Vətəndaşların ən çox müraciət etdiyi xəstəxanalardan biri də 26 saylı Birləşmiş Şəhər Xəstəxanasıdır. Xəstəxana Xəzər rayonu ərazisindəki ən iri səhiyyə ocağıdır və ümumi ərazisi 4 hektardır. Xəstəxanada uşaq, cərrahiyyə, anesteziologiya, reanimasiya, ginekologiya, doğuş, sinir və daxili xəstəliklər, təcili yardım şöbələri, qadın məsləhətxanası fəaliyyət göstərir.

Bura qədər hər şey qaydasındadır. Amma bir məsələ var, həm də narahatedici məsələ. Belə ki, burada xəstələrin və onları müşayiət edən yaxınlarının rahatlığı üçün ürəkaçan infrastruktur yoxdur. Xəstə deyəndə ilk ağıla yorğun, taqətsiz, əyilib-bükülən adamlar gəlir. Di gəl ki, bu xəstəxananın nə həyətində, nə də ki nəzdində o yorğun, taqətsiz insanların oturub nəfəslərini dərməsi üçün skamyalar, oturacaqlar, adi stullar belə yox səviyyəsindədir. Təbiətin fəsillər üzrə dəyişməsi zamanı pasiyentlərin yayın isti Günəşindən, payızın leysan yağışlarından, qışın qarından qorunması üçün də lazımi şərait yaradılmayıb. Nəzərə alsaq ki, sözügedən sağlamlıq ocağı 5 mərtəbədən və korpuslardan ibarətdir, xəstəxana rəhbərliyinin iradımıza qarşılıq foto şəklində təqdim etdiyi 6 skamya olduqca azdır, yaxud, yoxa bərabərdir.

araz.az xəbər verir ki, əsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Publika.az-a açıqlama verib.

O qeyd edib ki, İcbari Tibbi Sığortanın tətbiqindən sonra əhalinin xəstəxanalara daha çox getməsi gözlənilən bir addım idi:

“Hazırda insanların kifayət qədər tibb müəssələrinə getdiklərinin şahidi oluruq. Səhiyyə müəssələrinin intensiv işləməsini təmin etməklə yanaşı, işin quruluşunda doğru olmayan məsələlər də var. Bu da bir çox problemlərin yaranmasına gətirib çıxarır. Hər bir səhiyyə müəssisəsinin qəbul və gözləmə yerləri insanlar üçün əlçatan və rahat olmalıdır. Müəssisələrin yalnız içinə köklənmək lazım deyil. İçi ilə yanaşı həyətlərində də vətəndaşlar üçün oturacaqlar, gözləmə yerlə tikilməlidir”.

Deputat diqqətə çatdırıb ki, bu gün insanlar poliklinika və xəstəxanalarda saatlarla növbə gözləyir:

“Hər bir xəstəxana rəhbərliyinə ilin əvvəlindən qanunvericiliyə əsasən satınalma planında proqnozlar verməlidir. Bu proqnoz nəticəsində lazımi avadanlıqlar alınmalıdır. Satınalma prosesində təkcə xəstəyə lazım olan avadanlıqlar almaq düzgün deyil. Təmir tikinti işləri də daim nəzarətdə olmalıdır. Təbii ki, burada ehtiyacın düzgün müəyyənləşməsi vacibdir. Tibbi cihazlar, texniki avadanlıqlar, təsərrüfat mallarının alınması daim diqqətdə olmalıdır. Dövlət hər bir xəstəxanaya büdcə ayırır. Bu vəsaitdən səmərəli istifadə olunmalıdır. Əsas məqsədimiz insanların məmnuniyyətidir”.

Bu barədə sorğumuza cavab olaraq 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Abbas Əliyev bildirib ki, xəstəxananın nəznində 6 ədəd oturacaq var.

“Onlardan ikisi inzibatı binanın qabağında yerləşir. Dördü isə poliklinikanın qarşısındadır. Həmçinin poliklinikanın içində də çox sayda oturacaq var. Növbəti satınalmada təzə oturacaqların alınması nəzərdə tutulub. Tez bir zamanda xəstəxana daha çox oturacaqlarla təmin olunacaqdır”.

Aysel Şahmar

araz.az xəbər portalı.

araz.az xəbər portalı.