Ölkəmizdə siqaret və tütün məmulatlarının qiymətlərinin bahalaşması haqqında xəbəri bu gün keçirilən “Qarabağ” mitinqində eşitdik. Mitinq iştirakçıları deyirdilər ki, bu gün günorta saatlarından başlayaraq, marketlərdə və köşklərdə pərakəndə satılan siqaretlərin qiyməti kəskin surətdə qalxıb.
Marketlərdən və köşklərdən siqaret alan mitinqçilər də açıq-aşkar görüblər ki, “LD” markalı siqaretlərin qiyməti 30 qəpik, “Sobranie” markalı siqaretlərin qiyməti 50 qəpik, “Kent”lərin qiyməti isə, 30-40 qəpik bahalaşıb. Satıcılar bunu topdansatış bazalarında qiymətlərin qalxması ilə izah ediblər.
Bu xəbərdən məyus olan mitinqçilər deyiblər ki, belə xəbərlərə ictimai etirazların, onsuz da, müsbət nəticəsi olmur: Neft, dizel yanacağı, yağ… kimi! Buna qarşı yeganə etiraz növü, “Siqaretə “YOX!” deyək!” kampaniyası təşkil etməkdir.
Əli HÜSEYN,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.