Qərbi Azərbaycan İcması hazırda ABŞ-ı təmsil edən erməni şahmatçı Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyib.
Bu barədə araz.az-a İcmadan məlumat verilib.
Bildirilib ki, “Artsax”, “Stepanakert” kimi qondarma toponimlərdən istifadə edən Levon Aronyan şahmat oynamağı öyrənsə də, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi öyrənməyib.
Levon Aronyan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, azərbaycanlıları Ermənistan ərazisində və vaxtilə işğal altında olmuş ərazilərdə etnik təmizləməyə məruz qoymasını, şəhərləri, kəndləri, məscidləri qəsdən dağıtmasını, talan və təhqir etməsini heç vaxt pisləməyib, əksinə özü kimi irqçi, daşnak təfəkkürlü soydaşlarına qoşularaq qürrələnib.
O, Ermənistanın keçmiş prezidenti, Vətən müharibəsi zamanı döyüşmək üçün işğal edilmiş ərazilərə gələn, az sonra biabırçılıqla Ermənistana qaçan Serj Sarkisyan Ermənistan Şahmat Federasiyasının prezidenti olarkən, ondan nə üçün Xocalıda mülki azərbaycanlı əhalinin soyqırımının təşkil olunmasında və törədilməsində iştirak etməsini soruşmayıb. Əgər Levon Aronyanda azacıq vicdan hissi varsa, hələ də gec deyil, o, Xocalı cəlladının bu əməlini pisləyə bilər.
Levon Aronyan bu ilin avqust ayında Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda iştirak etməmək qərarını “timsah göz yaşı tökərək” təhlükəsizliyi ilə “izah etmişdi”. Halbuki o, Azərbaycan torpaqları işğal altında olarkən, 2015-ci ildə Bakıda keçirilən turnirdə – özü də elə Dünya Kubokunda iştirak etmiş, hətta həvəslə şəkillər də çəkdirmişdi. Görünür, Azərbaycanın Vətən müharibəsində Qələbəsi Levon Aronyanı məyus edib.
Aronyan düşük şoulardan çəkinməli, diqqətini şahmat oynamağa yönəltməlidir. Əgər Levon Aronyanı həqiqətən də insan iztirabları narahat edirsə, onda o, Ermənistan hökumətini deportasiya edilmiş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı Qərbi Azərbaycan İcması ilə dialoqa çağırmalıdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.