Ölkədə nüfuzlu təşkilatlardan biri kimi tanınan Bütöv Azərbaycan Ocaqları (BAO) da, son vaxtlar Qarabağ iqtisadi rayonunda erməni daşnak separatçıları tərəfindən törədilən genişmiqyaslı təxribatlarla bağlı etiraz Bəyanatı verib. Təşkilatın qəbul etdiyi və surətini araz.az-a da ünvanladığı bu siyasi etiraz sənədində, öncə, xüsusi olaraq aşağıdakılar vurğulanır: “Biz, Bütöv Azərbaycan Ocaqları olaraq, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələri birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması, onların bu hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, eləcə də hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə, Azərbaycanın Şanlı Ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli anti-terror tədbirlərinə yuksək səviyyədə dəstəyimizi ifadə edir, Qəhrəman Ordumuza keçirəcəyi bu istiqamətli bütün tədbirlərdə Böyük Zəfərlər arzulayırıq!”.
Bəyanatda sonra qeyd olunur ki, bir təşkilat olaraq,
Bütöv Azərbaycan Ocaqları (BAO), ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin edilməsi, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün, Azərbaycan Dövlətinin həyata keçirdiyi siyasəti hərtərəfli dəstəklədiyini bəyan edir. Həm də, elə, bunlara görədir ki, “Daim dövlətimizin və xalqımızın yanındayıq!” şüarını, BAO, yaydığı bu Bəyanatın əsas məğzini təşkil etdiyini xüsusi olaraq vurğulayır.
Bütöv Azərbaycan Ocaqları öz Bəyanatının sonunda,
xalqımızı, Vətən Müharibəsində olduğu kimi, bu şərəfli işdə də, həmrəyliyə, Azərbaycan Dövlət siyasətini hərtərəfli dəstəkləməyə çağırır.
Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.