Bu yaxınlarda bir çox insanın telefonuna ikimərhələli təsdiqləməni aktivləşdirmək üçün mesajlar göndərilib. İkimərhələli təsdiqləmə nə üçün vacibdir? Bunu niyə aktivləşdirməliyik?

araz.az qeyd edir ki, İT mütəxəssisi Elvin Həsənov valyuta.az-a açıqlamasında, ikimərhələli təsdiqləmənin təhlükəsizliyimiz üçün vacib olduğunu bildirib: “Son zamanlarda “Whatsapp”la bağlı bir sıra problemlər yaşandı. Kim ikili təhlükəsizliyi aktiv etməmişdisə, həmin şəxslərin hesabları ələ keçirildi. Ümumiyyətlə, günümüzdə istifadə etdiyimiz istər korporativ, istərsə də şəxsi mail ünvanlarına belə ikili təhlükəsizlik sistemi lazımdır. Fərz edək ki, bir şəxs bizim mail ünvanımızı və kodumuzu bilir. O rahatlıqla bizim mail ünvanımıza daxil ola və istənilən şəxsə istər təhqiramiz, istərsə də hər hansı bir qeyri-ciddi ifadələr bildirə bilər. İnformasiya (məlumatların) təhlükəsizliyinin qorunması üçün adicə korporativ qurumlarda e-mail-lərdə ikili təhlükəsizlik faktorunun tətbiq edilməsi mütləqdir”.

E.Həsənov ikimərhələli təsdiqləmə metodlarından danışdı: “Əgər hesabının adını, kodunu bilən şəxs hesaba daxil olmağa cəhd göstərsə, ikinci təsdiq kodu tələb edəcək. İkinci təsdiq kodu SMS, telefonda olan hər hansı bir proqram vasitəsilə göndərilə bilər. Yaxud biz bunu hər hansı fləşkart vasitəsilə də təsdiqləyə bilərik. Bundan başqa digər təsdiqləmə metodları ola bilər. İkili təsdiqləməyə sadə bir misal bunu göstərmək olar ki, mailə və yaxud bir sıra sosial şəbəkələrə daxil olan zaman bizdən müəyyən pazlı düzəltməyi tələb edir. Bu pazl özü də ikili təhlükəsizlik faktordur. Bu pazlla hesaba daxil olmaq istəyən şəxsin robot olub-olmaması yoxlanılır”.

Mütəxəssis qeyd etdi ki, hesabımızın şifrəsi müxtəlif kiber üsullarla ələ keçirilə bilər: “Müxtəlif sosial şəbəkələrdə və “Whatsapp” kimi proqramlarda siz hesabın kodunu heç kimə deməsəniz belə, müxtəlif kiber üsullarla sizin parolunuzu ələ keçirə bilərlər. Bunu ən sadə örnəyi “Whatsapp”a gələn bu tərzdə mesajlardır: “Siz lotoreyanın qalibi olmusunuz. Bu linkə daxil olaraq pulunuzu alın”. Siz hər hansısa linkə keçid edərək cihazınızın daxilindəki məlumatlara əlçatanlığına icazə versəniz, bütün məlumatlarınız qarşı tərəfin bazasına köçürüləcək. Bu zaman sizin telefonunuzda olan hesab şifrələri belə qarşı tərəfin əlinə keçə bilər. Buna görə ikili təhlükəsizliyin bütün sosial media hesablarında, “Whatsapp”da, “İnstagram”da, “Telegram”, “Facebook” və s-də aktiv edilməsi mütləqdir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.