“Hesab edirəm ki, həmin körpünün açılması həm də gələcəkdə Zəngəzur dəhlizinin açılmasında geniş imkanlar yaradacaq, iqtisadi inteqrasiya və əlaqələr daha da güclənəcək”.
araz.az bildirir ki, bu sözləri Valyuta.az-a İqtisadi Sosial Araşdırmalar Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində tikiləcək yeni körpünün iqtisadi əhəmiyyətini şərh edərkən deyib.
Eyyub Kərimli qeyd edib ki, hələ 1991-ci ildə Heydər Əliyev Naxçıvanda hakimiyyətdə olarkən Türkiyə ilə Azərbaycan arasında “Ümid körpüsü” deyilən körpü inşa edildi:
“Bu körpünin Naxçıvanın 30 illik blokada da olması və bu blokadanın təsirlərinin azaldılması ilə bağlı çox böyük iqtisadi əhəmiyyəti var idi. Bundan əlavə körpü həm də Naxçıvanın Türkiyə ilə iqtisadi, siyasi əlaqələrinə çox böyük təsir etdi. Həmçinin ümumilikdə ölkə üçün də çox böyük təsirləri var idi. Belə ki, Naxçıvan üzərindən quru sərhədlə Türkiyəyə gediş-gəliş imkanları yarandı”.
İqtisadçı bildirib ki, bu körpü üzərində həm də dəmir yolu xətti çəkilməsi nəzərdə tutulur:
“Bundan öncəki körpü yalnız piyada keçidi üçün idi. Bu körpü isə Zəngəzur dəhlizinin əhəmiyyətini və tranzit imkanlarını genişləndirəcək. Sözsüz ki, bu da Şərq-Qərb istiqaməti üzrə dəhlizin fəaliyyətinin daha da genişləndirilməsinə və ordan keçən tranzit yüklərin həcminin daha da böyüməsinə böyüq iqtisadi təsir göstərəcək. Hazırda Türkiyə bizim iqtisadi əlaqələri olan əsas tərəfdaşlarımızdan biridir və hazırda bu ölkə ilə iqtisadi əlaqələrimiz 6 milyard dollar üzərindədir. Növbəti illərdə isə bu məbləğin 25 milyard dollara qədər artırılması nəzərdə tutulacaq”.
Qeyd edək ki, Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpü tikiləcək. Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.
Plana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə birgə 2024-cü ildə Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpünün tikintisinə dair təklif hazırlayacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.