“Prinsipcə hər bir xidmətə, işə zəhmət çəkilirsə, bu, pulsuz olmamalıdır”.
araz.az bildirir ki, bu sözləri Valyuta.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov son günlər bəzi bank müştərilərinin bankların onlara göstərdiyi sms xidmtələri üçün aylıq xidmət haqqı tutmasının səbəblərinə aydınlıq gətirərkən deyib.
Ekspert bildirib ki, doğrudur, bəzi banklar bu xidməti pulsuz göstərir, lakin bu, o demək deyil ki, onların buna vaxtı, səyi, xərclədiyi pulunun qarşılığı olmasın:
“Sadəcə bu pullar müştərilərdən başqa yollarla qazanılır, ona görə də bank sms xidmətindən pul tutmur, müştərini bu yolla cəlb edir. Bu qanunidir, bütün dünyada qəbul olunmuş prinsip budur ki, az və ya çox olmaqla istənilən xidmətə görə ödəniş olmalıdır”.
Əkrəm Həsənov deyib ki, ədalət nöqteyi nəzərindən də bu xidmətə görə haqq tutulması doğrudur:
“Tutaq ki, mən bank kartımda pul saxlayıram, bankda hesabatla bağlı vaxtaşırı məlumatlar verir. Siz gedib bankdan kredit alıb, onlara faiz ödəyirsiniz. Bank sizə də, mənə də xidmət göstərir. Azərbaycanda çox yayılıb ki, bank kredit alandan daha çox faiz tutur, bankda öz pulunu saxlayandan isə pul tutmur. Bəs bu nə deməkdir? Deməli, bank mənim xidmət haqqımı da sizin kreditinizdən tutur. Bu da ədalətli deyil. Belə çıxır ki, mənə xidmət pulsuz göstərilir, sizə isə yox”.
Ekspert qeyd edib ki, indi hamı kreditlər üzrə faizlərin çox olmasından şikayətlənir:
“Azərbaycan banklarında belə bir psixologiya var ki, “kredit alanın canı çıxsın, çox ödəsin, bankda pul saxlayandan isə pul tutmayım”.
Bu kredit faizlərinin çox olmasının səbəbi də bankın qeyri-kredit xidmətlərinin haqqını da kredit ödəyənlərdən tutmasıdır. Nəzərə almalıyıq ki, bank kimə xidmət göstərirsə, bu xidmətin haqqını hardansa bağlamalı və qazanc da əldə etməlidir. Bu səbəbdən də hər kəsə göstərilən xidmətə görə ayrıca ödəniş alınması doğrudur”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.