“Azəri Light” markalı Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən ayın sonlarında 89 dollar idisə, bu gün 102,25 ABŞ dolları təşkil edib. Azərbaycan neftinin qiymətində günü-gündən artım müşahidə olunur. Kiçik də olsa, demək olar ki, hər gün artım qeydə alınır. Maraqlıdır, bu artım hansı həddə qədər davam edə bilər?
araz.az xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban Valyuta.az-a açıqlamasında bildirdi ki, neftin qiymətinin artmasına səbəb Rusiya və Səudiyyə Ərəbistanının dünya bazarına çıxardıqları neftin həcmini azaltmaqlarıdır: “Rusiya və Səudiyyə Ərəbistanı sentyabrda qlobal bazara gündəlik olaraq öz təşəbbüsləri ilə neft çıxarılmasını 1.3 milyon barel azaldıblar. Bu azalmanı ilin sonuna qədər davam etdirəcəklərini də dilə gətiriblər. Ona görə də, bazar iştirakçıları bu cür vəziyyətin inkişaf etməsindən ehtiyatlanır və daha çox “qara qızıl” almağa cəhdlər edirlər. Çünki düşünürlər ki, əgər indi “Brent” markalı neft 95 dollara satılırsa, qışda isitmə mövsümü başlayanda, enerjiyə tələb daha da artacaq və noyabrda qiymətlər daha yüksək olacaq. Buna görə də sentyabrın əvvəlindən dünya bazarında neft qiymətləri əvvəlcə 90, sonra 95 dollar həddini keçə bildi”.
Neft üzrə ekspert şərh etdi ki, “Azəri Light”la “Brent” markalı neftin qiymətləri arasında fərq çox nadirən indiki kimi olub: “Cəmi bir neçə ticarət sessiyası olub ki, “Azəri Light” “Brent” markalı neftdən 3 dollar baha olsun. Adətən, 1,5-2 dollar fərq olur. Bu gün isə “Brent”lə “Azəri Light” arasında 7 dollar fərq yaranıb. Deməli, xərclər də çoxalıb”.
İlham Şabanın sözlərinə görə neftin qiymətində artım hələ davam edəcək: “Dövlət Neft Fondu hesabatlarında ildə bir dəfə bütün xərclər çıxandan sonra mənfəət neftinin qiymətini açıqlayır. O qiymət daim göstərilən satış qiymətlərindən aşağı olur. İstənilən halda proqnozlar belədir ki, cari ilin dördüncü rübündə neftin qiyməti artıma doğru getməlidir. Bu da Azərbaycan üçün valyuta axınını artıracaq. Neftin qiymətinin hansı həddə qədər arta biləcəyini proqnozlaşdırmaq, dəqiq rəqəm demək çətindir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.