Xeyli müddətdir ki, Ermənistan-Azərbaycan sərhədində, ölkəmizin rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazisində vəziyyət gərgindir.
araz.az xəbər verir ki, erməni tərəfinin təxribatları intensiv hal alıb. Gün ərzində bir neçə dəfə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Ermənistanı bu təxribatlara ölkədaxili dairələr və beynəlxalq güc mərkəzləri təhrik edir. Lakin bu məsələdə xarici faktor xüsusi yer tutur. Bəllidir ki, Rusiya daim bu proseslərdə aktiv rol oynayıb. Çünki Ermənistan Rusiyanın hərbi-strateji müttəfiqidir, KTMT və Avrasiya İqtisadi Birliyinin üzvüdür və Moskva bu ölkədə geniş təsir imkanlarına malikdir.
Daha doğrusu, Kreml hər zaman Cənubi Qafqazda geostrateji və hərbi-siyasi nüfuzunu qoruyub saxlamaq, eləcə də geosiyasi məqsədlərini həyata keçirmək üçün Ermənistandan məharətlə istifadə edib. Son otuz ildə Moskva Cənubi Qafqazı əldə saxlamaq üçün münaqişə amilinə üstünlük verib. Ancaq əvvəlki proseslərə nisbətən regionda bu dəfə Rusiyadan daha çox Fransanın rolu açıq görünür. Demək olar ki, Rusiya, hətta İran belə kənara çəkilib. Emmanuel Makronun anti-Azərbaycan bəyanatları, fransalı merlərin Ermənistanın Laçın yoluna yaxın ərazisinə gəlməsi və Qarabağda qondarma quruma açıq dəstəyindən sonra İrəvanın Azərbaycana qarşı təxribatları çoxalıb.
Habelə Paşinyanın və onun komandasının Rusiyaya qarşı ittihamları və münasibətlərdə gərginlik Fransanın rolunu ön plana çıxarır. Qərbi-mərkəzi Afrika və Aralıq dənizində dayaqları zəifləyən Fransa Ermənistanda hərbi-siyasi və iqtisadi cəhətdən möhkəmlənmək niyyətindədir. O, bir çox regionlarda olduğu kimi Cənubi Qafqazda da Türkiyənin möhkəmlənməsini həzm edə bilmir. Türkiyənin bu regiondakı proseslərə müdaxiləsinin qarşısını almaq üçün Fransanın Ermənistandan istifadəsi şübhə doğurmur.
Ağ Evdən gələn təlimat?
Ermənistanın təxribatlarında ABŞ-ın da rolu ola bilər. Doğrudur, ABŞ sülh təşəbbüsləri ilə çıxış edən mühüm vasitəçi hesab olunur. Vaşinqton formatı çərçivəsində Bakı və İrəvan arasında keçirilən son sülh danışıqlarında bəzi uğurlar da var. Lakin ABŞ-ın Cənubi Qafqazda əsas geostrateji hədəfi Rusiyanın regiondan kənarlaşdırmaqdır və sülh prosesində vasitəçilik təşəbbüsü məhz buna istiqamətlənib. ABŞ da imperalist dövlətdir, istənilən regionda öz maraqlarını təmin etmək üçün gərginliyə də əl ata bilər.
Belə olan halda Qərb bir güllə ilə iki quş vurmaq istəyir?
Xeyli müddətdir ki, Nikol Paşinyan Qərbin, xüsusilə ABŞ və Fransanın təlimatları əsasında hərəkət edir. Əslində Qərbin təlimatları Paşinyan hakimiyyətinin özünə də sərf edir. Çünki Qərb də, Paşinyan da bölgədə hərbi-siyasi vəziyyətin gərginləşməsində iki əsas məqsəd güdürlər.
İki proses və bir məqsəd
Birinci məqsəd birbaşa Qarabağ məsələsi ilə bağlıdır. Paşinyan Praqa və Brüssel görüşlərində Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb, Ermənistanın qonşuları ilə münasibətlərinin normallaşmasının zəruriliyini vurğulayıb. Amma Paşinyanın bu addımları nə Ermənistan ictimaiyyəti, nə də erməni lobbisi tərəfindən xoş qarşılanır. Erməni ictimaiyyəti Azərbaycanla sülhün bərqərar olunmasına hazır deyil, çoxluq sülh sazişinə qarşıdır. Ermənistanda bir çoxları hələ də İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs çıxarmayıblar. Bu da Paşinyanı çıxılmaz vəziyyətdə qoyur. Qərb də bunu çox yaxşı bilir. Belə olan halda Qərbin Paşinyan hakimiyyətinə Azərbaycanla vəziyyətin gərginləşdirilməsi ilə bağlı təlimat verməsi inandırıcı görünür.
Ona görə ki, vəziyyətin kəskinləşməsi Azərbaycanla hərbi toqquşmalara gətirib çıxara bilər və bu qısamüddətli toqquşmalarda Ermənistan yenidən ağır məğlubiyyətə uğradılacaq. Bundan sonra isə Paşinyan öz bəyanatlarında Azərbaycanla münaqişəyə mütləq son qoyulmasının vacibliyini vurğulayacaq. Yəni Paşinyan erməni xalqına başa salacaq ki, Qarabağ məsələsi və qonşu dövlətə qarşı ərazi iddiaları Ermənistanı daha dəhşətli fəlakətlərə düçar edir.
Qərbdə hesab edə bilərlər ki, növbəti ağır məğlubiyyət erməni cəmiyyətini ağıllandıracaq və regionda sülhün vacibliyini anlamağa vadar edəcək. Bunun baş verəcəyi təqdirdə Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalayacaq.
Rusiyaya qarşı açıq plan
İkinci məqsəd isə Ermənistanda anti-Rusiya və anti-KTMT təbliğatının intensivləşməsi üçün zəmin yaratmaqdır. Düzdür, Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşması o qədər də asan olmayacaq. Bu prosesə uzun illər tələb oluna bilər, bunun üçün ilk növbədə Azərbaycanla sülh müqaviləsi imzalanmalı və Türkiyə ilə sərhəd açılmalıdır. Ermənistanın Türkiyə vasitəsilə Avropaya çıxış yolu əldə etməsindən sonra bu proses daha da canlana bilər. Ermənistan ABŞ-ın “ağuşuna” düşdüyü halda İrəvan Rusiyanın təsir dairəsindən rahatlıqla xilas ola bilər. Ermənistan növbəti dəfə ağır məğlubiyyətə uğradıqdan sonra Paşinyan anti-Rusiya və anti-KTMT təbliğatını daha rahat aparacaq.
Erməni xalqına təlqin etməyə çalışacaq ki, Rusiya və KTMT Ermənistanın təhlükəsizliyini təmin etmir, Rusiya onlara xəyanət etdi, Gümrüdəki rus hərbi bazası Ermənistana heç bir fayda vermir, Ermənistanın yeganə xilas yolu NATO və Avropa İttifaqıdır. Paşinyan son açıqlamasında Ermənistanın təhlükəsizliyinin Moskvadan tam asılı olmasını səhv olduğunu deyib. O, ABŞ hərbiçilərini ölkəsinə dəvət etməklə təhlükəsizlik məsələsində NATO ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.
Bütün bunlar nə ilə nəticələnəcək?
Bu iki siyasi proses Qərb üçün önəmli divident hesab olunur. Çünki Türkiyə ilə sərhəd açılandan sonra İrəvanın Avropa İttifaqına və NATO yolundakı manelər aradan qalxacaq. Qərbdə hesab edirlər ki, bu iki prosesin orta və ya uzun müddət sonra baş verəcəyi təqdirdə Ermənistanda rus hərbi bazasına ehtiyac qalmayacaq, İrəvan KTMT və Avrasiya İqtisadi Birliyini tərk edəcək. Nəticə etibarı ilə Ermənistan Moskvanın əlindən çıxacaq. Sözsüz ki, Ermənistanın itirilməsi Rusiyanın Cənubi Qafqazda geostrateji mövqeyinə ciddi zərbə vuracaq və nüfuzunu minimuma endirəcək.
Qarabağda rus sülhməramlıları çox qalmayacaq, bölgəni tərk edəcəklər. Bunun əvəzində isə ABŞ və Fransa Ermənistanda möhkəmlənməyə və bu ölkə vasitəsi ilə regionda öz təsir imkanlarını artırmağa çalışacaq. Əlbəttə, Türkiyə, Çin və digər güc mərkəzləri də bu boşluqdan istifadə edib regionda möhkəmlənəcəklər. Yuxarıda qeyd etdiyimiz iki proses məhz buna istiqamətlənib.
Amma onu da nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda gələcək siyasi proseslər həm də Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır. /cebheinfo.az/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.