karantin polis cerime 130620 02

“Son dövrlər dünyanın bir sıra ölkələrində, eləcə də qonşu Türkiyədə koronavirusa yoluxma sayının artması, eləcə də yeni ştamın ortaya çıxması Azərbaycanı da zəruri profilaktik tədbirlər görməyə məcbur edir. COVID-19-a yoluxmaların sayı artarsa, karantin tədbirləri qaçılmazdır”.

araz.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib.

Onun sözlərinə görə, COVID-19-un yeni ştamı olan “Eris”in bir xüsusiyyəti var ki, insanların immun sistemində gizlənə bilir. Bu xüsusiyyətinə görə yeni ştam insanlarda ağırlaşmalara səbəb ola bilər:

“Bu səbəbdən insanlar maksimum şəkildə qorunmalıdırlar. Əsasən də vaksinasiyası olmayan insanlar təhlükə altındadır. Həmçinin yanaşı xəstəlikləri, onkoloji, revmatoloji xəstəliyi və immun sistemi aşağı olanlar risklə üz-üzədir. Hamilə və azyaşlılar xüsusən özlərini qorumalıdırlar. Bol maye qəbul etməli, maskadan istifadə olunmalıdır. Havalar soyuduğu üçün mövsümi infeksiyaların yayıldığı bir dönəmdəyik”.

Həkim-infeksionist qeyd edib ki, sərhədlər açıq olduğu üçün insanlar diqqətli olmalı, özlərini qorumalı və vaksinasiya olunmalıdırlar. Çünki immun sistemi aşağı olanlar nəinki koronavirusun “Eris” növünə, bütün ştamlara yoluxa bilərlər: “Qida rejiminə xüsusi diqqət yetirmək lazımdır. Həmçinin gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə saxlamaq, toplum olan yerlərdən uzaq durmaqla insanlar özlərini və yaxınlarını qoruya bilərlər”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.