“Rusiyanın geri çəkilməsilə Ermənistanın öz ərazisində sərhəd-keçid məntəqələrini qurmaq hüququnu bərpa edə bilər. Odur ki, yaxın zamanlarda Zəngəzur yolunun açılması mümkündür”.
araz.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında REAL-ın icra katibi Natiq Cəfərli bu lin dekabrına qədər Zəngəzur dəhlizinin açıla biləcəyilə bağlı fikirləri şərh edərkən deyib.
Natiq Cəfərlinin sözlərinə görə, Zəngəzur yoluna ciddi maraq var və bu koridor açılacaq:
“Dünya israrla müxtəlif istiqamətli yollar axtarır. Ən cəlbedici yollardan biri də Azərbaycan üzərindən keçməklə, Türkiyəyə, oradan da Avropa İttifaqı ölkələrinə qədər uzanacaq. Hesablamalara görə, Pekindən çıxan yük həmin yolla 16 günə Londona çatır. Bu səbəbdən də Zəngəzur yoluna ciddi maraq var və bu dəhliz açılacaq”.
Ekspert bildirib ki, dəhlizin açılmasının qarşısını kəsən əsas məsələ heç də Ermənistanla Azərbaycan arasında olan fikir ayrılığı deyil. Nikol Paşinyanın son açıqlaması sübut edir ki, əsas problem İrəvanla Moskva arasındadır:
“Rusiya həmin yolda gömrük və sərhəd-keçid məntəqələrinin birbaşa öz nəzarətində olmasını tələb edir. İrəvan isə yolun açılmasına etiraz etmir, amma bir şərtlə ki, Ermənistanın nəzarətində olsun. Məhz bu məsələ ətrafında ciddi fikir ayrılığı var. Bu məsələ həll olunar, Ermənistanın öz ərazisində sərhəd-keçid məntəqələrini qurmaq hüququ bərpa olunarsa, Zəngəzur yolunun da yaxın gələcəkdə açılması mümkündür”.
Natiq Cəfərlinin sözlərinə görə, Türkiyənin nəqliyyat naziri də bu barədə bəyanat verdi ki, həmin yol açılacaq:
“Bu da o deməkdir ki, məsələ ilə bağlı bilmədiyimiz danışıqlar gedir. Danışıqlar nəticəsində də ilkin razılaşmalar var. Güman ki, yaxın gələcəkdə yol açılacaq”.
Qeyd edək ki, rusiyayönümlü erməni bloqer Mika Badalyanın yazdığına görə, Zəngəzur dəhlizi 2023-cü ilin dekabr ayına qədər açılacaq. Erməni bloger Zəngəzur dəhlizinin Qərb tərəfindən açılacağını iddia edir. Sübut olaraq da o, “Googlemaps”a istinad edərək bidlirib ki, Qərb Zəngəzur dəhlizini 2023-cü ilin dekabrında açmağı planlaşdırır. “Googlemaps”da Zəngəzur və Naxçıvanı birləşdirən magistralın bir hissəsinin dekabr ayında istifadəyə veriləcəyi məlumatları qeyd olunub. Bu hissənin açılması ancaq Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün mümkün ola bilər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.