? Demək, bu şəxs öz-özlüyündə o qədər özündən arxayındır ki, polis adından çıxış edərək bizi polisə dəvət edir. Yəqin ki, bu heç cür belə ola bilməz və faktdır ki, Azərbaycan polisi qanunla müəyyən edilmiş səlahiyyətlərə malikdir.
Bir sözlə, Akif Axundovun bir növ polis adından çıxış edərək bizi Qaradağ RPİ-nə dəvət etməsi heç cür yolverilməzdir və qanun da buna yol vermir. Ona görə də düşünürük ki, bu məsələ Azərbaycan Respublikasının Daxili İşlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun diqqətini cəlb edəcək və Akif Axundovun bu cür şifahi səlahiyyət mənimsəmə əməllərinin araşdırılması üçün, cənab Nazir aiddiyatı üzrə lazımi tapşırığını da verəcək.
Bir daha arşı tərəfin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.